Şəhid ailələri və müharibə iştirakçılarına 249 min xidmət göstərilib
2021-ci ilin əvvəlindən şəhid ailələrinin üzvlərinin, müharibə ilə əlaqədar əlilliyi olanların, Milli Qəhrəmanların təqaüdləri, 2022-ci ilin əvvəlindən sosial müavinətlər orta hesabla 60 faiz artırılıb.
1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər və onlardan vəfat edənlərin vərəsələri ilə bağlı yeni sosial dəstək proqramı çərçivəsində artıq 16,2 min şəxsə birdəfəlik ödəmə verilib.
Postmüharibə dövründə mənzillə təminat proqramı 5 dəfə genişlənib. Şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4 min mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 300-dən çox avtomobil təqdim edilib. Ümumilikdə ötən dövrdə bu kateqoriyalardan olan 13 min şəxs mənzil və fərdi evlə, müharibə ilə əlaqədar əlilliyi olan 7500-dən çox şəxs avtomobillə təmin edilib.
Həmçinin postmüharibə dövründə 11 min nəfərin 34 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti ilə təminatı həyata keçirilib. I və II Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan 367 şəxs 382 ədəd yüksək texnologiyalı müasir protez, müharibə ilə əlaqədar əlilliyi olan 1709 şəxs 28 min reabilitasiya vasitəsi ilə təmin olunub.
Şəhid ailələri üzvləri və müharibə iştirakçılarından ibarət 15,6 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 8,8 min şəxs özünüməşğulluq proqramına cəlb olunub.
Ötən ilin iyun ayında yaradılan vahid əlaqələndirmə mərkəzlərində şəhid ailələri üzvləri, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçular və müharibə ilə əlaqədar əlilliyi olanlardan ibarət 63,6 min şəxsə xidmətlər göstərilib.
Ümumilikdə postmüharibə dövründə şəhidlərimizin ailə üzvləri, müharibə iştirakçıları, erməni terrorundan zərər çəkənlərlə bağlı icra olunan sosial dəstək paketi 119 min şəxsi əhatə edib, onlara sosial dəstək yönümlü 249 min xidmət göstərilib.
AzVision.az
Teqlər: Xidmət