"Əmlak bazarında - istər köhnə tikililər, istərsə yeni binalardakı mənzillərdə qiymət artımı müşahidə olunur. Amma yeni tikililərdə qiymət artımı köhnə tikililərlə müqayisədə daha çoxdur. İlin əvvəli ilə müqayisədə yeni tikililərin qiymətində təqribən 25-30 faiz artım olub. Köhnə tikililərdə isə bu 20 faiz ətrafındadır".

R.Osmanlı qeyd edib ki, paytaxtın mərkəz hissələrində - birinci zona olaraq "Sahil, İçərişəhər" metrostansiyaların ətrafı, Bayıl ərazisinin dənizə baxan yerində yerləşən binalardakı mənzillərin 1 kvadrat metrinin qiyməti minimum 3500 manatdan başlayır və 8000 manata qədər dəyişir.
- İçərilərə doğru keçdikcə mənzillərin 1 kvadrat metrinin qiyməti metronun "28 May", "Elmlər Akademiyası", "Gənclik" stansiyalarına yaxın yerlərdə 2700-2800 manat, "Nərimanov" stansiyasının yaxınlığında 1700-2300 manat, "Xətai stansiyasının ətrafında isə 2000-2500 manat arasında dəyişir. Yasamal rayonun şəhərə yaxın ərazilərində mənzillərin 1 kvadrat metrinin qiyməti 1700-2400 manat civarındadır, deyə R.Osmanlı əlavə edib.
Həyət evlərində də qiymət artımları müşahidə olunur. R.Osmanlı bunun səbəbinin torpağın qiymətinin sürətlə bahalaşması ilə əlaqələndirib. Onun sözlərinə görə, burada da təqribən 15-20 faizlik artım müşahidə olunur.
Ekspert bildirib ki, mənzillərin qiymətinin artımı bilavasitə tikinti materialları bazarındakı qiymət artımı ilə bağlı deyil. Hər bir halda ümumi xərclərin portfelində tikinti materiallarının hardasa 5-6 faizlik artım payı var.
- Mənzillərin satış qiymətindəki artım son deyil. Müşahidə olunan tendensiya, eyni zamanda iqtisadi reallıqlar və makroiqtisadi amillər bütövlükdə daşınmaz əmlak bazarı üçün yaxın gələcəkdə hələki artım vəd edir. Qiymətlərin stabilləşmə və ya mənfiyə doğru dəyişməsi fonunda hələki hər hansı tendensiya yoxdur, deyə R. Osmanlı əlavə edib.
Kirayə mənzil bazarındakı vəziyyətə toxunan ekspert bildirib ki, sentyabr ayının sonuna qədər yalnız daha çox tələbə və aztəminatlı təbəqənin tələblərinə cavab verən mənzillərdə artım müşahidə olunurdusa, hal- hazırda bahalı mənzillərin də kirayə qiymətlərində yüksəlmə var.
Aytən Zəhra
AzVision.az