Moldova Rus qazını Azərbaycan qazı ilə əvəzləməyə çalışır – MÜSAHİBƏ

   Moldova Rus qazını Azərbaycan qazı ilə əvəzləməyə çalışır –    MÜSAHİBƏ
  23 Oktyabr 2022    Oxunub:1344
“Moldovanın baş naziri N. Qavrilitsanın Bakıya səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü əsas mövzusuna görə, Moldova baş nazirinin müavini A.Spınunun Azərbaycana 2022-ci ilin fevralında baş tutan səfərinin və Azərbaycanın rəhbərləri, xüsusilə də energetika naziri P. Şahbazovla görüşlərinin davamı idi”.
Bu sözləri AzVision.az -a müsahibəsində moldovalı politoloq, tarix elmləri doktoru Ruslan Şevçenko deyib. O xatırladıb ki, Cənub Qaz Dəhlizinin 8-ci Məşvərət Şurasının iclası çərçivəsində baş tutan həmin görüşdə A. Spinu P.Şahbazova Moldovanın uzun illər “Qazprom” və onun arxasında dayanan Rusiya rəhbərliyinin şantajı nəticəsində bu ölkəyə təbii qaz tədarükü ilə bağlı yaranmış təhlükəli vəziyyətdən danışmışdı.

- Moldovanın başqa qaz tədarükçüsü olmadığı üçün bu, ölkəmizdə gözlənilməz nəticələrə səbəb olan energetik və iqtisadi fəlakətə səbəb ola bilər. İqtisadçılar bu halda bizim itkilərin miqyasını hesablamağı belə öz öhdələrinə götürmürlər. Onların dəhşətli olacağı aydındır. Bunun qarşısını almaq və “Qazprom”un qaz monopoliyasından qurtulmaq üçün A. Spınu Azərbaycan tərəfinə bu sahədə qarşılıqlı faydalı əsaslarla əməkdaşlıq təklif edib. P. Şahbazov bu təklifə müsbət cavab verib və bildirib ki, Azərbaycan Cənub Qaz Dəhlizinin genişləndirilməsində maraqlı olan tərəflərlə dialoqa başlamağa hazırdır.
İndi biz növbəti mərhələyə keçidi müşahidə edirik. Baş nazir N.Qavrilitsa Azərbaycanın Qərbə qaz tədarükünü artırmaq planlarını nəzərə alaraq, Moldovanın qaz alan ölkələr siyahısına daxil edilməsinə ümid bağlayır. Onun Bakıda olduğu müddətdə əsas hədəfi də bu idi.

- Moldovanı qaz mövzusundan başqa maraqlandıran məsələlər varmı?
- Moldova Azərbaycandan neft məhsullarının, gübrələrin idxalında, elektrik enerjisi sahəsində layihələrdə, eləcə də üzümçülük və şərabçılıq sahəsində uzun illərdir davam edən əməkdaşlıqda maraqlıdır. Bizim mütəxəssislər azərbaycanlı həmkarlarına bu sahələrin inkişafında kömək göstərməkdə davam edirlər.
Nəhayət, bu səfər ticarət-iqtisadi əməkdaşlıq üzrə son illərdə fəaliyyət göstərməyən Moldova-Azərbaycan hökumətlərarası komissiyasının fəaliyyətinə təkan verməlidir.

- Sizcə, Moldovanın hansı gözləntiləri praktikada həyata keçirilə bilər?
- Bu vəzifələrin demək olar ki, hamısı olduqca mümkün görünür, xüsusən də ona görə ki, onların əksəriyyətinin yaxşı, uzunmüddətli nəticəsi var və onlar artıq praktikada həyata keçirilir. Bu gün Moldova üçün əsas problem bəlkə də, yalnız Cənub Qaz Dəhlizi (Bakı-Tbilisi-Ərzurum-Fier (Albaniya)-Brindizi (İtaliya) çərçivəsində qaz təchizatıdır. Malkoklardan (Qərbi Türkiyə) Bolqarıstana, oradan Qərbi Rumıniyaya, Macarıstana və daha sonra Avropaya gedəcək Şimal-Qərb qolu da nəzərdə tutulur. Rumıniyada bu qol artıq orada mövcud olan qaz kəmərlərinə birləşdirilməlidir və Azərbaycan qazı Moldovaya Yassı-Ungen-Kişinyov qaz kəməri ilə tədarük ediləcək. Spınu və Gavrilitsa da onu nəzərdə tuturlar.
Amma fakt budur ki, bu gün Rumıniyaya gedəcək bu qol hələ ki tikilmə prosesindədir və tamamlanma müddətləri hələ açıqlanmayıb. Ola bilsin ki, Moldovanın baş naziri N.Gavrilitsanın səfəri onun tamamlanmasının sürətləndirilməsinə və ölkəmizin “Qazprom”dan birtərəfli qaz asılılığının qəti şəkildə aradan qaldırılmasına töhfə verəcək.

Murad Nəcəfov
AzVision.az



Teqlər: Qaz  





Xəbər lenti