Nazirliyin yeni qərarı ilə məktəblərdə nə dəyişəcək? - AÇIQLAMA

  Nazirliyin yeni qərarı ilə məktəblərdə nə dəyişəcək? -    AÇIQLAMA
  19 Oktyabr 2022    Oxunub:1334
Elm və Təhsil Nazirliyinin yeni qərarı ilə artıq məktəblərdə İntizam Şurası fəaliyyət göstərəcək. Eyni zamanda Nazirlik nizam-intizam qaydalarını pozan şagirdlərə qarşı tətbiq ediləcək inzibati tədbirlərini də müəyyənləşdirib.
Bəs bu qərar məktəblərə hansı yenilikləri gətirəcək?

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova məktəblərdə fəaliyyət göstərəcək İntizam Şurasının fəaliyyətini AzVision.az -a şərh edib. O bildirib ki, yeni qaydalar şagirdlərin nizam-intizama əməl etməsi ilə bağlı bir prosedur və çərçivə sənədidir. Çərçivə sənədi həm də o deməkdir ki, ayrı-ayrı məktəblər nəzərdə tutulan qaydaları istifadə edə bilər və müəyyən bir qaydaların tətbiqi ilə bağlı özləri də çalışa bilərlər. Bu sənəd bir qanun deyil. Bu qaydalar sənədidir.

G.Səfərova qeyd edib ki, nazirlik 2021-ci ildə məktəblərdəki vəziyyəti analiz edib, araşdırma aparıb. Araşdırmanın nəticəsinə əsasən ümumtəhsil müəssisələrində nizam-intizam problemi müəyyən edilib:

"Eyni zamanda da məktəb-valideynin-icma arasındakı münasibətlərdə müəyyən anlaşılmazlıq və problemlər var. Pandemiyadan sonra şagirdlərin qaydaları pozması hadisələrinin sayı daha da çoxalıb. Bu anlaşılandır. Çünki uşaqlar uzun müddət qapalı şəraitdə qalıblar və sosiallaşma problemləri yaşayıblar.

Yeni nizam-intizam qaydaları nümünə gətirdiyimiz hər bir ölkədə var. Həmin ölklərdə bəzi məktəblər bunu daxili qaydaları ilə tənzimləyirlər, bəziləri isə Təhsil Nazirliyi ilə. Mən düşünürəm ki, bu uzun müddətli bir proses olacaq. Bu qaydaların ənənəyə çevrilməsi müəyyən vaxt alacaq". deyə İctimai Şuranın sədri əlavə edib.

G.Səfərovanın sözlərinə görə, şagird bu sənədə bir qayda olduğuna görə yox, onları dərk etdiyinə görə əməl etməlidir: "Əgər şagird üzürsüz səbəbdən periodik olaraq dərsə gecikirsə, qayda olduğuna görə gecikməməlidir və bunu ənənəyə çevirməlidir. Bu qaydalar mütləq lazımdır. Onların tətbiqində sui-istifadə hallarına yol vermək olmaz. Monitorinqi gücləndirmək lazımdır ki, İntizam Şurasının tərkibinin müəyyənləşməsinə, verilən qərarların ədalətliliyinə, qanuna uyğunluğuna riayət edilsin".

Günel Səfərova yeni qərarın valideyn komitələrinin tamamilə ləğv edilməsinə də təsiri barədə danışıb. O bildirib ki, komitələrin tamamilə ləğv olunacağın demək tezdir.

"Biz müşahidə edirik ki, valideynlərlə məktəb arasında olan münasibətlərdə gərginlik var. İcma məktəbin təhsil prosesində iştirak etmir. Təhsil yalnız məktəbin, Nazirliyin deyil, həm də cəmiyyətindir. Valideyn komitəsi müəyyən dövr üçün lazım idi. Belə baxanda normal bir model idi, yalnız təəssüflər olsun ki, oradada sui-istifadə halları oldu.

Yeni modelin hələki hansı formatda olacağı barədə məlumat yoxdur. Təqdimatda valideynin İntizam Şurasında iştirakı nəzərdə tutulur. Amma komissiyanın tərkibinin kimlərdən ibarət olacağı barədə məlumat bəlli deyil. Yaxın bir zamanda Nazirlik tərəfindən icra edildikdə bizə də məlum olacaq.

Bu qaydaların şagirdlərin nizam-intizam davranışlarına təsir edib-etməyəcəyi ilə bağlı qısa müddətdə nəticə almaq çətin olur. Deyək ki gələn həftədən qaydalar tətbiq olunacaq və bütün nizam-intizam məsələləri həll olunacaq. Xeyir, bu belə olmayacaq. Proses müəyyən bir müddət alacaq və mən belə düşünürəm ki, vəziyyətin yaxşılaşması ilə bağlı kifayət qədər təsir göstərəcək".

G.Səfərova bildirib ki, şagirdlərin cəzalandırılması qərarı İnzibati Şura tərəfindən veriləcək: "Biz heç vaxt hansısa bir rəhbərliyin bu formadan sui-istifadə etməsinə icazə verə bilmərik. Bu müzakirə olunacaq, hətta lazım gələrsə İctimai Şura da bu prosesə cəlb oluna bilər. Əlbəttə ki, ciddi və sərt qaydalar tətbiq edildikdə biz onu araşdıracayıq".

Şəms Şahinli
AzVision.az



Teqlər:





Xəbər lenti