"Bu il narkotik vasitələrin 95 faizindən çoxu İrandan Azərbaycana gətirilib" - Əli Əhmədov

   "Bu il narkotik vasitələrin 95 faizindən çoxu İrandan Azərbaycana gətirilib" -    Əli Əhmədov
  25 Noyabr 2022    Oxunub:610
Bu ilin on ayı ərzində xarici ölkə mənşəli narkotik vasitələrin təxminən 95 faizindən çoxu İran İslam Respublikasının ərazisindən qaçaqmalçılıq və digər qanunsuz yollarla Azərbaycana gətirilib.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədov narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə çərçivəsində kütləvi informasiya vasitələri tərəfindən həyata keçirilən tədbirlərin müzakirəsi məqsədilə Nazirlər Kabinetində keçirilən görüşdə deyib.

Onun sözlərinə görə, bu, ilk növbədə, Şərqdən Qərbə tranzit baxımından respublikanın əlverişli coğrafi mövqedə yerləşməsi ilə şərtlənir.

Görüşdə daha sonra qeydiyyatda olan narkotik istifadəçilərinin sayı çox olan şəhər və rayonlar üzrə statistik göstəricilər təhlil edilib, istifadə ilə bağlı faktların çoxalmasından narahatlıq ifadə edilib, bu cür halların qarşısının alınması üçün antinarkotik təbliğatın müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla təşkil edilməsi, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması istiqamətində kütləvi informasiya vasitələrinin sistemli şəkildə müvafiq işlərin görülməsinin davam etdirilməsinin vacibliyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti