Prezident İlham Əliyev mənəvi yükü yüzillərə sığmayan tarixi bir missiyanın lideri, Qələbəmizin memarıdır

   Prezident İlham Əliyev mənəvi yükü yüzillərə sığmayan tarixi bir missiyanın lideri, Qələbəmizin memarıdır
  07 Noyabr 2022    Oxunub:626
Vətən müharibəsinin hər günü, hər anı qürur mənbəyimiz, şərəf tariximizdir. Zaman keçdikcə, o təkrarsız anların mənzərəsi göz önündə canlandıqca, üçrəngli bayrağımız düşmən tapdağından azad edilmiş yurd yerlərimizdə qürurla dalğalandıqca, əsarətdən xilas olmuş torpaqlarımız çiçəkləndikcə, 44 günün yaşantılarının bəlkə də yüz illərə bərabər olduğunu hiss edirsən. Bu şərəfli və çətin günlərdə hər birimizin ürəyi müzəffər Ordumuzun Ali Baş Komandanı, Prezident İlham Əliyevin tvitləri, çıxışları, müraciətləri və bəyanatları ilə döyünürdü. Müzəffər Ali Baş Komandanın azad edilən yurd yerlərimizlə bağlı açıqladığı hər bir məlumat bizi qürurlandırır, illərdən bəri çəkdiyimiz həsrətin izini sevinc göz yaşları, qələbə hayqırtıları ilə silir, qürurumuzu bayrağımız kimi yüksəklərə qaldırırdı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli söyləyib.

Siyasi ekspert bildirib ki, həmin günlər sayı 50 milyondan çox olan, taleyin amansız üzünün, imperiyaların qanlı siyasətinin paramparça etdiyi böyük bir xalqın azadlıq və qəhrəmanlıq salnaməsi, özünəqayıdışı, sərhədləri, maneələri aşaraq mənən, ruhən bütövləşdiyi müqəddəs günlərdir. Təbii ki, 44 gün bizi qələbəyə doğru aparan günlərin yalnız görünən və bilinən hissəsidir.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycanın dövlət başçısı seçildiyi ilk gündən bir azərbaycanlı və bir övlad olaraq atasının və ataların vəsiyyətinin yerinə yetirilməsi istiqamətində bu gün sözlə ifadə edilməyəcək qədər çətin bir vəzifəni addım-addım, səbirlə, inadla, xalqını kataklizmlərdən, məhrumiyyətlərdən qoruyaraq yerinə yetirməyi bacarıb.

E.Mirzəbəyli qeyd edib ki, geridə qalan zaman kəsiyində diplomatiya, iqtisadiyyat, ordu quruculuğu, mədəniyyət, idman və digər istiqamətlərdə həyata keçirilən siyasətin ayrı-ayrı detallarını incələdikcə, sözügedən sahələrdə atılan addımın Zəfər yürüşümüzün tərkib hissəsi olduğunu görə bilərik. Prezident İlham Əliyev təkcə Müzəffər Ali Baş Komandan deyil, bütün dünya azərbaycanlılarının milli birliyini təmin edən, onları vahid Vətən ideyası altında birləşdirən, böyük hədəflərə doğru aparan, mənəvi yükü yüzillərə sığmayan tarixi bir missiyanın lideri, Qələbəmizin memarıdır.

Bu gün dünyada, xüsusilə də yaşadığımız bölgədə baş verən hadisələr Azərbaycan xalqının azad və müstəqil yaşamaq istəyini, istiqlal ideallarını, dağlarına, çaylarına, bütövlükdə hər qarışına ad verdiyi, uğrunda canını, ömrünü fəda etdiyi torpaqlarına sahiblənmək kimi müstəsna haqqını qəbul edə bilməyən gizli-aşkar, yaxud gizlindən aşkara çıxan düşmənlərimizin xəyanətkar simalarını daha aydın görə bilərik.

Ədalət hissini itirmiş, hiyləgər, məkrli düşmənlərin bitib tükənməyən tələlərindən sıyrılaraq dünya hərb tarixinə qızıl hərflərlə yazılan qəhrəmanlıq salnaməsini yazmaq sadəcə iti zəka, strateji düşüncə deyil, Vətəninə və xalqına nəhayətsiz sevgi, ideallarına sonsuz sədaqət, milli iradəyə söykənən qətiyyət və xalqını bir yumruq kimi birləşdirmək, səfərbər etmək bacarığı tələb edir.

Bu baxımdan, Prezident İlham Əliyev böyük bir coğrafiyada zülmə məruz qalan, haqqı tapdanan, öz tarixi vətəninə, ana südü kimi halal torpağına, tarixinə, mədəniyyətinə və gələcəyinə sahiblənmək istəyən bütün xalqlar üçün liderlik nümunəsidir”, - deyə Elçin Mirzəbəyli vurğulayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti