Zəngəzur dəhlizi Çindən yüklərin çatdırılma vaxtını 2 həftə azaldacaq

 Zəngəzur dəhlizi Çindən yüklərin çatdırılma vaxtını 2 həftə azaldacaq
  14 Noyabr 2022    Oxunub:1209
Zəngəzur dəhlizinin açılması Çindən Azərbaycan və region ölkələrinə dənizlə gələn yüklərin vaxt baxımından 2 həftə daha tez çatması deməkdir.
AzVision.az xəbər verir ki, bunu "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Strateji planlaşdırma və inkişaf departamentinin müdiri Xudayar Həsənli deyib. O qeyd edib ki, vaxta qənaət edilməsi sahibkarlar üçün önəmlidir, bu eyni zamanda qiymətlərə də təsir edir:

"Sahibkarlar bununla daha çox gəlir əldə edəcək. Gürcüstan limanlarının qiyməti çox bahadır və alternativi yoxdur. Türkiyənin Mersin limanı üzərindən yüklər Zəngəzur dəhlizi ilə daşınsa bu, ikiqat ucuz başa gələcək. Eyni zamanda sərhəd keçid məntəqəsinin olmaması da vaxta və xərcə təsir edəcək".

X.Həsənli qeyd edib ki, qlobal logistikada olduğu kimi regional daşınmada da Zəngəzur dəhlizi vaxt və xərc baxımından önəmlidir: "Türkiyədən gələn tırlar Naxçıvandan Zəngəzur dəhlizi ilə Bakı limanına və oradan Asiyaya, eyni zamanda əksinə daha az vaxtda gedəcək və xərc də aşağı olacaq. Zəngəzur dəhlizi eyni zamanda Orta Asiya ölkələrinin gübrə məhsullarının daşınması baxımından da əhəmiyyətlidir.

Gübrə məhsulları Afrika ölkələrinə daşınması vaxtı aşağı düşür. Gürcüstanın Poti Limanı vasitəsilə daşınma daha böyük vaxt və xərcə səbəb olur. Orta Asiyanın icraxı ilə yanaşı, eyni zamanda Avropa və Amerikadan idxalı var. Bu yüklər Türkiyəyə Mersinə gəlib, oradan Zəngəzur dəhlizi ilə limana, oradan Asiyaya gedə bilər".

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti