Bahar Muradova Gəncədə vətəndaşları qəbul edib

Bahar Muradova Gəncədə vətəndaşları qəbul edib
  27 Oktyabr 2022    Oxunub:671
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu keçirilir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həlli ilə bağlı müvafiq tədbirlər görülür. Oktyabrın 27-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Gəncə şəhər Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Dövlət Komitəsindən AzVision.az -a bildirilib ki, qəbulda Gəncə şəhəri, Samux və Kəlbəcər rayon sakinlərinin ərizə, müraciət və təkliflərinə baxılıb. Qəbuldan əvvəl Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.

Qəbulda iştirak edən vətəndaşların müraciətləri alimentin təyin olunması, uşaqların dövlət müəssisəsinə yerləşdirilməsi, işlə təmin olunma, sağlamlıq imkanları məhdud uşaqların müalicəsi, nikaha xitam verildikdən sonra uşaqlarla ünsiyyətin qurulması, ünvanlı sosial yardım, məişət zorakılığı və bir sıra digər məsələlərlə bağlı olub.

Vətəndaşların Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid müraciətləri Dövlət Komitəsinin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə dinlənilib, ərizələri qəbul edilərək, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

AzVision.az



Teqlər:



Xəbər lenti