Bəxtiyarın bu gün 7 yaşı var və o, artıq məktəbə gedir. Hazırlıqda olduğu üçün özü ilə danışa bilmədik. Atası Elnur Heydərovla iki il əvvəl baş verənləri xatırladıq.
- Axşam yatdıq və birdən raketin zərbəsinə oyandıq. Hər tərəf qapqara idi. Raketin düşməsi ilə həyatımız qaranlığa qərq oldu. Şükürlər olsun ki, ailəm o dağıntılar altından sağ çıxdı. İki övladım var. Bəxtiyar həmin gün gülümsəməsi ilə yaddaşlara həkk olundu. Bacısına da dəstək oldu. Qızım qorxmuşdu. Bəlkə Bəxtiyar da qorxmuşdu, amma qorxsaydı, gülməzdi...
Atası deyir ki, Bəxtiyarın siması Azərbaycan xalqının qorxmazlığının simvoludur. Bütün dünya Bəxtiyarın təbəssümündə həm də Azərbaycan xalqının sınmaz iradəsini, mərdliyini gördü:
- Bəxtiyar o günləri tez-tez yada salır. Uşaqdır, evimizi, oyuncaqlarını xatırlayır. Dağıntılar altından necə xilas olmağını deyir. O məşhurlaşması ilə fəxr edir və özünü gələcəyin general Polad Həşimovu kimi görmək istəyir...
Elnur Heydərov da raketin düşdüyü yerə, köhnə evlərinə tez-tez gedir, keçmişi yada salır.
Qeyd edək ki, düşmənin çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində həmin gecə 4-ü qadın olmaqla 9 nəfər şəhid olub, 35 nəfər yaralanıb. Daha sonra yaralananlardan biri də xəstəxanada vəfat edib.
Hadisədə bir ailənin bütün 3 üzvü (ata, ana, 30 yaşlı oğul ), ikinci ailənin 3 üzvü (nənə, ata, ana) həlak olub. Həmin ailədən yeganə azyaşlı qızcığaz nişan qalıb. Üçüncü ailənin iki üzvü (ana və ata) həlak olub, həmin ailənin 14-15 yaşlarında iki övladı sağ qalıb, dördüncü ailədən 53 yaşlı xanım həlak olub, beşinci ailədən 62 yaşlı atanın həyatına son qoyulub.

Aytən Zəhra
AzVision.az