Məhkəmə-Hüquq Şurasının iclası keçirilib

Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
  12 Oktyabr 2022    Oxunub:939
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib.
Şuradan bildiriblər ki, iclasda dövlət başçısının 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması böyük məmnuniyyətlə vurğulanaraq bu mühüm tarixi qərarın Heydər Əliyev irsinin öyrənilməsi və təbliği baxımından müstəsna əhəmiyyəti qeyd olunub, qarşıda duran vəzifələr müəyyən edilib. İclasda çıxış edən Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov müasir müstəqil dövlətimizin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin Azərbaycan tarixində misilsiz rolundan, onun keçdiyi ibrətamiz həyat yolundan bəhs edib.

Milli dövlətçiliyimizi məhv olmaq təhlükəsindən xilas edən dahi öndərin bilavasitə rəhbərliyi ilə ictimai həyatın bütün sahələrində köklü islahatların həyata keçirilməsi, demokratik hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması, azərbaycançılıq ideologiyasının formalaşdırılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanması vurğulanıb.

Bildirilib ki, müasir hüquq sistemimizin formalaşması və inkişafı dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin müəllifliyi ilə ilk milli Konstitusiya qəbul olunaraq bütün sahələrdə islahatlar aparılması üçün müvafiq komissiyalar yaradılıb. Hüquqi islahatlara müstəsna əhəmiyyət verən dahi öndər bu məqsədlə yaradılan Hüquqi İslahat Komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürüb.

Hüquq sistemimizin mahiyyətini müəyyən edən tam yeni mütərəqqi qanunların qəbulu, insan haqlarının müdafiəsinə daha etibarlı təminat verən üçpilləli müstəqil məhkəmə sisteminin yaradılması və digər mütərəqqi tədbirlər Ulu Öndərin misilsiz fəaliyyətinin təzahürü olub. 2000-ci ildə dövlətçilik tariximizdə ilk dəfə olaraq hakimlərin şəffaf prosedurlar əsasında, o cümlədən test üsulu ilə seçkisi aparılaraq hakim korpusu 60 faiz təzələnib.

Ümummilli Liderin xalqımız qarşısındakı ən böyük xidmətinin özünün siyasi varisini ərsəyə gətirməsi olduğunu diqqətə çatdıran Şuranın sədri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müasir Azərbaycanımızı qüdrətli dövlətə çevirdiyini, Vətən müharibəsində parlaq Qələbəmizlə doğma torpaqlarımızı işğaldan azad etməklə Ulu Öndərin ən ümdə vəsiyyətini şərəflə yerinə yetirdiyini vurğulayıb.

Dahi liderin mütərəqqi ideyalarının və zəngin irsinin yaşadılmasında və geniş təbliğində respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun mühüm xidmətləri xüsusi qeyd olunub.

Şurada təməli Ümummilli Lider tərəfindən qoyulmuş mütərəqqi məhkəmə-hüquq islahatlarının dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə müasir çağırışlara uyğun dərinləşdirilərək kompleks tədbirlər görüldüyü bildirilib.

AzVision.az



Teqlər:





Xəbər lenti