İntihar edən həkimin məktubu tapıldı

   İntihar edən həkimin məktubu tapıldı
  01 Noyabr 2022    Oxunub:1476
İki ay əvvəl Lənkəranda intihar edən tanınmış stomatoloq Müşfiq Bağırovun ölümündən bir neçə dəqiqə əvvəl yazdığı məktub üzə çıxıb.
AzVision.az xəbər verir ki, bu barədə jurnalist Anar Məmmədov məlumat yayıb. O bildirib ki, rayonun Xolmilli kəndindən olan M.Bağırov ilkin ehtimallara görə, məktubu ölümündən bir neçə dəqiqə əvvəl yazıb və sonra yarımtikiliyə gedərək özünü asıb. Üç səhifədən ibarət məktubunda ailə üzvlərinə vəsiyyət də edən həkim ölümündə tanışını günahlandıraraq onu intihara vadar etdiyini iddia edib: “Məni buna İbrahim (Teymurov) vadar etdi. Mən ancaq onun üçün işləyirdim. Moskvadan 980 000 manat pul vuruldu. Pullar İbrahimə çatdı. O isə pulları mənə çatdırmadı ki, camaata qaytarım. 320 min manat Aqşinə, 680 min manat isə Sadirə çatmalı idi. Axırda məni "Bandotdel" ilə hədələyirdi. Evlərimi əlimdən almaq istəyirdi”.

Məlumata görə, M.Bağırov məktubda ailə üzvlərinə vəsiyyət edəndən sonra intiharına görə anasından üzr istəyib.

Xatırladaq ki, M.Bağırov tanınmış həkim ailəsinin övladı olub. Onun atası Zaman Bağırov da uzun illərdir rayonda tibb sahəsində fəaliyyət göstərir. Bildirilir ki, Müşfiq Bağırov stomatoloq fəaliyyəti ilə yanaşı bizneslə də məşğul olub. O, stamotoloq kimi yüzlərlə qazini, şəhid ailəsi üzvünü və tələbəni pulsuz müalicə edib. Bundan başqa, Müşfiq Bağırov Lənkəran şəhərinin mərkəzində yerləşən diş klinikasının önündə xeyriyyə kampaniyası ilə bağlı elanlar da yerləşdiribmiş.

M.Bağırov 2022-ci il avqustun 21-də “Raypo” adlanan ərazisində özünə məxsus yarımtikilidə intihar edib. Faktla Lənkəran rayon prokurorluğundan cinayət işi başlanılıb, araşdırma aparılır.

Məsələ ilə bağlı mərhumun ailəsi istintaq davam etdiyindən açıqlama vermək istəmir.

AzVision.az


Teqlər:





Xəbər lenti