Müdafiə Nazirliyindən xəbərdarlıq: "Ərazilərimizdə yaşayan ermənilər bizi əsəbiləşdirməsinlər"

“Azərbaycan torpaqlarında Ermənistanın hərbi cinayətləri” mövzusunda çıxış edən Elşad Əbilov qeyd edib ki, torpaqlarını azad etməklə Azərbaycan Ermənistanın hərbi cinayətlərinə cavab verdi: “Bu zaman heç bir beynəlxalq konvensiyanın tələbləri pozulmayıb. 30 il işğal altında şəhərlərimiz, kəndlərimiz, ütün infrastruktur dağıdılıb”.
Elşad Əbilov qeyd edib ki, 44 günlük Vətən Müharibəsindən sonra Ermənistanın təxribatlarına da layiqli cavab verilib, Azərbaycan Ordusu yenə öz gücünü göstərib: “Düşmən bizə mina xəritələrini təqdim etmir, etdikləri xəritələr də tam tələblərə cavab vermir. Vətən Müharibəsindən sonra Azərbaycan Ordusunun istehkamçıları 27 590 hektar sahədə 21 573 ədəd mina və partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Bu dövrdə mina partlayışları nəticəsində 8 hərbçimiz həlak olub, 85 hərbçimiz yaralanıb”.
Laçın və Kəlbəcərdə 44 günlük Vətən Müharibəsindən sonra yeni basdırılmış minaların aşkarlandığını söyləyən Elşad Əbilov nəzərə çatdırıb ki, Fərrux və Edilli kəndlərində aşkarlanan kütləvi qəbiristanlıqlar Ermənistanın hərbi cinayətlərini təsdiq edir: “Əminik ki, yeni kütləvi məzarlıqlar da aşkarlanacaq, çünki Birinci Qarabağ müharibəsində 4 minə qədər vətəndaşımız itkin düşüb”.
Polkovnik vurğulayıb ki, Azərbaycan Ordusu Ermənistanın, hər hansı dövlətin suverenliyimizə, ərazi bütövlüyümüzə qarşı hər hansı addımına qətiyyətlə cavab verməyə hər an hazırdır:
“Ərazilərimizdə yaşayan ermənilər də əgər Azərbaycan dövlətinin vətəndaşlığını qəbul edib, yaşamaq istəyirlərsə, bundan sonra hər hansı təxribat törətməsinlər, bizi əsəbiləşdirməsinlər. Əgər belə hal olacaqsa, Azərbaycan Ordusunun qətiyyətli reaksiyasını görəcəklər”.(APA)
AzVision.az
Teqlər: