Su hövzələrinin çirklənməsində antropogen amillər

Su hövzələrinin çirklənməsində antropogen amillər
  28 Noyabr 2022    Oxunub:2453
Biomüxtəlifliyin təmin olunmasında ekoloji təhlükəsizlik mühüm şərtdir. Burada Xəzər dənizi və su hövzələrinin qorunması da böyük əhəmiyyət kəsb edir. Azərbaycan müstəqillik əldə etdikdən sonra Xəzər dənizinin ekoloji təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm əhəmiyyətə malik bir sıra dövlətdaxili normativ aktlar qəbul olunub.
Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində dənizin ekoloji təhlükəsizliyinin təmin olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2001-ci ildə Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi yaradılıb. Monitorinqlərin məqsədi dənizdə və sahil zolağında fəaliyyət göstərən, birbaşa və ya dolayı yolla (kollektor, kanal, çay və s. vasitəsilə) Xəzər dənizinə antropogen təsir göstərən müəssisələrdə formalaşan bütün növ (maye, qaz, bərk və s.) tullantıların dəniz suyuna, qruntuna, flora və faunasına, həmçinin digər su obyektlərinə göstərdiyi təsiri təhlil və tədqiq edərək, məlumat toplamaq, təsirin minimuma endirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə nail olmaqdan ibarətdir. Prezidentinin 28 sentyabr 2006-cı il Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”ndan irəli gələn ətraf mühitin mövcud vəziyyətinin bərpasına yönəldilmiş Bakı Buxtasının, Bibiheybət zonasının, Bakı Beynəlxalq Hava limanının ətrafının, Abşeron yarımadasındakı göllərin, neftlə çirklənmiş torpaqların, lay suları altında qalmış sahələrin və digər istehsalat tullantıları ilə çirklənmiş ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması sxeminə uyğun Bakı və Sumqayıt şəhərlərində formalaşan tullantıların idarə olunmasının təkmilləşdirilməsi və s. tədbirlərin həyata keçirilməsi üçün Prezidentin göstərişinə əsasən maliyyə vəsaitlərinin ayrılması bu problemlərin vaxtında həll edilməsini reallaşdırmağa xidmət edib. Xəzər dənizinə antropogen təsir göstərən axarların (mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi olmayan ərazilərdə) qarşısının alınması və təmizlənərək Xəzər dənizinə axıdılması məqsədilə beynəlxalq standartlara cavab verən modul tipli lokal təmizləyici qurğular quraşdırılaraq istismara verilib. Prezident tərəfindən 2007-ci və 2008-ci illərdə imzalanmış "Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında" Sərəncamlarından irəli gələn məsələlərin həll edilməsi məqsədilə Prezidentin Ehtiyat Fondundan vəsait ayrılıb. Bu Sərəncamlardan irəli gələn məsələlərin həlli istiqamətində gün ərzində təqribən 10 000 m3 həcmində tullantı sularını təmizləmə gücünə malik modul tipli təmizləyici qurğulardan ibarət 17 stansiya Abşeron yarımadasının Bilgəh, Buzovna, Mərdəkan və Pirşağı qəsəbələrində qurulub.

Bu da bir faktdır ki, Xəzərə daxil olan tullantı sularının 60 %-i Volqa çayının payına düşür. Xəzər sularının çirklənməsində Kür və Ural çayları da az rol oynamır. Ermənistan və Gürcüstan ərazisində formalaşan kommunal və sənaye tullantı suları Kür çayı vasitəsilə Xəzərə daxil olur. Xəzər dənizi sahillərində yerləşən Bakı, Sumqayıt, Mahaçqala, Həştərxan, Türkmənbaşı, Rəşt və Ənzəli şəhərlərindən dənizə axıdılan tullantı suları onun əsas çirkləndiricilərindən hesab edilir.

Ekoloji problemin səbəbləri dənizdə karbohidrogen ehtiyatlarının axtarışı, hasilatı və nəqli zamanı ekoloji tələblərin gözlənilməməsi, sənaye tullantıları, çay suları ilə dənizə müxtəlif çirkləndirici maddələrin gətirilməsi, məişət tullantı sularının təmizlənmədən Xəzər dənizinə axıdılması, üzən vasitələrdən tullantılar, kənd təsərrüfatında istifadə olunan gübrələrin yağıntı və suvarma suları ilə yuyularaq çaylar-kanallar vasitəsilə dənizə axması və s. ilə bağlıdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində və onun sahil zolağında fəaliyyət göstərən müəssisə və təşkilatlarda, obyektlərdə, üzən vasitələrdə, sahilboyu ərazilərdən dənizə olan axarlarda həyata keçirilmiş ekoloji monitorinqlər zamanı Xəzər dənizinə tökülən 128 axar qeydə alınıb.

Bu gün Xəzərin əsas problemlərindən biri suyun səviyyəsi ilə bağlıdır. 2005-ci ildən etibarən Xəzər dənizinin səviyyəsi enməyə başlayıb. Həmin vaxtdan etibarən dənizin səviyyəsi müntəzəm enir. Dənizin səviyyəsi 2005-ci illə müqayisədə 1,19 metr aşağı düşüb. Yəni ən çox enmə 30 santimetr olmaqla 2021-ci ildə qeydə alınıb. Son 5 ildə Xəzər dənizində suyun aşağı enməsi prosesi daha da intensivləşib ki, bu da iqlimdə baş verən dəyişikliklər, quraqlıqla əlaqələndirilir.

Mütəxəssislərin sözlərinə görə, su çatışmazlığı yaxın 2-3 il ərzində özünü daha kəskin büruzə verəcək. 2050-ci ildən sonra Xəzərdə suyun səviyyəsinin artması proqnozlaşdırılır.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib ki, son 20 ildə Xəzərdə suyun səviyyəsinin düşməsi bizi çox narahat edir. Burada iqlim dəyişmələri əsas amildir. Ancaq digər amillər da var. Tələbat, əhali artıb: "Bizim məqsədimiz bu istehlakın daha səmərəli, daha ağıllı formada idarə olunmasıdır. Vətəndaşlar da, istehlakçılar da suya münasibətdə məsuliyyətli olmalıdırlar".

Bildirilir ki, Azərbaycanda Xəzər dənizinin ətraf mühitə mənfi təsirlərini minimuma endirmək üçün ardıcıl tədbirlər görülür. Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə işlər davam etdirilir, dənizin bioloji ehtiyatlarının və hidroloji vəziyyətinin öyrənilməsi və ətraf mühitə mümkün neqativ təsirlərin müəyyənləşdirilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Əlif Hacıyev" elmi-tədqiqat gəmisi ilə mütəmadi ekspedisiyalar keçirir.

Mehman Axundov deyib ki, Xəzərin səviyyəsinin dəyişməsi fonunda onun canlı aləmi də dəyişikliyə məruz qalır. Belə ki, səviyyənin enməsi balıqların yerlərini itirməsinə, ümumiyyətlə, balıq ehtiyatının azalmasına gətirib çıxarır. Balıqların sayının azalmasının əsas səbəbləri sırasında brokonyerlik və suyun çirkli olması göstərilsə də, son illər çirklənmənin rolu olmadığı deyilir. Qeyd edilir ki, iqlim dəyişmələri ilə əlaqədar dənizdə suyun temperaturunun artması onların populyasiyasına təsir göstərir və onlar digər areallara doğru miqrasiya edirlər. Bunlar isə sırf iqlim faktorlarıdır.

Mehman Axundov qeyd edib ki, Xəzərdəki balıq populyasiyasının azalması birbaşa iqlim dəyişikliyi və temperaturla əlaqədardır. Anomal istilik Xəzər regionunda biomüxtəlifliyin azalmasına səbəb olur: "Bununla əlaqədar olaraq, balıqların təbii çoxalmasına şərait yaratmaq və biomüxtəlifliyə mənfi təzyiqi azaltmaq məqsədilə Xəzər dənizinə axan çaylarda suyun alınmasını optimallaşdırmağa və su-elektrik stansiyaları üçün bəndlərin tikintisini dayandırmağa çağırırıq. Əks halda, Xəzərdə Aral dənizinin yoxa çıxmasına bənzər ssenari baş verə bilər".

Xəzər dənizinin öyrənilməsi istiqamətində müxtəlif ölkələrin alimləri tərəfindən araşdırmalar bu gün də davam edir.

Qloballaşan Dünyaya İnteqrasiya İctmai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi” layihəsini həyata keçirir. Bu yazı layihə çərçivəsində təqdim edilir.

AzVision.az



Teqlər: Xəzər   Biomütəliflik  





Xəbər lenti