"Oğlumun "ata, kömək et" sözlərini eşitdim" - Gəncə terrorunda yaxınlarını itirən Rövşən

  "Oğlumun "ata, kömək et" sözlərini eşitdim"  - Gəncə terrorunda yaxınlarını itirən Rövşən
  17 Oktyabr 2022    Oxunub:1607
2020-ci ilin oktyabrın 16-sı axşam saatları...Gəncə şəhəri Muxtar Hacıyev, ev 18 ünvanında Əsgərovlar ailəsində son dəfə uşaqların gülüş səsləri ətrafa yayılır. Olacaqlardan xəbərsiz ailə şirin söhbətlər edir, gələcəklə bağlı planlar qurur, sabaha böyük ümidlərlə yuxuya gedirlər. Lakin mənfur düşmənin oktyabrın 17-si gecəsi saat 1 radələrində atdığı raketlə onlar əbədi yuxuya qərq olurlar.
İki il əvvəl bu gün Ermənistan ərazisindən Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə raket hücumu nəticəsində bir ailənin 5 üzvü - Əsgərov Süliddin İsmayıl oğlu (1948), Əsgərov Bəxtiyar Süliddin oğlu (1980), Əsgərova Nigar Azər qızı (2005),Talıbova Sevil Süliddin qızı (1982) və onun 10 aylıq körpəsi Narin dünyasını dəyişib.

Dəhşətli faciədə 5 şəhid verən Rövşən Əsgərovlə həmin gecə barədə danışdıq.

- Həmin gecə atamgildə bacımın uşaqlarını oynadırdıq, deyirdik, gülürdük. O bizim son gülüşümüz, son oynamağımız oldu.Yuxuda olarkən belə faciə yaşandı.Bir göz qırpımında hadisə baş verdi. Həmin gecə yanımda qalan oğlumun "ata, kömək et" sözlərini eşitdim. Qonşunun qışqırtısından sonra artıq evimizin səmtini belə tapa bilmədim. Dağıntılar altından çıxarılanda kiminsə sağ qalacağına inanmırdım. Bilmirdim ailəmdən kimsə qalıb, ya yox. Hər şey mənə yuxu kimi görsənirdi. Bir gecədə 72 yaşlı atamı, 40 yaşlı qardaşımı, 38 yaşlı bacımı, 10 aylıq və 15 yaşlı bacım qızlarını itirdim. 40 mərasiminə qədər hələ çox şeyi anlaya bilmirdim,- deyən R.Əsgərovun hadisədən əvvəl kiçik oğlu, həyat yoldaşı, bacısı, qardaşının həyat yoldaşı və 2 uşağı Şəmkirin Dəllər Cəyir kəndinə gedib.



- Raket atılan vaxtı evdə 8 nəfər idik. Anam, mən və böyük oğlum o dağıntıların altından sağ çıxdıq. Özüm yüngül zədələrlə qurtulsam da, anamla oğlum xəstəxanaya yerləşdirilmişdilər.

Bir ailədən 5 nəfərin şəhid olması çox ağırdır. Bu gün onların ikinci il dönümünü kirayədə qeyd etdik. Sabah bacım qızının 17 yaşını qeyd edəcəyik. İki ildir onsuz doğum gününü qəbirüstündə keçirdirik. Onlar daim bizim ürəyimizdədirlər".

R.Əsgərov deyir ki, Gəncəyə atılan əvvəlki raket hücumlarından sonra vəhşi ermənilərin yenidən şəhərə raket zərbəsi endirəcəklərini gözləmirdilər:

"Amma mənfur düşmən hər yola əl atar. Biz düşünməzdik ki, erməni eyni vəhşiliyi təkrarlayar. Bilsəydim ailəmi, bacımın uşaqlarını çıxardardım. Uşaqların nə günahı var idi? Biz o faciələri görsək də, qorxmadıq. Öz evimizdə qaldıq.

İndi o dağıntıların yerində yeni evlər tikilir. Düzdür, hələ tikilib başa çatmayıb. Bu gün biz orada olduq. O anları yenidən yaşamaq çox çətindir",- deyə o əlavə edib.



Qeyd edək ki, oktyabrın 17-də gecə saatlarında Gəncə şəhərinə “SCUD” (“Elbrus”) ballistik raketinin atılması nəticəsində 5-i qadın, 6-sı uşaq olmaqla 15 nəfər həlak olmuş, 29-u qadın, 19-u uşaq olmaqla 79 nəfər yaralanıb, o cümlədən yaşayış evləri və digər tikililərə külli miqdarda ziyan dəyib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti