“Bu, əslində hələ Şuşa azad olunmamışdan əvvəl məndə yaranan ideya idi. Ancaq Şuşa işğalda olduğu üçün arzu olaraq qalırdı. Düşünürdüm ki, Şuşaya gedərəm və köhnə video ilə birgə nəsə hazırlayaram.
Çətinliklə bilet tapdım və oktyabrın 2-si Şuşaya getdim. Səfərdən öncə Bakıdan anamın səhənginə bənzəyən kuzə aldım, onu xəlvətcə evə gətirib saxladım. Şuşaya gedərkən özümlə götürdüm. Anamın isə belə süprizdən xəbəri yox idi.
Beləliklə, Şuşaya çatdım və bu görüntüləri çəkdik. Bu məsələdə iş yoldaşım mənə kömək etdi. Evə qayıdanda yeni görüntülərlə 46 il öncəki ilə birləşdirib “Anam və mən” adlı video hazırladım.
Anam çəkdiklərimi görüb çox kövrəldi. Uşaqlıq dövrünə qayıtdı...1976-cı ildə Şuşada sənədli film çəkilirmiş, anam səhənglə gəlib Xan qızı bulağından su doldurub. Bu an rejissor onu görüb bəyənib. Bir neçə dəfə anama məşq etdiriblər ki,” gəl səhənglə su doldur çəkək”. O, aktrisa deyil, ancaq çox təkliflər olunub ki, uşaq kinolarına çəkilsin. Amma babam evin tək qızı olduğuna görə icazə verməyib”.
Türkan xanım anası kimi piano müəlliməsidir. O həm də həvəskar modolyer-dizaynerdir. Tezliklə anasını da Şuşaya aparmaq və oranı gəzdirmək niyyətindədir.




Şahanə Rəhimli
AzVision.az