
Qeyd olunub ki, Xınalıq kəndində özünəməxsus memarlıq üslubu və coğrafi mövqeyi ilə seçilən 200-ə yaxın evin 155-i kəndin qədim hissəsində yerləşməklə ənənəvi üsulla tikilib. Ümumilikdə ən təhlükəli vəziyyətdə olan 60 evin təmir və bərpası ilə bağlı layihələndirmə işləri aparılıb. 2020-2021-ci illərdə qəzalı vəziyyətdə olan 16 evin təmir-bərpa işləri aparılıb, onların bünövrə və divarları gücləndirilib. Uçma təhlükəsi olan divarlar sökülərək yenidən tikilib, dam örtükləri sökülərək yerli tipologiyaya uyğun yenidən qurulub, qapı və pəncərələr yenilənib.
Növbəti mərhələdə daha 44 evin təmiri ilə bağlı qərar verilib. Hazırda 12 evin əsaslı şəkildə təmir və bərpası aparılır. Gələn il hava şəraiti imkan verdiyi aylarda daha 32 evin təmir-bərpa işləri aparılacaq.
2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılan “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya qoruğu 2001-ci ildə Azərbaycanın “Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri” siyahısına, 2007-ci ildə isə Dünya Abidələr Fondunun siyahısına daxil edilib.
Həmçinin 2022-ci ilin fevralında Dövlət Turizm Agentliyi tərəfindən “Xınalıq Mədəni Landşaftı və Köç yolu” adlı nominasiya sənədi hazırlanaraq YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün YUNESKO-nun Dünya İrs Komitəsinə təqdim edilib.
Nominasiya sənədində yay və qış otlaqlarındakı mövsümi həyat tərzinə aid qeyri-maddi mədəni irs, o cümlədən həmin otlaqlar arasında gediş-gəliş üçün köç yolundan əsrlər ərzində istifadə edilməsi nəticəsində yaradılmış maddi-mədəni irs elementlərin (türbələr, qəbiristanlar, körpülər və s.) müstəsna ümumbəşəri dəyərə malik olması vurğulanır.
Qeyd edək ki, Dövlət Turizm Agentliyi tərəfindən tabeliyindəki qoruqlarda aparılan bərpa və yenidənqurma işlərinin məqsədi turizm potensialı olan kəndlərdə “turistik kənd” konsepsiyasına uyğun olaraq turizm infrastrukturunun təkmilləşdirilməsi və əhalinin məşğulluğunun artırılması məqsədilə zəruri resursların təmin edilməsinə töhfə verməkdir.
AzVision.az