"İçərişəhər" qoruğuna bir əsr yaşı olan "Quran" hədiyyə olunub

   "İçərişəhər" qoruğuna    bir əsr yaşı olan "Quran"    hədiyyə olunub
  24 Oktyabr 2022    Oxunub:1103
İçərişəhər sakini tərəfindən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fonduna birəsrdən çox yaşı olan "Quran" kitabı təqdim olunub.
AzVision.az xəbər verir ki, bu barədə Qoruq İdarəsinin sədri Şahin Seyidzadə məlumat yayıb:

"Tarixi yaşadanlar fədakar şəxslərdir. Bu fədakarlıqları ilə onlar özləri də tarixin bir parçası olurlar, unudulmur, daima xatırlanırlar. Tariximizi, kimliyimizi, dini-mənəvi ənənələrimizi yaşadanlar, onu qoruyanlar sayəsində bu günümüzü araşdırıb, keçmişimizi dərk edir, onu inkişaf etdiririk. Tarixi əşyalar, qədim eksponatlar, yüzilliklərlə yaşı ölçülən kitablar o zaman maraqlıdır ki, insanlar ondan bəhrələnsinlər. Muzeylərimizi, tariximizi bəzəyən də tarixi eksponatlar, qədim kitablar, əşyalardır, o cümlədən İslam dininin təməl dayağı olan qədim "Qurani-Kərim"dir.



Bu günlərdə müqəddəs kitabımızın qədim nəşri “İçərişəhər” DTMQ İdarəsinə təqdim edilib. Yaşının əsrlərdən çox olduğu deyilən kitabın dəqiq çap tarixinin müəyyənləşdirilməsi hazırda araşdırma mərhələsindədir.

Müqəddəs kitab “İçərişəhər” DTMQ İdarəsinin strukturunda olan Muzey Mərkəzinə İçərişəhərin ahıl sakini, 1949-cu il təvəllüdlü Məmmədova Həqiqət Rəhman qızı tərəfindən bağışlanıb. Həqiqət xanım bu kitabın ona çatınca nəsildən-nəslə keçdiyini deyir. Qiymətli kitab “İçərişəhər” Muzey Mərkəzinin nəzdində fəaliyyət göstərən "Bəylər" məscidində sərgilənəcək və digər qiymətli əşyalar kimi daima qorunub saxlanacaq.

“İçərişəhər” DTMQ İdarəsi Həqiqət Məmmədovaya dərin təşəkkürlərini bildirir".



AzVision.az



Teqlər:





Xəbər lenti