PUAtonnan! Quşu tutmaq daha çətindir – ARAŞDIRMA

// Erməni dronlarını zərərsizləşdirmək üçün quşatan bəs edir

      PUAtonnan!    Quşu tutmaq daha çətindir –    ARAŞDIRMA
  21 Oktyabr 2022    Oxunub:7058
Ermənistanın Azərbaycan Ordusunun mövqelərinə göndərdiyi yerli istehsal "UL-350" dronlarının quşdan əsas fərqi odur ki, quşu tutmaq daha çətindir. Digər xüsusiyyətlərini isə (quşun yox, dronun) hərbi ekspert Ədalət Verdiyev xüsusi olaraq AzVision.az -ın oxucuları üçün araşdırıb.
Sentyabrın 12-dən 14-nə qədər Ermənistan ordusunun Azərbaycan sərhədlərində təxribatlarına qarşı Ordumuzun sarsıdıcı zərbələrindən nəticə çıxarmayan düşmən cəbhənin müxtəlif istiqamətlərində kəşfiyyat-diversiya xarakterli fəaliyyətini daha da intensivləşdirib.

Sentyabrın 16-sı gündüz saatlarında Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordunun müdafiə mövqeləri üzərində kəşfiyyat xarekterli uçuşlar həyata keçirməyə cəhd edib. Xüsusi texniki vasitələrlə düşmən PUA-sı zərərsizləşdirilib.

Sentyabrın 27-də Laçın rayonu istiqamətində Azərbaycan Ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus “UL-350” tipli pilotsuz uçuş aparatı (PUA) aşkarlanaraq, xüsusi texniki vasitələrlə yerə endirilib.

Sentyabrın 28-i, saat 18:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Alagöllər istiqamətində yerləşən bölmələrini müxtəlif çaplı atıcı silahlardan atəşə tutublar. Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu İsgəndərov Nicat Hidayət oğlu yaralanıb.

Görünən odur ki, Ermənistan tərəfi başına gələn faciəvi hadisələrdən hələ də doğru-dürüst nəticə çıxarmaq niyyətində deyil. Belə olan halda düşmənin Ordumuzun şəxsi heyətinə qarşı silahdan istifadə etməsi bu dəfə də cavabsız qalmadı və gələcəkdə də belə olacaq.

Ermənistanın Azərbaycan ərazilərində kəşfiyyat xarakterli fəaliyyətə cəhd etməsi, xüsusən də PUA-ları həm Naxçıvan, həm də Zəngəzur səmasına istiqamətləndirməsi birmənalı olaraq revanş məqsədlərindən xəbər verir. Ermənistan silahlı qüvvələrinin təxribatlarda istifadə etdiyi “UL-350” PUA-ları haqqında Azərbaycan mediasında məlumat qıtlığını nəzərə alıb, onlarla bağlı məlumat verməyi lazım bilirəm.

İstehsalçı və malları

2016-ci ilin Aprel döyüşlərindən sonra Ermənistan rəhbərliyi gələcək mümkün əməliyyatlarda Azərbaycanın PUA-lardan kütləvi şəkildə istifadə edəcəyini anlamağa başladı və bu sahədə mövcud olan dərin fərqi aradan qaldırmaq üçün müəyyən addımlar atdı. Bu məqsədlə 2018-ci ildən “ProMaq” və “UavLab” özəl şirkətlərinə maliyyə dəstəyi verməyə başladı. Hər iki şirkət bir neçə plagiat PUA versiyalarını təqdim ediblər. Onların rəsmi şəkildə silahlanmaya qəbulu barədə məlumatlara rast gəlməsək də, real və uğursuz tətbiqinə dair faktlar kifayət qədərdir.

“UavLab” şirkəti “silahlı qüvvələrin arsenalını hərbi kəşfiyyat vasitələrilə zənginləşdirməyi” qarşısına məqsəd qoyduğunu deyir. Əsasən Rusiyanın ZALA şirkəti ilə yaxından əməkdaşlıq edir. İstehsal portfelinə daha çox Rusiya və İsrail PUA-larının plagiat versiyaları daxildir. Şirkətin seriyalı istehsal etdiyi məhsullar arasında “Beze”, “UL-100”, “UL-300”, “UL-350” və “UL-450” PUA-ları mövcuddur.



“UavLab” ilk məhsullarının beynəlxalq təqdimatını 25-30 iyun 2019-cu ildə Moskvadakı Beşinci Beynəlxalq Hərbi-Texniki Forumda həyata keçirib. Həmin sərgidə şirkət 3 PUA ilə təmsil olundu. Onlardan birincisi 8 km-ə qədər məsafəyə 4,6 kq ağırlığında döyüş başlığı daşıyan zərbə tipli “Bzez” kvadrokopteri idi. İstehsalçının sözlərinə görə, qəlpəli fuqas döyüş başlığının təsir sahəsi 400 kvadratmetrdir. Vətən Müharibəsində bu PUA-dan istifadə faktına rast gəlinmir.

