“İmam”ın istəyi ilə evləndi, sonra isə... – Məhkəmədə şok ifadə

   “İmam”ın istəyi ilə evləndi, sonra isə... –   Məhkəmədə şok ifadə
  05 Oktyabr 2022    Oxunub:1164
Özünü 12-ci "İmam Mehdi" kimi təqdim edərək 40 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan Aqil Babayevin cinayət işi üzrə məhkəmə istintaqı davam edir.
AzVision.az xəbər verir ki, iş üzrə zərərçəkmiş kimi tanınmış Mehman Baxışzadə ilə bağlı istintaq materiallarında göstərilib ki, Mehman Baxışzadə ittiham olunan Aqil Babayevi "İmam Mehdi" kimi qəbul edib, ona ümumilikdə 10 min manat pul verib.

Bundan əlavə o, təqsirləndirilən şəxsin evlərinin tikintisində iştirak etsə də, zəhmət haqqını ala bilmədiyini deyib.

Zərərçəkmiş Aqil Babayevin sözü ilə birgə iki övladı olan həyat yoldaşından da ayrılıb: "İmam Mehdi söhbətlərinə görə həyat yoldaşım mənə gülürdü, bu barədə Aqilə danışandan sonra onun "şeytan" olduğunu deyərək ayrılmağı tövsiyə etdi. Bundan sonra həyat yoldaşımdan ayrılıb Aqilin sözü ilə başqası ilə evləndim. Kəbinimizi də o kəsdi. Bu evlilikdən bir qız övladımız dünyaya gəldi. Amma bir müddət keçəndən sonra həyat yoldaşımın “İmam Mehdi” ilə sevgi münasibətlərini əks etdirən məktublar tapdım. Oxuduqlarımı həzm edə bilməyib həyat yoldaşımdan ayrıldım. Amma Aqil Babayevin özünə bu haqda heç nə demədim. Əksinə, onunla münasibətləri davam etdirib əvvəlki kimi zəkat verməyə davam elədim. Bu proses o, həbs olunana qədər davam elədi” - deyə o, bildirib.

Mehman Baxışzadə üçüncü dəfə başqa qadınla evləndiyini, bu günə kimi də onunla birlikdə yaşadığını bildirib. İstintaq zamanı məlum olub ki, illərlə "İmam Mehdi"yə hər ay pul verdiyini iddia edən Mehman Baxışzadə birgə nikahdan dünyaya gələn qızına aliment vermədiyi üçün məhkəməyə verilib.

Zərərçəkmişin keçmiş həyat yoldaşı aliment tələbi ilə Xətai Rayon Məhkəməsində iddia qaldırıb. İddia ərizəsində Mehman Baxşızadənin övladının xərclərini ödəmədiyi, məcbur olub məhkəməyə müraciət etdiyi qeyd olunub.

Keçmiş həyat yoldaşı məhkəmədən aylıq 500 manat məbləğində aliment kəsilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş edib.

Mehman Baxşızadə məhkəmədə tikinti şirkətlərindən birində aylıq 300 manata usta işlədiyini deyərək, başqa uşaqlarına da baxmasını nəzərə almağı xahiş edib. Qərara əsasən, onun üzərinə aylıq 193 manat aliment ödəmək öhdəliyi qoyulub.

Xatırladaq ki, 2 milyon 500 min manat pulu dələduzluqla ələ keçirməkdə təqsirləndirilən Aqil Babayev “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olub.




AzVision.az





Teqlər:





Xəbər lenti