Prokurorluq: "Videogörüntülər saxtadır"

    Prokurorluq:    "Videogörüntülər saxtadır"
  06 Oktyabr 2022    Oxunub:1398
"Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində yayılmış Azərbaycanın hərbi qulluqçularının döyüş əməliyyatları zamanı həlak olmuş erməni hərbçilərinin meyitləri üzərində təhqiredici hərəkətlər etmələrini, habelə əsir götürülmüş erməni hərbçiləri ilə qeyri-insani rəftarını əks etdirən videogörüntülər Azərbaycan Respublikasının Baş Prokurorluğu və Hərbi Prokurorluq tərəfindən təhlil edilərək öyrənilmiş, bəzi videoçarxların saxta olması müəyyən edilsə də, bəzilərinin doğru olmasına və reallığı əks etdirməsinə ciddi şübhələr yaranıb".
AzVision.az xəbər verir ki, bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərov Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqdə çıxışı zamanı deyib.

"İstintaqla Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət aparan 2 hərbi qulluqçunun Zəngilan rayonu ərazisində döyüş əməliyyatları zamanı öldürülmüş erməni hərbi qulluqçularının meyitlərinin üzərində təhqiredici hərəkətlərə yol vermələrinə, etdikləri hərəkətləri smartfon tipli mobil telefonla videoqeydə alıb sosial şəbəkələr vasitəsilə digər şəxslərə göndərmələri, həmçinin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsinin 2 hərbi qulluqçusunun Xocavənd rayonunun Mədətli kəndi ərazisində yerləşən qəbiristanlıqda ermənilərə məxsus qəbir daşlarını dağıtmaqla üzərlərində təhqiredici hərəkətlərə yol vermələrinə,  etdikləri hərəkətləri smartfon tipli mobil telefonla videoqeydə alıb sosial şəbəkələr vasitəsilə digər şəxslərə göndərmələri faktları ilə bağlı istintaq aparılmış, 4 nəfər şəxsin təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həmin şəxslər barədə cinayət işlərinin istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün hərbi məhkəmələrə göndərilmiş, həmin şəxslər məhkəmə hökmləri ilə məhkum ediliblər.

Azərbaycan Respublikası Baş prokurorluğu tərəfindən yuxarıda qeyd olunan hadisələr üzrə  cinayət işlərinin başlanaraq təqsirkar şəxslərin  məsuliyyətə cəlb edilməsi və digər şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirlərinin davam etdirilməsi barədə bir neçə dəfə rəsmi məlumat verilməsinə baxmayaraq, qarşı tərəfdən Azərbaycan hərbi qulluqçularına qarşı törədilmiş cinayət hadisələri, bununla bağlı social şəbəkələrdə yayılmış video və foto materiallarla bağlı bağlı hər hansı bir açıqlama verilməməsi  onu təsdiq edir ki, bu cinayətlər Ermənistan hüquq mühafizə orqanları tərəfindən araşdırılmır və Ermənistan rəhbərliyinin bundan sonra da siyasi iradə nümayiş etdirməyərək cinayət törətmiş şəxslərin cəzalandırılması istiqamətində hər hansı bir addım atmaq niyyəti yoxdur. 

Azərbaycan Respublikası Baş prokurorluğu tərəfindən döyüş əməliyyatları zamanı həlak olmuş Azərbaycan hərbi qulluqçularının  meyitləri üzərində təhqiredici hərəkətlər, əsir düşmüş azərbaycanlı hərbçiləri ilə qeyri-insanı rəftarı əks etdirən video görüntülər, mülki Azərbaycan vətəndaşlarının öldürülməsi və onlara xəsarət yetirilməsi faktları ilə bağlı Ermənistan hüquq mühafizə orqanları tərəfindən  tədbir görülməsi, üzərinə düşən beynəlxalq öhdəliklərin yerinə yetirilməsi, cinayət faktları üzrə açıq və ədalətli araşdırma aparılması üçün beynəlxalq təşkilatlara müraciət edilib"-deyə, o bildirib.

Şəhanə Rəhimova
AzVision.az


Teqlər:





Xəbər lenti