Su hövzələri ilə bağlı monitorinqlər necə aparılır?

Su hövzələri ilə bağlı monitorinqlər necə aparılır?
  18 Noyabr 2022    Oxunub:984
Ölkənin mövcud su hövzələrində ekoloji təhlükəsizliyin təmin olunması mühüm amillərdən biridir. Bu baxımdan Xəzər dənizinin ekoloji təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm əhəmiyyətə malik bir sıra dövlətdaxili normativ aktlar qəbul olunub. Ancaq ölkədəki su hövzələrində aparılan monitorinqlər hələ də bu istiqamətdə bir sıra problemlərin olduğunu göstərir.
Müsahibimiz Azərbaycan Dövlət Pedoqoji Universitetin professoru, Ekoloji Monitorinq Fondunun prezidenti Rauf Sultanovdur:

-Azərbaycandakı su hövzələrinin ekoloji təhlükəsizlik səviyyəsini necə dəyərləndirirsiniz? Bu gün hansı su hövzələri çirklənmə ilə bağlı riskli həddə çatıb?

-Su həyatın əvəzsiz hesab edilən mineral maddəsidir. Dünyada okeanlarda, göllərdə, yeraltı sularda, buzlaqlarda, çaylarda müəyyən su ehtiyatları var. Dünya okeanında 1 milyon 338 min kub kilometr su ehtiyatı var. Ancaq şirin su ehtiyatı cəmi yer səthində 53 faizdir. Şirin suyun 30,1 faizi yeraltı sularda, 68,7 faizi buzlaqlar və qar örtüyündədir. Yer kürəsində bütün göllərin ümumi sahəsi 2 milyon kvadrat kilometrdir ki, suların miqdarı müəyyən kütlələrdə qanunauyğun şəkildə deyil, müəyyən regionlarda daha çox, bəzi yerlərdə daha azdır. Məsələn, dünya miqyasında şirin su ehtiyatının 40 faizi Rusiya ərazisindədir. Azərbaycanda isə su ehtiyatları olduqca azdır və ən böyük çay Kür çayıdır ki, uzunluğu 1515 kilometr, Araz çayı 1072, Alazan çayı 413 kilometrdir. Bu çayların əksəriyyəti öz başlanğıcını Türkiyədən götürürlər. Məsələn, Kür çayı Türkiyədə 200 kilometr, Gürcüstanda 400, Azərbaycan ərazisində isə 900,5 kilometr sahəni qət edir. Baxmayaraq ki, Kür çayı Azərbaycan ərazisində daha çox sahəni əhatə edir, Azərbaycanın şirin su ehtiyatının üçdə ikisi transsərhəd ərazidə yerləşən dövlətlərin hesabına formalaşır. Bu o deməkdir ki, dünya miqyasında ən az şirin suyu olan ölkələrdən biri də Azərbaycandır. Nə yaxşı ki, Gürcüstanda əhalinin sayı Azərbaycandan iki dəfə azdır. Gürcüstan Kür çayından maksimum istifadə edə bilmədiyi üçün bizim üçün şərait yaradır. Kür çayından vaxtilə Türkiyə ərazisində istifadə edirdi, ancaq beynəlxalaq konvensiyaya görə bunu istifadə edə bilməz. Çünki o çayın qarşısını kəsə bilmədi. Gürcüstan da kəsə bilməz. Azərbaycanın nailiyyəti odur ki, Kür çayının suyu Xəzərə tökülür və maksimum istifadə edə bilər. Çox təəssüflər olsun ki, Kürün şirin suyundan səmərəli istifadə edə bilmirik. Kapitalist ölkələri ilə müqayisə etdikdə Azərbaycan 10 dəfə artıq şirin sudan istifadə edir. Bu şirin su o qədər qiymətlidir ki, onun çirklənməsinin qarşısının alınması qlobal problemlərdən biridir. Gürcüstanın su müfəttişlərinin məlumatına görə, Tbilisi şəhəri daxilində çay suyunda olan zəhərli üzvü maddələrin miqdarı qəbul olunmuş son həddən 20 dəfə, neft məhsulları 330 dəfə, xrom 30, mis, kalium 10, sink 13, mədə-bağırsaq bakteriyaları 338 dəfə artıqdır. Belə çıxır ki, Kür çayının suyu təmizlənməsə istifadəyə tamamilə yararsızdır. Kür çayının çirklənməsi həm də Ermənistan ərazisindən qaynaqlanır. Belə ki, Kürün sağ qolu olan Xram çay Kürə çoxlu çirkab suları gətirir. Gürcüstan ərazisində Xram çaya Ermənistanın ən çirkli çayı olan Debed çayı qovuşur. Ermənistanın əlvan metallurgiya, kimya, yüngül sənaye mərkəzləri olan Kirovokan, Stepanovan şəhərləri bu çayın hövzəsində yerləşir. Bu gün Xəzərin çirklənməsində, ətrafında olan 5 ölkənin də rolu var ki, bunlar Rusiya, Azərbaycan, Qazaxıstan, İran və Türkmənistandır. Gürcüstan və Ermənistan Xəzərlə əlaqəsi olmamasına baxmayaraq, Kür çayının çirklənməsində müstəsna rolu var, ancaq həmin ölkələr beynəlxalq konvensiyalara qoşulmurlar. Əgər bu ölkələr beynəlxalaq su konvensiyalarına qoşulsaydılar dünya miqyasında müəyyən monitorinqlər aparmaqla bu işdən çəkindirmək mümkün idi.

-Son vaxtlar Xəzərin suyunda baş verən azalmanın çirkləməyə təsiri varmı?

-Son illər Xəzər səviyyəsinin dünya okean səviyyəsindən 25,5-29 metrə qədər aşağı düşməsi çirklənməni daha da artırır. Bu da neft çıxarılması nəticəsində dənizin flora və faunasına öz təsirini göstərib. Xəzərə axıdılan çirkab sularının miqdarı Kür və Araz çaylarının illik su balansından 1,6 dəfə çoxdur. Bakı-Abşeron akvatoriyasında neftlə çirklənmə yenə də davam edir. Sənaye müəssisələri, toxuculuq, gön-dəri zavodlarından gün ərzində dənizə 1400-1900 kubmetr çirkab su axıdılır.Bundan başqa Xəzərin dənizinin çirklənməsinin 80 faizi Rusiya ərazisindən axıdılan Volqa, Don çayının payına düşür. Həmin çayların ərazisində milyonlarla insanlar yaşayır. Yalnız Volqa, Don çayı ərazisində 20-25 milyon əhali yaşayır ki, oradakı sənaye, məişət tullantıları həmin çaylara axıdılır. Bu suların təmizlənib Xəzərə axıdılması mühüm önəm kəsb edir. Bunun müəyyən fəsadları olur. Dünya miqyasında oksigenin əmələ gəlməsinin 60 faizi okean, dəniz, çayların ərazilərində olan bitkilər tərəfindən, 40 faizi isə quruda ifraz edilir. Qurudakı ərazilərdə məsələn, təbiətdə olan bitkilər, meşələr məhv olsa da yenidən salına bilsələr də okean, dənizdə məhv olmuş bitkiləri bərpa etmək mümkün deyil. Əgər bitkilər məhv olursa, bitkilərlə qidalanan canlılar, mikroorqanizmlər də məhv olur və qida zənciri qırılır. Ona görə də Xəzərə daxil olan çirkləndirici nitratların 94, kaliumin 95, fosfatların 92 faizi çaylar vasitəsilə daxil olur. Eləcə də Xəzərin ərazisinə il ərzində daxil olan neft məhsullarının miqdarı 75 min tondur. Xəzər dənizi hövzəsindəki 5 ölkə əhalisinin artım sürətini götürsək yaxın gələcəkdə 260 milyonu keçəcək. Bütün bunlar Xəzər dənizinin çirklənməsinə böyük təsir göstərir. Xəzərin problemi onun sahilində yaşayanların problemi ilə vəhdət təşkil edir. Bu baxımdan Xəzərin mühafizəsi onun sahilində yaşayan milyonlarla insanların, bütün Azərbaycanın və digər ölkələrin sosial-iqtisadi və siyasi həyatına köklü təsir göstərir. Xəzərin çirklənməsi qlobal bir problemdir. Həmin 5 ölkə Xəzərin çirklənməsi ilə bağlı müəyyən konfranslar keçirir, qərarlar verilir. Azərbaycanda bu gün daha çox neft məhsulu çıxarılır. Ancaq vaxtilə həmin çirklənmənin qarşısının alınması üçün müasir texnologiyalardam istifadə olunmayıb. Onun nəticəsidir ki, bu gün elə ərazilər var 1,5 metr neft məhsulları ilə çirklənib. Onun təmizlənməsi üçün 100 milyonlarla maliyyə vəsaiti lazımdır. Təbiət özünü müəyyən müddətdən sonra bərpa etmək xüsusiyyətinə malikdir. Ancaq həmin çirklənmə o dərəcədə yüksək səviyyədədir ki, qarşısının alınması çətinlik yaradır. Bu gün Xəzərdən çıxarılan neft müasir texnologiyalar əsasında istehsal olunur və əvvəlki illərlə müqayisə olunduqda dənizə axıdılan neft məhsullarının miqdarı min dəfə azdır. Çünki hazırda ekoloji baxımdan səmərəli texnologiyalardan istifadə edilir.

-Hazırda su hövzələrində mövcud çirklənmənin qarşının alınması istiqamətində həyata keçirilən tədbirləri qənaətbəxş hesab edirizmi?

-Azərbaycanda sutəmizləyici müəssisələr var ki, məişət tullantıları təmizlənərək Xəzərə axıdılır. Ancaq elə bir səviyyədədir ki, Xəzərin məişət tullantılarından tamamilə təmizlənməsinin qarşısını tam ala bilmir. Bu gün Xəzər dənizində olan çimərliklərin 80 faizi çimərlik kimi istifadə edilə bilməz. Yəni o qədər məişət tullantıları axıdılıb ki, çimərlik kimi istifadə edilməməlidir. Buna baxmayaraq, həmin çirklənmiş çimərliklərdən istifadə edilir. Bunun qarşısının alınması üçün müəyyən işlər görülməlidir. Xəzər dənizindən içməli su kimi istifadə etmək üçün Ceyranbatan gölünə müəyyən kanal vasitəsilə axıdılır və orada təmizləndikdən sonra içməli su kimi istifadə edilir. Ancaq şox təəssüflər olsun ki, Kür çayından götürülərək Ceyranbatan gölünə axıdılan su Bakıya yaxın ərazidən götürülüb.Yəni Kür, Araz çayına qovuşduqdan sonra o sudan Ceyranbatana gətiriblər. Araz çayı olduqca çirkli sudur. Əlbəttə, böyük bir səhvdir. Onun Araza birləşməmişdən əvvəl içməli su kimi istifadə edilməsi daha məqsədəuyğundur. İndi Azərbaycanın iqtisadi cəhətdən vəziyyəti yaxşıdır və buraxılmış səhvi düzəltmək lazımdır.

Qloballaşan Dünyaya İnteqrasiya İctmai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi” layihəsini həyata keçirir. Bu yazı layihə çərçivəsində təqdim edilir.
AzVision.az



Teqlər: Kür   Ekologiya  





Xəbər lenti