Sosial siyasəti təkmilləşdirmək üçün nələr etmək olar – TƏHLİL

   Sosial siyasəti təkmilləşdirmək üçün nələr etmək  olar –    TƏHLİL
  03 Noyabr 2022    Oxunub:2515
Cari il üçün əhali üzrə yaşayış minimumu ölkədə 210 manat, əmək qabiliyyətli əhali üzrə 220 manat, pensiyaçılar üzrə 176 manat, uşaqlar üzrə 193 manat təşkil edir. İlin əvvəlində minimum əməkhaqqı növbəti dəfə artırılaraq 300 manata çatdırıldı. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının həddi 200 manat məbləğində təsdiq edilmişdi.
Ötən 9 ay ərzində ölkədə ümumi inflyasiya səviyyəsi 13%-dən, ərzaq məhsulları üzrə 20%-dən yuxarı təşkil edib. Odur ki, əhalinin sosial vəziyyəti, yaşayış durumu çətinləşdiyindən çarə axtarmaq tələb olunur. Bu təkcə bizdə deyil, bütün dünyada belədir. Yəni sıravi vətəndaşların gəlirləri xərclərini ödəmir və aradakı fərq getdikcə böyüyür.

Nə etməli?! Vətəndaşların gəlirlərinin xərclərindən sürətlə geri qalmasının qarşısını necə almaq olar?!

Bahalaşmanı və inflyasiya prosesini dayandırmaq mümkün deyil, yalnız zəiflətmək olar. Bunun da yolu birincisi, ölkəyə idxal olunan bəzi ərzaq məhsulları üzrə gömrük rüsumları ilə vergiləri azaltmaqdan, ikincisi isə yerli məhsulların bazarlara çıxış imkanlarını maksimum asanlaşdırılmaqdan keçir. Lakin bütün bunlara bahəm, maaş, pensiya və sosial ödənişlər də artmalı, bunun üçün növbəti sosial paket həyata keçirilməlidir. Yaşayış minimumu, minimum əməkhaqqı mütləq yüksəldilməlidir.

Növbəti ildə bunlar baş verəcək. Lakin bundan əlavə, vətəndaşın zəruri sosial ehtiyac və tələbatını düzgün müəyyən etmək üçün ölkədə həyata keçirilən ümumi sosial müdafiə siyasəti mexanizminə də baxılmalı və təkmilləşdirilməlidir.

Bizdə bunun üçün bir neçə göstəricidən istifadə olunur: minimum istehlak səbəti, ehtiyac meyarı, yaşayış minimumu, minimum əməkhaqqı və s. Məsələn, gələn il yaşayış minimumu cari illə müqayisədə 17,15%, ehtiyac meyarı isə 23% artırılacaq. İlk dəfə olaraq, ölkədə yaşayış minimumu ilə ehtiyac meyarı göstəriciləri bərabərləşdirilərək, eyni məbləğdə - 246 manat təşkil edəcək. Çox yaxşı... Bu, çoxdan tələb olunan addımdır. 2019-cu ilin mart və sentyabr aylarında həyata keçirilən iki sosial paketin icrası nəticəsində minimum əməkhaqqının 130 manatdan 250 manata qaldırılaraq, ilk dəfə yaşayış minimumu göstəricisini keçməsindən sonra başlıca hədəf bu sayılırdı.


Yeri gəlmişkən, əvvəl minimum əməkhaqqı yaşayış minimumundan aşağı idi və aydın deyildi ki, minimum əməkhaqqı mexanizmi ölkədə əslində nəyi müəyyən edir, nədən ötrü tətbiq olunur. Minimum əməkhaqqı yaşayış minimumundan çox olmaqla, ölkə üzrə adambaşına düşən aylıq minimal istehlak səbətinin dəyərini, ünvanlı dövlət sosial yardımını təyin etmək məqsədilə istifadə edilən ehtiyac meyarı göstəricisini də ehtiva etməklə ümumən əhalinin dolanışıq vəziyyətinin konturunu tutmağa, bu sahədə əsas tənzimləyici rol oynamağa imkan yaratmalıdır.

Ölkədə minimum əməkhaqqı yaşayış minimumu göstəricisini keçəndə yazmışdım ki, ehtiyac meyarı göstəricisi də yaşayış minimumu göstəricisinə çatdırılmalı və yaxud da ləğv edilməlidir. Məlumdur ki, ehtiyac meyarından ünvanlı dövlət sosial yardımını təyin etmək məqsədilə istifadə olunur. Yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial norma olduğundan, sual edirəm: minimum istehlak səbəti olan yerdə ehtiyac meyarı göstəricisinə ehtiyac varmı?! Bu, ölkə vətəndaşlarının ən zəruri sosial ehtiyac və tələbatlarını düzgün və dəqiq müəyyən edərək ödəmək işində formallıq yaratmırmı?!

Dediyim kimi, gələn il ölkə üzrə yaşayış minimumu 36 manat, ehtiyac meyarısa 46 manat qaldırılaraq, bərabərləşəcəklər. Bu da həmçinin ehtiyac meyarı göstəricisinə ehtiyac qalmadığı fikrini söyləməyə əsas verir.

Ehtiyac meyarının yaşayış minimumu göstəricisinə çatdırılması ünvanlı dövlət sosial yardımının məbləğini artırmağa yol açmaqla əhalinin sosial təminatını yaxşılaşdırmaq siyasətində həm effektliliyi yüksəltməyə, həm də sözügedən yardıma həqiqi ehtiyacı olan əhali qrupunu dəqiq müəyyən etməyə şərait yaradacaq.

Ümumiyyətlə, əhalinin və yaxud hər bir vətəndaşın ən zəruri sosial ehtiyac və tələbatını dəqiq müəyyən etmək işində məhz yaşayış minimumu göstəricisi konsepsiyasından yanaşmaq ölkədə həyata keçirilən sosial müdafiə siyasətinə mükəmməllik və sərfəli xarakter qazandıracaq. Bunun üçün əsas diqqət minimum istehlak səbəti üzərində cəmləşdirilməklə, hökumət tərəfindən bu göstəriciyə üç ildən bir deyil, hər növbəti il üçün yenidən baxılmalıdır. Buna əsasən də ölkə üzrə yaşayış minimumu göstəriciləri təzələnməli və yenidən təyin olunmalıdır. Minimum əməkhaqqının səviyyəsi məhz bunun üzərində təsbit olunmalıdır.


Pərviz Heydərov
Azvision.az üçün



Teqlər: Sosial-siyasət  





Xəbər lenti