Görüşdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, dünyada baş verən mürəkkəb prosseslər, həmçinin Avropadakı müharibə səbəbindən dünya iqtisadiyyatı böyük sarsıntılar yaşayır. Belə ki, qlobal səviyyədə əsas qida məhsullarının qiymətlərində artım baş verir. Azərbaycan da dünya iqtisadiyyatına inteqrasiya edib, lakin Prezident İlham Əliyevin sosial yönümlü siyasəti nəticəsində neqativ prosseslər ölkəmizdə o qədər də hiss edilmir.
Xüsusi olaraq vurğulanıb ki, qədim dövrlərdən bəri əsas qida məhsulu sayılan çörəyin 1 kq-nın qiyməti Almaniya və İtaliyada 6-7 AZN-dir. İqtisadi cəhətdən çox zəif olan Ermənistanda çörək 2,5 AZN, Rusiyada 2 AZN-dirsə, Azərbaycanda isə bu 1 manat 10 qəpik təşkil edir. Yumurtanın bir ədədi Rusiya və Ermənistanda 25 qəpik, Gürcüstanda 24 qəpik, Tacikistan və Moldovada 23 qəpik, Belorusda 18 qəpikdirsə, Azərbaycanda yumurta 16 qəpikdir. Eldar Əzizov həm də mal ətinin 1 kq-nın qiymətlər fərqindən danışdı. Bildirdi ki, mal ətinin 1 kq-nın qiyməti Azərbaycandan fərqli olaraq İtaliyada 2,2 dəfə, Ermənistanda 1,8 dəfə, Almaniyada 1,5 dəfə, Rusiyada 1,4 dəfə, Gürcüstanda 1,2 dəfə bahadır.
Bununla bərabər çox ağır iqtisadi durumda olan Ermənistanda və eyni zamanda Avropa ölkələrində qiymətlər hər ay qalxır, Azərbaycanda isə dövlətin dəstəyi sayəsində bu tendensiya mövcud deyil. Statistik məlumatlardan da göründüyü kimi ölkəmizdə əsas qida məhsullarının qiyməti bir sıra dünya ölkələrində olduğundan dəfələrlə aşağıdır və bu da ölkə başçısı cənab İlham Əliyevin sosial yönümlü siyasətinin nəticəsidir.
Görüş zamanı Prezident İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilən torpaqların bərpası və inkişafı istiqamətində gördükləri işlər xüsusi vurğulanmışdır. Qeyd edildi ki, Mehriban xanım Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun səyləri nəticəsində artıq xalqımızın tarixi yaddaşı bərpa edilib və möhkəmlənib.
Sonra Xətai Rayon İcra Hakimiyyəti başçısının Əhmədli qəsəbəsi üzrə nümayəndəsi Kamal Quluzadə qəsəbədə görülmüş işlərlə bağlı hesabat verdi.
“Açıq mikrofon” formatında, maraqlı dialoq şəklində və sakinlərin böyük fəallığı ilə keçən görüşdə çıxış edən 30 nəfərdən çox qəsəbə sakini Bakı şəhərində, eyni zamanda, Əhmədli qəsəbəsində görülən işlərə, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib, dövlətimizin başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstək ifadə ediblər.
Müraciətlər əsasən fərdi yaşayış evlərinin sənədləşdirilməsi, su və kanalizasiya xətlərinin yenilənməsi, məhəllədaxili yolların təmiri və işıqlandırılması, binaların dam örtüklərinin təmiri, məşğulluq, həyətlərin abadlaşdırılması və s. olmuşdur.
Gürüş zamanı sakinlərin müraciət və təklifləri ilə bağlı müvafiq tapşırıqlar verildi. Bütün müraciət və təkliflər nəzarətə götürüldü.
AzVision.az