- Mərkəzin fəaliyyəti, iş şəraiti necədir?
- Ağalıdakı tibbi mərkəzinin şəraiti, təchizatı yüksək səviyyədədir. Ailə Sağlamlıq Mərkəzi Zəngilan Rayon Mərkəzi Xəstəxanası tikilənə qədər Beyləqan Rayon Mərkəzi Xəstəxanasına tabedir. Ayda bir neçə dəfə oradan dar ixtisas həkimləri ezam olunur. Həmin vaxtlarda sakinləri dəvət edirik, gəlib mərkəzimizdə müayinədən keçirlər. Gün ərzində də pasiyentlərimiz olur.

- Pasiyentlər sizə əsasən, hansı şikayətlərlə müraciət edirlər?
- Yerli sakinlərlə yanaşı, Zəngilandakı inşaat və şirkət işçiləri də müraciət edirlər. Elə daha çox onlar gəlirlər. Şikayətləri əsasən, gözlərinə dəmir qırıntısının düşməsi, əl və ya ayaqlarının kəsici alətlə yaralanmasıdır. Gün ərzində bəzən 8, bəzən isə 20-yə yaxın müraciət daxil olur. İş saatımız 09:00-dan 17:00-a qədərdir, amma ehtiyac olanda işdən sonra da xidmət göstəririk. Bizə verilən evlər məntəqəyə yaxın olduğu tez gələ bilirik.
Məntəqə ən müasir 4 problu USM və EKG, ekspress laborator test cihazları, defibrilator, sterilizator, portativ lampa, aspiratorlarla təchiz olunub. Mərkəzdə stomotoloq və ginekoloq xidmətləri də göstərilir. Xırda cərrahi əməliyyatlar üçün ayrıca otağımız da var.

- Hazırda məntəqədə neçə həkim fəaliyyət göstərir?
- 4 həkimimiz var. Bir həkim-pediatrımız isə Bakıya kursa göndərilib. Stomatoloq, bir təcili yardım həkimi və mən hər saat burdayıq. Hər üçümüz Ağalıda evlə təmin olunmuşuq. Həftədə bir dəfə Beyləqan Rayon Mərkəzi Xəstəxanasından təcili yardım həkimləri gəlir, onlar növbəli işləyirlər. Mərkəzimizdə ümumilikdə 11 tibb işçisi fəaliyyət göstərir.
-Övladının “doğum yeri Zəngilan rayonu, Ağalı kəndi” yazılacaq neçə pasiyentiniz var?
- Bir hamilə sakinimizin 2 aydan sonra övladının dünyaya gəlməsini gözləyirik. Ümumilikdə isə Ağalıda 3 hamilə qadın qeydiyyatdadır.
- Artıq 4 aydır ki, elinizdə yaşayırsınız. Zəngilana, doğma yurda qayıdıb, burada işləmək necə hissdir?
- Deyəcəyim sözlər, keçirdiyim hissləri təsvir etməkdə kölgədə qalır. Ağalının yollarında yerimək insanda elə ülvi hisslər oyadır ki! Bilirsən ki, artıq Vətənindəsən. Sağlamlıq Mərkəzinin yerinə baxmaq üçün bir neçə dəfə Ağalı kəndinə gəlmişdik. Onda Zəngilan yazısını görəndə müharibə dövrü, yurdumuzu tərk edəndə keçirdiyimiz dəhşətli günlər gözümün önündə canlanırdı. İndi Ali Baş Komandanımız İlham Əliyev, ordumuz, qazilərimiz və şəhidlərimizin sayəsində doğma yurdumuzda yaşayırıq.

- Bura köç edəndə qızlarınız nə deyirdi?
- Köçdən xeyli qabaq mən onlara Zəngilana gedəcəyimizi demişdim. Onlar da Bakıdan, müəllimlərindən, sinif yoldaşlarından ayrılmaq istəmirdilər, razılaşmırdılar. Amma indi tam əksinədir. Buraları çox bəyəniblər. Böyük qızım deyir ki, “ana sən bizə tərifləyirdin, amma bura sən dediyindən də yaxşıdır”. Məktəblərinə gedirlər, dərslərini edirlər, dostları da var.
- Doğulduğunuz kəndə getmisiniz?
- Atamgil bizə gələndə onlarla birlikdə birgünlük Üdgünə getdik. Erməni vəhşiliyini görəndə dəhşətə gəlirsən. Qəbirstanlığı, evləri dağdıbılar. Kəndimizdən çıxanda 8 yaşım olsa da, hər şeyi xatırlayıram. Nənəmgilin evi, evimizdən çıxıb oraya getməyim, oynadığımız yerlər... - hər şey gözümün qabağında canlanırdı. Şükür ki, doğma yurda qayıtmaq sevincini Ordumuz bizə yenidən yaşatdı!




Aytən Zəhra
AzVision.az

Bu material Medianın İnkişafı Agentliyinin dəstəyilə hazırlanıb
Mövzu 6.3.7: İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”.