“İran hakimiyyəti azərbaycanlı kimliyindən qorxur” – Sergey Markov

   “İran hakimiyyəti azərbaycanlı kimliyindən qorxur” –    Sergey Markov
  28 Oktyabr 2022    Oxunub:3151
“Sərhədyanı rayonlarda keçirilən hərbi təlimlər həmişə təhlükəsizliyə təhdid yaradır, ona görə də, İranın manevrlərinin Azərbaycan rəhbərliyi üçün haqlı narahatlıq doğurması təbiidir”.
Bu sözləri AzVision.az -a rusiyalı politoloq Sergey Markov İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimləri şərh edərkən deyib. Onun fikrincə, bəzi münaqişəli situasiyalardan çıxış yolu ya sərt, ya da yumşaq variantla mümkündür.

“Mənə elə gəlir ki, Azərbaycan və İran arasında münaqişədən “yumşaq”, diplomatik yolla çıxmaq mümkündür. İranda təbii ki, ölkənin əhəmiyyətli bir hissəsi olan azərbaycanlıların öz tarixi vətənlərinə - indiki Azərbaycan Respublikasına birləşməyi tələb edə biləcəyindən qorxurlar. Belə əndişələr var, amma həddindən artıq deyil.

Fakt budur ki, İranda müxtəlif kimliklərin mübarizəsi gedir. Sıxışdırılan və potensial olaraq latent azərbaycanlı kimliyi var. Amma ortaq iranlı kimliyi, fars kimliyi də var. Onu da əlavə edək ki, İranda əsas kimlik kifayət qədər sərt ideoloji siyasi rejim çərçivəsində formalaşan müsəlman şiə kimliyidir.

Hesab edirəm ki, İran rəhbərliyinin Azərbaycanla münaqişə baş verəcəyi təqdirdə etnik azərbaycanlıların - İran vətəndaşlarının mümkün davranışları ilə bağlı müəyyən narahatlıqları var. Amma bu narahatlıq o qədər də böyük deyil, onlar inanır ki, kollektiv islam və şiə kimliyi, İran vətəndaşı kimliyi, eləcə də fars mədəni kimliyi aparıcı olacaq.

Təəssüf ki, İran hakimiyyətinin narahatlıqları ölkədə azərbaycanlı kimliyinin boğulmasına gətirib çıxara bilər. Bu siyasət onillərdir davam edir. Təbii ki, İran ərazisindəki etnik azərbaycanlılara öz dillərini və mədəniyyətlərini inkişaf etdirmək imkanı vermək düzgün olardı”, - S.Markov bildirib.

Murad Nəcəfov
AzVision.az



Teqlər: İran  





Xəbər lenti