"Azərbaycanın keçdiyi ağır yol nümunə kimi qəbul edilə bilər"

   "Azərbaycanın keçdiyi ağır yol nümunə kimi qəbul edilə bilər"
  19 Oktyabr 2022    Oxunub:782
"Ölkəmizin münaqişə və post münaqişə dövründə keçdiyi ağır və keşməkeşli yol, göstərdiyi əzmkarlıq və eləcə də əldə etdiyi təcrübə nümunə olaraq qəbul edilə bilər".
AzVision.az xəbər verir ki, bunu İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ombudsman Aparatının 20 illiyinə həsr olunmuş Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib. Onun sözlərinə görə, işğaldan azad edilən ərazilərin bərpası və milli iqtisadiyyata sürətli inteqrasiyası, layiqli yaşayış şəraitinin yaradılması və dayanıqlı inkişafın təmin olunması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.

"Ombudsman olaraq, minalanmış ərazilərin dəqiq xəritələrinin ölkəmizə təhvil verilməsi ilə bağlı dəfələrlə beynəlxalq təşkilatlara müraciət etməyimizə baxmayaraq, təəssüf ki, Ermənistan hökuməti hələ də bu istiqamətdə hər hansı bir addım atmayıb. Əksinə beynəlxalq səviyyədə heç bir təzyiqə məruz qalmadığından daha da ruhlanaraq Azərbaycanın BMT tərəfindən tanınmış və hazırda işğaldan azad edilmiş ərazilərində təxribat-diversiya qrupları vasitəsilə minalama prosesini davam etdirməkdədir.

Qeyd olunan beynəlxalq hüquq pozuntuları ilə bağlı istər müharibə, istərsə də post-müharibə dövründə tərəfimizdən dəfələrlə beynəlxalq ictimaiyyətə müraciətlər edilib, toplanmış faktlar əsasında hesabat, müraciət və bəyanatlar hazırlanmış, müvafiq beynəlxalq təşkilatlara göndərilib".

S.Əliyeva qeyd edub ki, uzun illərdir hüquqları pozulan keçmiş məcburi köçkünlərimizin işğaldan azad olunmuş öz ata-baba yurdlarına qayıtması, orada tamamilə məhv edilmiş infrastrukturun və ekosistemin bərpası, əlverişli biznes mühitinin yaradılıb inkişaf etdirilməsi üçün uzun zaman və külli miqdarda maliyyə vəsaiti lazımdır.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti