2023-cü ilin büdcə layihəsi nəyi göstərir – TƏHLİL

   2023-cü ilin büdcə layihəsi nəyi göstərir –    TƏHLİL
  08 Oktyabr 2022    Oxunub:4006
2023-cü ilin dövlət büdcəsinin layihəsi artıq parlamentə təqdim olunub. Əsas parametlərə baxsaq, büdcənin gəlirləri 30,7 milyard, xərcləri isə 33,3 milyard manat proqnozlaşdırılır. Bu, Ümumi Daxili Məhsulun 31,5 faizi deməkdir. Büdcə kəsirinin ÜDM-ə nisbəti isə 2,4% təşkil edir.
Xərclərin strukturuna baxsaq, ölkəmizin müdafiə potensialının möhkəmləndirilməsi üçün 5,3 milyard manat nəzərdə tutulub. Müqayisə üçün deyim ki, bu il müdafiə və milli təhlükəsizliyin təminatı xərcləri 5 milyard 85 milyon manat idi. Yəni ilkin olaraq 235 milyon manat və ya 4,6 faiz artım var.

Bu, əlbəttə, indiki mürəkkəb şəraitdə zəruri olmaqla yanaşı, həm də bəzi qüvvələrə mesaj xarakteri daşıyır. Nəzərə almaq lazımdır ki, Ermənistan da hərbi xərclərini artırıb, ona görə, Azərbaycan aradakı fərqi qorumaq üçün bunu etməli idi. Bütün hallarda, İrəvanın Bakı ilə silahlanma yarışına çıxmaq imkanı yoxdur.

Son illərdə Azərbaycanın bütün büdcələri sosial xarakterli olublar, bu dəfə də istisna deyil. 2023-cü il üzrə dövlət büdcəsinin sosial yönümlü xərclərində bu illə müqayisədə 9,2% artım var. Ümumilikdə sosial xərclərin həcmi büdcənin 40 faizinə yaxındır.

Unutmaq olmaz ki, gələn il bütün dünya üçün ağır keçə, planet müxtəlif xarakterli böhranlarla üzləşə bilər. Ayrı-ayrı ölkələri gözləyən əsas təhlükələrdən biri ərzaq qıtlığı ilə bağlıdır. Azərbaycan mümkün qədər ərzaq idxalından asılılığını azaltmağa çalışmalıdır. Görünür, bu risklər nəzərə alındığından, gələn ilin büdcəsində kənd təsərrüfatının inkişafı üzrə xərclər cari illə müqayisədə 20,5% artırılıb. Bu, ciddi rəqəmdir.
Həmin vəsaitlə gələn il kənd təsərrüfatında 40 tədbiri əhatə edən 7 proqramın həyata keçirilməsi nəzərdə tutulub. Hökumətin ərzaq təhlükəsizliyi probleminə bu cür ciddiyyətlə yanaşması yaxşı haldır.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, Böyük Qayıdışın təmin edilməsi üçün 3 milyard manat nəzərdə tutulub.
2023-cü il büdcəsində neftin qiyməti 50 dollardan götürülüb.

Büdcə gəlirlərinin 53 faizi (16 milyard 297 milyon manatı) neft sektorunun, 47 faizi (14 milyard 423,7 milyon manatı) qeyri-neft sektorunun payına düşəcək. Göründüyü kimi, neft ilə qeyri-neftin pay bölgüsü tədricən 50:50 nisbətinə yaxınlaşır. Burada başqa bir maraqlı məqam da var: büdcə artır, amma neft fondundan transfert azalır. Gələn il Dövlət Neft Fondundan büdcəyə 11 milyard 280 milyon manat transfert həyata keçiriləcək. Keçən il bu rəqəm 12 milyard 200 milyon manat idi. Bu il əvvəlcə 12 milyard 710 milyon manat nəzərdə tutulsa da, sonradan 11 milyard 517 milyon manata endirildi. Faiz nisbəti ilə baxsaq, bu il büdcənin 39,4%-i ARDNF-dən transfert idisə, gələn il 36,7%-ə düşəcək. Artıq büdcənin artımı real olaraq qeyri-neft sektorunun hesabına baş verir.

2019-cu ildən həyata keçirilən vergi-fiskal siyasətindəki dəyişiklər və islahatlar da nəticəsini göstərir. Gələn il Dövlət Vergi Xidmətinin xəttilə büdcəyə 13 milyard 402 milyon manat vəsaitin daxil olacağı proqnozlaşdırılıb. Bu, büdcə gəlirlərinin 43,6 faizi, ÜDM-in 2,7 faizi deməkdir. Gömrükdən isə 4 milyard 750 milyon manat (büdcə gəlirlərinin 15,5 faizi) gələcək.

Bu müsbət tendensiyalar davam etməlidir. Onun üçün iqtisadiyyatda keyfiyyət dəyişiklikləri davam etdirilməli, islahatlar daha da dərinə işləməlidir.

Sözsüz ki, büdcənin təhlil olunmalı parametrləri çoxdur. Növbəti yazılarda onlara da toxunacağıq.

Əlibala Məhərrəmzadə
İqtisadiyyat elmləri doktoru, professor
Ukrayna Ticarət Evinin direktoru



Teqlər: Büdcə  





Xəbər lenti