Türk dünyasının xəyalları gerçəkləşir

   Türk dünyasının xəyalları gerçəkləşir
  14 Noyabr 2022    Oxunub:1839
Elməddin Behbud,
Jurnalist,
Türk Konseyinin Gənclər Platformasının Baş Assambleyasının üzvü olan “Demokratik Azərbaycan naminə” gənclərin İctimai Birliyinin (DANİB) sədri


Türk dünyasının, xüsusi ilə də Azərbaycanın etnik coğrafiyası onun siyasi coğrafiyasından qat-qat böyükdür. Bu gün Azərbaycan Respublikası hər tərəfdən öz tarixi torpaqları ilə həmsərhəddir. Bu, bir yandan torpaqlarımızın bölünməsi, gücümüzün, dünyanın və regionun iqtisadi-siyasi həyatına təsir imkanımızın azalmasıdırsa, digər tərəfdən də bizi hər zaman düşünməyə məcbur edən, pasionarlığımızı stimullaşdıran və milli kimlik şüurumuzu diri saxlayan başlıca amillərdən hesab olunur.
İlham Əliyevin ali baş komandanlığı ilə 44 günlük Vətən müharibəsi Azərbaycanın regionda yeni geosiyasi reallıqlar yarada bilən mühüm güc olduğunu göstərdi. Ötən iki ildə Azərbaycanın izlədiyi daha çevik və haqlı olaraq ambisiyalı siyasət isə xarici siyasətimizdə yeni mərhələnin əsas ştrixlərindən sayılır.

Azərbaycan 44 günlük Vətən müharibəsi ilə Ermənistan başda olmaqla bir çox geosiyasi mərkəzlərin "Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur" tezisinin praktik olaraq çürüklüyünü isbat etdi. Beynəlxalq vasitəçilərin 30 illik susqunluğu və fəaliyyətsizliyi qarşısında öz gücünə inandığını real şəkildə göstərdi və torpaqlarını Ermənistanın işğalından azad etdi. Azərbaycan müharibədən çıxan dövlət olmasına baxmayaraq Ermənistanın kapitulyasiya aktı imzalamasından dərhal sonra işğaldan azad etdiyi ərazilərdə nəhəng infrastruktur layihələrinin hazırlanmasına və həyata keçirilməsinə başladı. Öncə Füzulidə, sonra isə Zəngilanda beynəlxalq hava limanı inşa etdi. Laçında beynəlxalq hava limanının inşasına başladı. Zəngəzur dəhlizinin Azərbaycandan keçən hissəsi üzrə dəmiryolu və avtomobil yolunun inşasını sürətlə həyata keçirir.
Məcburi köçkünlərin doğma yurdlarına köçürülməsi ilə bağlı ilk pilot layihə başa çatdırıldı və artıq yerli sakinlər Ağalıda - "ağıllı kənd"də yaşamaqdadır. Hazırda Ağdamdan Laçınadək bu rayonların ərazisi böyük inşaat meydançasını xatırladır.

Bu infrastruktur layihələri ilə yanaşı Azərbaycan ölkəmizdəki səfirliklərin, beynəlxalq təşkilatların, müxtəlif ölkələrin vətəndaş cəmiyyəti institutlarının - media, QHT nümayəndələrinin işğaldan azad etdiyimiz ərazilərə səfərini təşkil edərək Ermənistanın azərbaycan xalqına aid maddi mədəniyyət abidələrini və yaşayış evlərini vəhşicəsinə darmadağın etdiyini nümayiş etdirməklə informasiya müharibəsində də fasilə olmasına imkan vermədi.

Eyni zamanda dövlətimiz ikitərəfli və çoxtərəfli qaydada beynəlxalq münasibətlərin subyekti kimi regional təhlükəsizliyin təmin olunması, nəqliyyat dəhlizlərinin effektivliyinin artırılması, enerji daşıyıcılarının dünya bazarına çıxarılması və digər bir sıra mühüm sahələrdə də yetərincə uğurlu və fəal siyasət aparır. Sevindiricidir ki, Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biri kimi Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm tərəfdaş kimi beynəlxalq etimadını artırmaqdadır.

Azərbaycan Prezidentinin türk dünyasının qədim svilizasiya mərkəzlərindən olan Səmərqənddə söylədiyi "Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır" fikrini xarici siyasət kursumuzun yeni elementi, həmçinin, tarixi proseslər nəticəsində Azərbaycanın bu gün 86,6 min kv. km əraziyə məhkum edilməsinə etiraz kimi də qəbul etmək olar.

Azərbaycanlıların etnik coğrafiyasından danışarkən diqqət müstəqil dövlətimizdən sonra təbii olaraq ilk növbədə İrana yönəlir. O İrana ki, son min illik tariximizin ən mühüm və hazırda əhalisinin sayına görə ikinci böyük türk dövlətidir. Azərbaycanın heç zaman İran əlehinə beynəlxalq sanksiyalara qoşulmamasına və bır sıra sahələrdə İrana davamlı şəkildə dəstək olmasına baxmayaraq rəsmi Tehranın anti-Azərbaycan siyasəti zaman ötdükcə daha da vüsət almaqdadır. Azərbaycanın Qarabağı erməni işğalından azad etməsindən sonra isə əhalisinin əksəriyyəti müsəlman, yarıdan çoxu isə türk olan İran Azərbaycanı açıq şəkildə təhdid etməyə və müstəqil dövlətimizə qarşı açıq şəkildə ermənilərlə eyni mövqedən çıxış etməyə başlayıb. Təbii ki bu, qarşılıqsız qala bilməz və istər Azərbaycan silahlı qüvvələrinin ölkəmizin cənub ərazilərindəki hərbi təlimləri, istərsə də Ərdəbildən Tehranadək güneyli azərbaycanlıların sosial şəbəkələrdə və meydanlarda aktiv etirazı ilə cavablandırılır.

Bəli, bu gün 97 il öncə İran adlanan dövlətdə itirdiyimiz (1925-ci ilin dekabrında Əhməd Şah Qacar devrildi və Rza Pəhləvi Şah elan olundu) siyasi idarəçilik kürsüsünü qısa müddətdə bərpa etməyimiz bir çoxlarına o qədər də praqmatik baxış, real gözlənti təsiri bağışlamaya bilər. Ancaq etiraf etməliyik ki, türk dünyasının birliyi, müstəqil türk dövlətlərinin konsaldasiyası istiqamətində bu gün gəlinib çıxılan mərhələ də vaxt var idi ki, xəyal idi.

Cari ilin iyun ayının əvvəllərində Buxarada Türk Dövlətləri IV Gənc Liderlərin Forumunda iştirak edərkən Selçuq Bayraktarın şəhərin qədim qala divarlarının önündəki açıq hava toplantısında yüzlərlə insanın önündə söylədiyi möhtəşəm nitqi, o cümlədən onun türk gəncliyinin qarşısında duran vəzifələr və Qarabağ zəfəri barəsindəki fikirlərini dinləyərkən istər-istəməz gözümün önündə Əmir Teymurun möhtəşəm zəhimli siması, bozqırların hakimi olan qıyıqgözlü türk atlıları, Türküstan çöllərində bolşeviklərlə son gülləsinə qədər vuruşub şəhid olan mübarizlərimiz canlanırdı. Yaxınlığımda əyləşən Özbəkistanın dövlət qurumunda çalışan şəxsdən soruşdum ki, 10 il öncə burada türk dünyası ilə bağlı belə toplantı keçirmək mümkün idimi? Həmin şəxs gözünü qırpmadan mənə "xeyr" cavabı verdi və mənalı baxışları ilə bu cavabı sanki uzun-uzadı izah etdi...

Bu cəhətdən hazırda müasiri olduğumuz və qlobal proses artıq regionda təhlükəsizliyin təmin olunması üçün öz siyasi, iqtisadi və hərbi gücünə söykənən yeni geopolitik çətirini formalaşdırmaq yolunda dayanmadan irəliləyın Türk Dövlətləri Təşkilatının sıralarına müəyyən zaman ötəndən sonra nəinki Güney Azərbaycanın, hətta gələcəkdə mərkəzdənqaçma meyillərinin məntiqi sonluğa çatacağı Rusiyanın federal subyektləri olan Tatarıstan, Başqırdstan və Yakutyanın da qoşulması sürpriz olmamalıdır.

Türk dünyası bu gün 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanan Naxçıvan müqaviləsi ilə təsis olunan Türk Dövlətləri Təşkilatı (TDT) müstəvisində vahid məqsədlər ətrafında konsoldasiya olur, sıralarını genişləndirir, bütövləşir, əməkdaşlığını dərinləşdirir və inkişaf edir.

TDM bu gün ÜDM-in həcminə görə dünyada 7-ci böyük iqtisadi gücdür. Türk dövlətlərinin alıcılıq qabiliyyəti (PPP) nəzərə alınmaqla ÜDM-i hazırda 4 trilyon 586 milyard dollar miqdarında qiymətləndirilir. Alıcılıq qabiliyyəti ilə Türkiyə 3 trilyon 320 milyard, Qazaxıstan 596,7 milyard, Özbəkistan 334.3 milyard, Azərbaycan 178.7 milyard, Türkmənistan 117.8 milyard və Qırğızıstan 39.2 milyard dollar ÜDM-ə malikdir. Təbii ki, episentrində Türkiyənin dayandığı TDT tarixi və mədəni eyniliyin verdiyi siyasi güclə yanaşı uzun müddət müxtəlif qlobal güclərə xidmət edən bu iqtisadi potensialını da real dəyərləndirir.
11 noyabrda keçirilən Səmərqənd Zirvə görüşü yeni inkişaf hədəflərinin əksini tapdığı “Türk Dünyasına Baxış – 2040” proqramının qəbulu ilə də əlamətdar oldu. Sənəddən aydın olur ki, qarşıdakı dövrdə TDT-yə üzv ölkələrin sosial-iqtisadi inkişafına təkan vermək üçün iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, siyasi və təhlükəsizlik sahələrində münasibətlərin daha sürətlə inkişaf etdirilməsi, müdafiə sənayesi sahəsində iş birliyinin artırılması təşkilat üçün əsas prioritetlərdən olacaq.

Bir neçə gün öncə başa çatan sonuncu zirvə görüşündə TDT-nin 2023-cü ili “Türk sivilizasiyasının yüksəlişi ili” elan etməsi də təşkilatın çağımızın tələbləri çərçivəsində birgə inkişafa nail olmaq və iddialarını gerçəkləşdirmək üçün inteqrasiya prosesini sürətləndirmək əzmində olduğunu göstərir.

TDT-nin lokomotivlərindən olan Azərbaycanın türk dünyasının siyasi coğrafiyasının qərb və şərq hissələrinin ayrılma nöqtəsi olan Zəngəzura olan tarixi haqqımızla bağlı mövzunu fəal şəkildə siyasi diskursa gətirməsi, 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyənnamənin 9-cu bəndinin icrasını müxtəlif bəhanələrlə təxirə salmağa çalışan Ermənistan qarşısında dəhlizin açılması ilə bağlı israrlı və qəti mövqe nümayiş etdirməsi türk dövlətləri arasında ticarət dövriyyəsinin perespektiv planda xeyli yüksələcəyini vəd edir. Prezident İlham Əliyevin Azərbaycanın Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq etməsi ilə bağlı bu gün Səmərqənddə verdiyi açıqlama, "Zəngəzur dəhlizinin açılmasından bütün region ölkələri faydalanacaq" mesajı da bu kontekstdə mühüm əhəmiyyətə malikdir.

Bu gün "Türk mədəniyyəti üçün yeni dönəm: Otaq İnkişaf və Rifaha doğru" şüarı ilə 8-ci Zirvə görüşünü keçirən və Quzey Kıbrıs Türk Cümhuriyyətini (KKTC) də müşahidəçi üzv statusu ilə sıralarına qəbul edən Türk Dövlətləri Təşkilatı yenidən dizayn olan və qütbləşməsi kəskinləşən müasir dünyada Asiyanın əski və ən böyük gücünün təmsilçisi kimi yeni geosiyasi mərkəzə çevrilmək iddiasını bir daha elan etmiş oldu. Azərbaycan da böyük türk ailəsinin üzvü kimi addım-adım bütövləşməyə və Turana doğru gedir. Xəyal yox, gerçək Turana!


Teqlər: Türk-dünyası  





Xəbər lenti