“Süni qiymət artımının qarşısı alınacaq”

“Süni qiymət artımının qarşısı alınacaq”
  06 May 2014    Oxunub:1011
“Satılan dərman preparatlarının qiyməti onların həqiqi dəyərindən xeyli yüksəkdir”.
Baş nazirin müavini Əli Əhmədov son günlər doğuş zamanı baş verən ana-uşaq ölümlərinə münasibət bildirib.

AzVision.az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Baş nazirin müavini Əli Əhmədov bildirib. O qeyd edib ki, bu kimi hallar araşdırılır:

“Biz buna təəssüflənirik. Belə şeylər olmamalıdır, amma həyatdır, görünür bizim istəyimizdən asılı olmayaraq belə şeylər baş verir. Bu hallar araşdırılır, qarşısını almaq üçün müvafiq tədbirlər görülür. Belə hal diqqətdən kənarda qalmır”.

Ə.Əhmədov vurğulayıb ki, bu gün prezidentin tələbi ondan ibarətdir ki, Azərbaycanda səhiyyə xidmətinin keyfiyyəti yaxşılaşdırılsın: “Bu cür ana-uşaq ölümlərinin qarşısı kəskin surətdə alınsın, belə şeylər baş verməsin. Hər bir Azərbaycan vətəndaşının yüksək tibbi xidmət almaq hüququ var. Bu hüququn təmin olunması istiqamətində işlər görülüb, infrastruktur yenilənib, dünya standartlarına uyğun xəstəxanalar tikilib istifadəyə verilib. Həkimlərin peşəkarlıq səviyyəsi yüksəlib o səviyyəyə çatmalıdır ki, Azərbaycandan kənara müalicəyə gedənlər olmasın”.

Baş nazirin müavini dərmanların qiymətinin süni artırılmasından da danışıb. Əli Əhmədov qeyd edib ki, bu, çox aktual məsələdir: “Satılan dərman preparatlarının qiyməti onların həqiqi dəyərindən xeyli yüksəkdir. Bu bəzi dərman satanların vəziyyətdən sui-istifadə etməsinin nəticəsidir. Biz bunu aradan qaldırmağa çalışırıq”.

Ə.Əhmədov həmçinin qeyd edib ki, Səhiyyə Nazirliyi ilə İqtisadi İnkişaf Nazirliyinin Nazirlər Kabinetinə dərman preparatlarının qiymətlərinlərinin azaldılması ilə bağlı birgə müraciəti üzərində iş aparılır: “Hesab edirik ki, Azərbaycanda satılan dərman preparatları çox da baha olmamalıdır. Digər tərəfdən isə Azərbaycanda real bazar münasibətləri mövcuddur. Apteklər də, dərman gətirənlər də, dərman ticarəti ilə məşğul olanlar da bazar münasibətləri çərçivəsində fəaliyyət göstərirlər. İndi bizim məqsədimiz ondan ibarətdir ki, bir tərəfdən azad bazar münasibətlərinin pozulması baş verməsin, ikinci tərəfdən isə dərmanlaırn qiymətləri süni şəkildə şişirdilməsin. Azərbaycan vətəndaşlarının büdcəsinə dərman alması ilə bağlı böyük xərclər düşməsin. Bunun yolları axtarılır, gümna edirəm ki, tapılacaq. Yaxın zamanlarda hesab edirəm ki, dərmanla bağlı süni qiymət artımının qarşısı alınacaq”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti