Ziya Məmmədovun qardaşından generala cavab: “Hərə öz işi ilə bağlı rəy versə...”

      Ziya Məmmədovun qardaşından generala cavab:    “Hərə öz işi ilə bağlı rəy versə...”
  25 Noyabr 2022    Oxunub:949
Bakı Şəhər Baş Polis İdarəsinin keçmiş rəis müavini, polis general-mayoru Həsən Şirinov paytaxtda tıxac problemi, körpülərin düzgün salınmaması, yol qovşaqlarında hərəkətin düzgün nizamlanmaması ilə bağlı tənqidi yazı ilə çıxış edib. O bildirib ki, vaxtilə bu barədə irəli sürdüyü təkliflər nəzərə alınmayıb.
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədov Qaynarinfo-ya açıqlamasında Həsən Şirinovun körpülərlə bağlı tənqidlərinə cavab verib. Elton Məmmədov bildirib ki, generalın yanaşması düzgün deyil:

"Həsən Şirinov polis generalıdır. Amma yol infrastrukturunun tikilməsi, bərpası və layihələndirməsi elimi əsaslarla təqdim olunur. Hesab edirəm ki, Həsən Şirinov bu sahədə mütəxəssis, alim deyil. Ona görə də hərə öz işi ilə bağlı rəy versə, öz səlahiyyətlərini düzgün icra etsə, heç bir problem olmaz. Bir vətəndaş kimi məndən soruşursunuzsa, deyirəm ki, generalın fikirləri düzgün yanaşma deyil".

Keçmiş deputat bildirib ki, 2003-ci ildən Azərbaycanda yol infrastrukturunun yenidən qurulması, bərpası, genişləndirilməsi maliyyə tutumlu layihələr olduğu üçün hər zaman cənab Prezidentin şəxsi nəzarəti altında olub:

"Zamanında o layihələrə vəsait yatırılmasaydı, bu gün Bakıda xaos yaşanardı. Paytaxtda yüksək tələblərə cavab verən körpülər, yol ötürücüləri tikilib. Bunlar hamısı yol infrastrukturunun ötürücülük qabiliyyətini nümayiş etdirir. Təcrübədə göstərir ki, bu körpülər zamanında və vaxtında tikilib. Ola bilər ki, 10-20 il əvvəl salınan körpülər hazırkı tələblərə cavab vermir. Bu, mümkündür. Ölkəmiz və paytaxtımız hər gün inkişaf edir. Bakıda bu gün demoqrafik artım var, nəqliyyat vasitələri çoxalıb. Müəyyən yerlərdə də tıxacın yaranması qaçılmazdır. Vaxt keçdikdə paytaxtda yol infrastrukturunun zamanın tələbinə uyğunlaşdırılması zərurəti yaranır və bu işlər görülür. İndi kimi isə günahlandırmaq, "vaxtında demişəm, təklif vermişəm" demək düzgün deyil. Həsən Şirinov verdiyi təklifləri harada qeydiyyatdan keçirib? Göstərsin ki, hardan qeydiyyatdan keçib və zamanında hansı təklifləri verib. O zaman onun dediklərinin hüquqi əsası olar. Hesab edirəm ki, əsassız söhbətlər ancaq qıcıq yaradan məsələlərdir".

AzVision.az


Teqlər:





Xəbər lenti