"Yəqin ki, ödəyib, haradan bilim ?" - "Azdrama"dan Yazıçılar Birliyininin icarə puluna reaksiya

 "Yəqin ki, ödəyib, haradan bilim ?" -    "Azdrama"dan Yazıçılar Birliyininin icarə puluna reaksiya
  27 Oktyabr 2022    Oxunub:2378
Ötən gün Xalq yazıçısı Çingiz Abdullayev jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII qurultayına ayrılmış 203 min manatdan müəyyən qədəri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından istifadəyə görə icarə pulu kimi verilib.
Maraqlıdır, dövlət teatrına qurultayın keçirilməsinə görə doğurdanmı icarə pulu ödənilib?Və bu məbləğ nə qədər olub?

Məsələ ilə bağlı AzVision.az teatrın bədii rəhbəri-baş rejissoru və direktoru Azər Paşa Nemətovla əlaqə saxlayıb. Rejissor icarə pulunun verilməsini istisna etməyib.

“Bu mövzular mənim səviyyəmdə deyil. Mən o işə baxmıram. Mən yaradıcı adamam, yaddan çıxartmayın. Bilmirəm. Mən yaradıcılıqla məşğulam. Yəqin ki, ödəyib. Haradan bilim. Dövlət onlara pul ayırıb. Elə belə deyil ki... Çünki işıq yanırdı, bütün sistem işləyirdi.

Seçdilər, razı da getdilər. Mən həmin vaxt yaradıcı heyətlə məşq edirdim”,- deyə A. Nemətov bildirib.

Qeyd edək ki, Xalq yazıçısı Çingi Abdullayev qurultay üçün ayırılan 203 min manatla bağlı sual verən jurnalistə "Utanmırsınız, Xalq yazıçısından soruşursunuz pullar hanı? Ölmürsən?", - deyə sərt reaksiya verimişdi. Və bildirmişdi ki, pul icarəyə və xarici qonaqların yol, otel puluna xərclənib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti