Səttarların getdiyi azadlıq Xiyabanı – İrandakı milli hərəkatlarımız

   Səttarların getdiyi azadlıq Xiyabanı –    İrandakı milli hərəkatlarımız
  05 Noyabr 2022    Oxunub:12597
İki aydır ki, İranda etirazlar dayanmır. Bütün İran boyu yüzminlərlə insan təməl haqlarının qorunması üçün tələblər irəli sürür, etiraz aksiyaları keçirirlər. Ümumi etiraz dalğasında hər xalqın, hər bölgənin özünəxas istəkləri olduğundan, şüarlar bölgədən-bölgəyə dəyişir. Məsələn, Tehran sakinləri hicabsız və niqabsız həyat tələb edirlərsə, Cənubi Azərbaycanda yaşayan türklərin istəyi “Azadlıq, Ədalət, Milli Hökumət”dir!
Ərən yurdu İran...

Günümüzdəki İran ərazisi minillər boyu Qəznəvi, Qaraxanlı, Böyük Səlcuq İmperiyasından tutmuş, Atabəylər, Qaraqoyun-Ağqoyunlu, Səfəvi-Əfşar-Qacarlara kimi böyük türk xalqlarının və xaqanlıqlarının hakimiyyəti altında olub, bu ərazilərdə əsrlərlə türk xalqları dövlətlər qurub, yaşayıb və yayılıblar.

Hələ IX əsrdə Cənubi Azərbaycanda təşəkkül tapıb, sonradan bütün Azərbaycanı vahid dövlətdə birləşdirmiş Saci sülaləsi də türk mənşəli idi. Odur ki, bu gün İranda yaşayan 40 milyonluq türk xalqı öz genetik yaddaşının təlqini ilə minillik dövlətçilik tarixini unuda bilmədiyi üçün fars mərkəzli idarəetmə ilə barışmır və hər fürsətdə milli-azadlıq hərəkatına başlayaraq, milli maraqlarının qorunmasını tələb edir.

İranda hürriyət?!

"Əvvələn salam-dua... və saniyən... Ya rəbbül-aləmin.... Ay ana, deyirlər İrana hürriyət veriblər. Dünən qonsur bizə xəbər verdi ki, bizim payımızı vətəndə paylayacaqlar. İndi, ay ana, mənim payıma hər nə düşsə, göndər…” (Cəlil Məmmədquluzadə, “İranda hürriyət”)

1905-ci il Rusiya burjua-demokratik inqilabı qonşu ərazilərdə də mütləqiyyətə qarşı hərəkatın başlamasına rəvac verir. Bu, özünü Osmanlı Türkiyəsində ikinci konstitusiya dövrü, Çində Sun Yat Sen inqilabı, həmçinin 1905-1911-ci illərdə Qacar dövlətində mütləqiyyətə qarşı başlamış xalq hərəkatı ilə göstərirdi.

Türk-Qacar xanədanında 1905-ci ildə Təbrizdə mütləqiyyətə qarşı başlamış hərəkat Müzəffərrəddin şah Qacarın 1906-cı il 5 avqustda konstitutsiya elan etməsi ilə nəticələnsə də, cəmi 4 ay sonra - 3 yanvar 1907-ci ildə onun yerinə Məhəmmədəli şahın taxta çıxması ilə yekunlaşır.

Eyni ildə Aleksandr Petroviç – Edvard Qrey tərəfindən imzalanmış rus-ingilis əhdnaməsi ilə İranın nüfuz dairələrinə bölünməsilə bağlı anlaşmaya göz yumulur. Bu anlaşmaya görə Qacar xanədanlığının şimalı Rusiyanın, cənubu Britaniya İmperiyasının nəzarətinə keçir, mərkəzi isə hər ikisinin nəzarəti altında Qacar sülaləsinin idarəetməsində qalır. Yeri gəlmişkən, buna oxşar anlaşmanı 2-ci Dünya müharibəsi illərində SSRİ, ABŞ və Böyük Britaniya arasında da görürük.

Bir qədər sonra Britaniya-SSRİ dəstəyindən güc alan Məhəmmədəli şah Qacar əksinqilabi mövqe tutaraq, konstitusiyanı ləğv etmək qərarına gəlir. O, Tehranda inqilabçıların məskəni - Şura Məclisini topa tutaraq, qərar verir ki, məşrutə hərəkatının episentri olan Təbrizə hücuma keçsin. Şah bu hərəkatı öz hakimiyyətinə qarşı təhdid hesab edirdi. Şübhəsiz ki, burada rus və ingilis təsirli motivasiyanı da unutmaq olmaz.

Məhəmmədəli Şah Qacarın atası Müzəffərrəddin şah Qacar nə qədər yumşaq, mülayim və zəif iradəli idisə, özü əksinə, babası Nəsrəddin şah Qacar kimi qəddar, möhkəm və mütləqiyyətçi idi.

Bəs mənim bir abbasım?!

İnqilabın səbəblərini sadalayarkən, təbii ki, həmin ərəfədə İranın sosial-iqtisadi vəziyyətinə baxmaq da lazımdır. İnqilabdan əvvəl İranda yeganə bərkidilmiş yol Tehranla 7 km. aralıda yerləşən Əbdüləzim türbəsi arasında idi. Qalan yollar isə palçıq idi və ümumiyyətlə poçt xidməti mövcud deyildi. Poçt işini erkən orta əsrlərdə olduğu kimi, hələ də çaparlar həyata keçirirdilər. Saysız-hesabsız vergilər, əhalinin yoxsulluğu və məmurların xalqa divan tutması dözülməz həddə çatmışdı. Arazın şimalında yerləşən Azərbaycanın dəfələrlə yüksək həyat şəraiti cənubi azərbaycanlıları inqilaba və dəyişikliyə sövq edən amillərdən idi.

Bu məsələyə toxunan Əhməd bəy Ağaoğlu yazırdı: Qafqaz Azərbaycanında nizam-intizam və həyat şəraiti Qacar Azərbaycanı ilə müqayisədə o qədər yüksək idi ki, sırf şimaldakı fabriklər, zavodlar, dükanlar, neft quyuları və tramvay xəttlərində hambal işləmək üçün on minlərlə cənub azərbaycanlısı sıraya düzülür və əməyini cəmi bir neçə abasıya təklif edirdi. Dolayısıyla, Arazın şimalı Arazın cənubunda yaşayanlar üçün rifah və qurtuluş məkanına çevrilmişdi...

II Qadisiyyə faciəsi

Təxminən 14 əsr əvvəl qədim farsların hədsiz özgüvənləri böyük Sasani dövlətininin süqutu ilə nəticələndi. 14 əsr sonra isə eyni özgüvən, yaxud, əbləh arxayınçılığı İrandakı minillik türk ağalığının sonuna gətirib çıxartdı. Təsəvvür edin, Qacar şahları o qədər ağını çıxarmışdılar ki, ingilis-rus dövlətlərinin təsiri və təzyiqi altında olmalarına baxmayaraq, özlərini Tanrı ilə tay tuturdular. Məsələn, Nəsrəddin şah Qacar elan etmişdi ki, onda olan bütün haqq və hüquq Tanrıdan gəlib və bu vəzifədən onu heç kəs məhrum edə bilməz, kimsənin buna mənəvi və maddi hüququ çatmaz. Bu səbəbdən, özünə “Züllullah” ləqəbi götürən şah elan etmişdi ki, bütün dünyanın şahıdır və İranda olan hər kəs ona şəkk-şübhəsiz etiqad və itaət etməlidir.

Yeri gəlmişkən, vurğulamaq yerinə düşər ki, şah Nəsrəddin Qacar yazdırdığı şəcərə ağacında özünü müsəlmanların 4-cü xəlifəsi imam Əli ibn Əbu-Talib ilə qohumluğa calamışdı...

Parisin fontanları

Nəsrəddin şah Qacar 1896-cı ildə Parisdə istirahətdə ikən hava şarında uçur, tramvaya minir və avtomobil idarə edir, fransız şair Hüqo Le Rou ilə görüşür. Le Rou Nəsrəddinə deyir ki, burada hava şarında uçdunuz, tramvayda, avtobilində gəzdiniz, yaxşı qəzetlər, kitablar oxudunuz, teatrlara tamaşa etdiniz. Təmənnamız budur ki, İrana qayıtdıqdan sonra Ari irqindən olan İran xalqına (?!) da bu fürsətləri yaşatmaq üçün əlinizdən gələni edəsiniz...
Nəsrəddin şah: Eşitmişəm, siz şairsiniz, doğrudurmu?
Hüqo Le Rou: Doğrudur, əlahəzrət.
Nəsrəddin şah: Gəl şeiriyyatla bağlı yaradıcılıq və xəyallar qurmaq qabiliyyətimizi elə şeiriyyatda saxlayaq və İran xalqı ilə bağlı boş xəyal qurmayaq.

Qayıdaq Təbrizə

Təbriz daxilində şahı dəstəkləyən qüvvələrlə yanaşı (onlara rus zabit Polimov başçılıq edirdi) inqilabçı qüvvələr arasında gedən mübarizə ikincilərin qələbəsilə yekunlaşır ki, bu qələbədə Səttarxan və köməkçisi Bağırxanın adı önə çıxır.

1907-ci ildə silahlı xalq hərəkatını yatırmaq üçün fars sədr-əzəm Eynüddövlənin göndərdiyi qoşun Təbrizdə darmadağın edilir. Ardınca şah 1908-ci ilin iyununda çar polkovniki Lyaxovu (Lyaxov 1916-cı ildə Trabzonu işğal etmişdi) Tehranın hərbi qubernatoru təyin edib, Təbrizin üzərinə göndərir. Şahın və Lyaxovun kazak süvarilərindən ibarət qüvvələrinin Təbrizə hücumundan sonra Səttarxanın rəhbərliyi altında Ali Hərbi Şura yaradılır. Ali Hərbi Şuranın baş komandanı Səttarxan və onun müavini Bağır xan, üzvləri Əli Müsyo, Hacı Əli, Seyid Haşim xan və digərləri təyin edilirlər.


1909-cu ilin aprel ayına qədər çoxsaylı itkilərə baxmayaraq, Rus-Şah silahlı qüvvələri Təbrizdən çıxarılır. Bu döyüşlərdə Səttərxan və Bağır xan nümayiş etdirdikləri qeyri-adi qəhrəmanlıqları müqabilində Azərbaycanın əyalət əncüməni tərəfindən müvafiq olaraq, "Sərdari-milli" (Milli başçı) və "Salari-milli" (Milli sərkərdə) fəxri adlarına layiq görülürlər.

Burada qeyd etmək yerinə düşər ki, məşhur bakılı mesenat Hacı Zeynalabidin Tağıyev də Səttarxan və birləşməsinə istisna formada maddi yardım göstərirdi.

Qacar dövlətində vətəndaş müharibəsi

Nəzərə alsaq ki, Qacarlar türk tayfası idilər və onların idarə etdiyi indiki İran ərazisi türklərin nəzarətindəki bölgə idi, mərkəzi Təbriz olan mübarizəni türk-qacar dövlətindəki daxili mübarizə və Vətəndaş müharibəsi adlandırsaq, yanılmarıq. Baxmayaraq ki, Qacar nəslinin idarə etdiyi bu dövlət birbaşa Rusiya və İngiltərədən asılı idi, formal olaraq türk-Azərbaycan xanədanının nəzarəti altında sayılırdı.

Antantadaxili sövdələşmədən sonra İngiltərə və Rusiya türk-müsəlman coğrafiyasını bölməyi qeyri-rəsmi olaraq razılaşdırmış və bunun nəticəsində həm Osmanlının, həm də Qacar xənadanının torpaqlarını öz aralarında nəzəri olaraq paylaşmışdılar. Plana əsasən, Qacar torpaqları nüfuz dairələrinə bölünəcək və orada əsrlər boyu türk xaqlarının hakim olmasına baxmayaraq, ərazi müxtəlif xalqlar arasında nüfuz dairələrinə parçalanacaq, mərkəzi hakimiyyətə isə əsasən fars-tacik mənşəli xalqlar gətirilicəkdi. Bunun üçün ərazidə hegemon olan Türk-Qacar hakimiyyəti yıxılmalı və ona qarşı çıxan Təbriz mərkəzli hərəkatın böyüməsi üçün lazım olan bütün addımlar atılmalı idi.

“Azadlıq, Ədalət, Milli Hökumət”

Bu vətəndaş müharibəsi zəminində Şah qüvələri Təbriz mərkəzli Azərbaycana nə qədər hücum etsələr də, məğlub olub geri qayıdırlar. Təbrizi paytaxt elan edən Səttarxan milli hökuməti bəyan edib, xalqının min ildir bu torpaqlardakı iqtidarını və ana dilinin tədrisini bərpa etdiyini bildirir.


Növbəti aylarda Tehran hökuməti Səttarxana qarşı dəfələrlə hücum təşkil etsə də, nəticə əldə edə bilmir və yardım üçün çar 2-ci Nikolaya müraciət edir. Rusiya İrandakı inqilabi hərəkatı rus mütləqiyyətinə qarşı təhdid gördüyü üçün Müzəffərrədin şahı dəstəkləyir və Təbrizdəki hərəkatı yatırtmaq üçün şaha kazaklardan ibarət 60 minlik ordu göndərir. Nəticədə, Rusiya imperiyasının Cənubi Azərbaycana hərbi müdaxiləsi başlayır və 1909-cu il aprelin 25-də rus qoşunu Təbrizə daxil olur.

Böyük görüş

1909-cu ildə Təbrizə səfər edən Məhəmməd Əmin Rəsulzadə orada Səttarxanla görüşür və Cənubi Azərbaycanda “Yeni İran” adlı qəzetin nəşrinə başlayır. Həmin vaxt Səttarxanın 42, Rəsulzadənin isə 25 yaşı var idi. Rəsulzadə Səttarxanla yanaşı, onun köməkçiləri Bağırxan, Əli Müsyo, Heydər Əmioğlu, Mehdi Kuzekarani, Hüseyn Bağban, Baxşəli xan Yekanlı, Hacı Əli Davaçı, Mirzə Kərim Bəzzaz, Üsgülü Məşədi Məhəmməd Əmioğlu, Səid Səlmasi və bir çoxları ilə də görüşüb, onlardan müsahibə alaraq, “Tərəqqi” qəzetinə nəşrə göndərir.
Rəsulzadə yazırdı:
“Bütün İranda şöhrət qazanmış olan bu qəhrəmani-millinin ziyarətinə nail oldum. Sərdarın zahirini təsvir еtmək mənə əbəsdir. Zira bu surəti-bеnami tanımayan bir nəfər tapılmaz. Sərdarın hərəkəti xеyli cəlddir, danışığı çox ciddidir. Bu adam məşrutə tərəfdarı olmaqda çox həvəslidir! Bütün hərəkətini, vücudunu millətə sərf еtmişdir”.

Bu ərəfədə Səttarxanın şöhrəti artıq Qacar dövlətinin hüdudlarını çoxdan aşmışdı. Rusiyanın “Novaya Vremya” jurnalı Səttarxanı “Xalq qəhrəmanı”, İtaliya mətbuatı isə “İranın Hannibalı” adlandırırdı.

Uzun, incə yol

Təbrizdə müstəqil Azərbaycan və Rus-ingilis dəstəkli Tehran hökuməti arasında savaşın davam etdiyi bir məqamda İngiltərənin xarici işlər naziri Edvard Karinin təklifilə Təbriz hökumətinin rəhbərləri Tehrana danışıqlara çağırılırlar. Ölkəsinin toxunulmazlığı və can güvənliyi baxımdan təminat alan Səttarxan ən yaxın dostu Bağır xanla birgə 1910-cu il mart ayının 6-da Tehrana yola düşür. 1910-cu il aprel ayının 3-də Səttarxan Tehrana çatır.


Səttarxan və şah arasında danışqlar aparlır, lakin görünən budur ki, xan öz Azərbaycanının milli maraqlarını güzəştə getmir və...

Xəyanət

…1910-cu ilin 7 avqust gecəsində şah qoşunları Atabəy parkına hücum edirlər, ağır atışma başlayır. Səttarxan ayağından yaralanaraq, həbs edilir, qoşunlarına Tehrandan çıxmağa imkan verilmir. Aldığı yaraya görə uzun müddət yataq xəstəsi olan Səttarxan 1914-cü il noyabrın 16-da Tehranda dünyasını dəyişir.

Səttarxan hərəkatının özəlliyi ondan ibarət idi ki, bu hərəkatda fəhlə, kəndli, əkinçi, sənətkar, burjua və xalqın bütün təbəqələrindən olan nümayəndələri iştirak edirdi.

Asanlıqla demək olar ki, Səttarxan hərəkatı özündən sonra dərin bir iz açdı və bu müqəddəs estafeti Məhəmməd Xiyabaniyə uzatdı.

Azadıstan

Dediyimiz kimi, Səttarxanın başçılığı altında olan hərəkat Cənubi Azərbaycanda yeni demokratik meyllərə təkan verdi. 1920-ci ilin 7 aprelində Təbrizdə üsyan başladı. Təbrizin məşhur Xamnə kəndindən olan Şeyx Məhəmməd Xiyabaninin başçılığı altında olan üsyan 1920-ci il iyunun 24-də Milli hökumətin – Azadıstan dövlətinin elan edilməsi ilə nəticələndi.


Yaxşı təhsil almış, rus, fars, ərəb dillərini bilən, həm şeyx, həm də dünyəvi bir sima olan Xiyabaninin siyasi-inqilabi fəaliyyəti əslində Məşrutə hərəkatı vaxtından, inqilabi fəaliyyəti 1905-1911-ci illər Səttarxan hərəkatı zamanı başlamışdı. 1908-1909-cu illər Təbriz üsyanı zamanı Xiyabani bir tərəfdən əlinə silah alır, o biri tərəfdən Azərbaycan vilayətindəki çıxışları ilə yadda qalır, çoxsaylı tədbirlərin təşəbbüskarı olur. Qafqazdan, əsasən də Şimali Azərbaycandan gələn fədailərin yerləşdirilməsi və maarifləndirilməsi işləri məhz Xiyabaniyə tapşırılmışdı.

1917-ci ildə Azərbaycan Demokrat Partiyasını quran Xiyabani həm də “Təcəddüd” qəzetini təsis edir. Yenilənmə mənasını daşıyan “Təcəddüd” həm türk, həm də fars dillərində nəşr edilir, qəzetdə Xiyabaninin fikirləri, niqtləri ilə yanaşı, Cənubi Azərbaycan xalqı arasında milli şüurun təbliğinə geniş ayrılır:
“Ey qeyrətli və qorxubilməz Azərbaycan! Bütün təqdir və təriflər verdiyin şəhidlərin qanı bahasınadır. Eşitdiyin bu səs onların səsidir! Dinlə və ayıl! Ey demokratik Azərbaycan, başını qaldır! Hələ də azərbaycanlıların qanı axıdılmaqdadır. Bu gün Tehranın gözü Azərbaycanın parçalanmış vücuduna tikilmişdir. Ey ölməz Azərbaycan, bu ümidləri doğrult, başını yuxarı tut, yaşa, əbədi yaşa!”

“Ya müstəqil olacaqsan, ya da!..”

Proseslərin aktiv fazaya keçməsi 1919-cu ildə İngiltərə ilə İranın fars mənşəli Baş vəziri Vüsuqüddövlə arasında 1907-ci il müqaviləsini əvəz edən bir müqavilənin bağlanması ilə başlayır. Bu müqaviləyə əsasən, İran dövlət başçıları məşrutə qanunlarını rədd edir. Azərbaycan Demokratik Partiyası isə qəti mövqe tutaraq, Tehran hakimiyyətinə qarşı mübarizəni genişləndirir.


Vüsuquddövlə isveçrəli Bierlinq Flenqi Azərbaycan polisinə rəis təyin edir və qiyamçılara qarşı sərt tədbir görməyi tapşırır. Flerinqin Təbrizə gəlməsindən sonra polis ADP üzvlərinə qarşı amansız təqibə başlayır. Nəticədə iğtişaşlar böyüyür. İğtişaşlara tələbələr də qoşulur və Xiyabaninin başçılığı ilə davam edən hərəkat həbsxanalardan məhkumların azad edilməsilə daha da qarşısıalınmaz olur.

Xiyabani Azərbaycanda Tehrandan asılı olmayan dövlət qurmaq istəyirdi. Beləliklə o, xalqın dəstəyi ilə 1920-ci ilin baharında Təbrizə nəzarəti ələ keçirib, “mustəqil olmayan xalqın əzmi və hörməti olmaz” deyərək, Cənubi Azərbaycan-Azadıstan-Demokratik Respublikasını qurduğunu elan edir.

Yazının növbəti hissəsində Xiyabaninin qurduğu dövlətin başına gətirilənlər milli-azadlıq hərəkatının növbəti fazası – Pişəvəri hərəkatının maraqlı tarixçəsi ilə tanış olacaqsınız.

Tural Bakuvi
Tarixçi, bəstəkar
Xüsusi olaraq AzVision.az üçün


Bu material Medianın İnkişafı Agentliyinin dəstəyilə hazırlanıb
Mövzu 6.3.14.
Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi.


Teqlər: İran   Azadlıq-hərəkatı  





Xəbər lenti