İkinci aparat Azərbaycanda yığılan İsrailin “Orbiter-2” PUA-sının kopyası olan “UL-300” pilotsuz vasitəsi idi. İşstehsalçıya görə, “UL-300” PUA-sı 50 km uçuş məsafəsinə malikdir, havada 3 saata qədər qala bilir. Ondan həm kəşfiyyat , həm də süzən döyüş sursatı kimi istifadə edilə bilər. Zəruri hallarda 2 kq ağırlığında döyüş başlığı daşıya bilər.

Üçüncü model isə “UL-100” PUA-sıdır. "Uçan qanad" sxeminə uyğun olaraq hazırlanan vasitə 70 dəqiqəyə qədər havada qala bilən və 18 km uçuş məsafəsinə malik kiçik pilotsuz aparatdır.

“UavLab” şirkətinin son məhsulu “UL-450” pilotsuz uçuş aparatıdır. Onun sələflərindən fərqli və yeni xüsusiyyətlərə malik olduğu istisna deyil. Hələ ictimaiyyətə təqdim edilməyib.

Ordumuzun “yeminə” çevrilən UL-350

Son ayda 2 dəfə Azərbaycan Ordusunun “yeminə” çevrilən “UL-350” pilotsuz vasitəsi 100 km uçuş məsafəsinə malikdir və 4 saata qədər havada qala bilir. Həm kəşfiyyat dronu, həm də süzən döyüş sursatı kimi istifadəsi mümkündür. 6,5 km hündürlüyə qalxa bilir, maksimal sürəti 120 km, kreyser sürəti 80 km, rabitə məsafəsi isə 100 km-dir.


Ermənistan UL ailəsinə aid PUA-larda Çin istehsalı olan daha ucuz quraşdırmağa üstünlük verir. Bəzən ZALA şirkətinin avadanlıqlarına da rast gəlinir. “UL-350” havaya mancanaqla atılır. Enmə zamanı paraşütdən və hava yastığından istifadə edilir.
“UL-350” PUA-sının proqram təminatının hansı ölkəyə aid olduğu məlum deyil. İstənilən halda idarəetmə bloku və proqram təminatı Azərbaycanın readielektron mübarizə kompleksləri üçün tamamilə əlçatandır.

“UL-350” PUA-sınını taktiki xüsusiyyətləri:

• Maksimum uçuş kütləsi: 15 kq
• Faydalı yükün kütləsi: 2,5 kq
• Uçuş müddəti: 3,5 saat
• Maksimum uçuş hündürlüyü: 6500 metr
• Kreyser sürəti: 80 km/saat
• Qanad aralığı: 3500 mm
• Telemetriya: 100 km
• 80 km-ə qədər HD keyfiyyətdə video çəkiliş

Nəticə

Azərbaycan Ordusu tərəfindən ələ keçirilənə qədər “UL-350” PUA-sının əsas elementlərindən biri olan elektro-optik modulun tərkibi, xüsusən də müşahidə kamerasının, zoom teleskopunun, infraqırmızı kameranın istehsalçısı və imkanları barədə bizə dəqiq heç nə məlum deyildi. Açıq mənbələrdə bu barədə məlumatlar yoxdur. PUA-nın videonu analoq daşıyıcıya yazması, yoxsa qorunan rəqəmsal kanal vasitəsilə ötürməsi də müəmmalı idi. Amma hazırda həmin aparatlar Azərbaycanın müdafiə sənayesinin mütəxəssisləri tərəfindən araşdırılır. Bu isə Ermənistanın gələcəkdə həmin PUA-lardan istifadəsini daha da riskli edəcək.

İstənilən halda bu qədər asanlıqla ələ keçirilən düşmən PUA-larının əməliyyat şəraiti haqqında kəşfiyyat məlumatlarının alınmasında əhəmiyyət kəsb etdiyinə inanmaq çətindir. 2015-ci ildən bu günə qədər 50-dən çox müxtəlif düşmən PUA-sı Silahlı Qüvvələrimiz tərəfindən zərərsizləşdirilib.

Bütün bunlara baxmayaraq, “Qətiyyətli Cavab” əməliyyatından sonra Ermənistan hələ də təxribatlara davam edirsə, deməli, yenə də Azərbaycan Əsgəri düşmənlə “Dəmir Yumruq” vasitəsilə danışmalı olacaq. Bu isə Ermənistana “Yerablur” panteonunu böyütmək perspektivindən başqa heç nə vəd etmir.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az



Teqlər: PUA   Ermənistan  





Xəbər lenti