Seçkilərdə parlamentdə yer qazanmayan partiyalar maliyyə yardımı alacaq

   Seçkilərdə parlamentdə yer qazanmayan partiyalar maliyyə yardımı alacaq
  29 Noyabr 2022    Oxunub:564
Siyasi partiyaya dövlət maliyyə yardımı ayrılması qaydası dəyişir.
AzVision.az -ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan və birinci oxunuşda qəbul edilən “Siyasi partiyalar haqqında” yeni qanun layihəsində əksini tapıb. Hazırda qüvvədə olan “Siyasi partiyalar haqqında” qanuna əsasən, maliyyə yardımının vəsaitin 40 faizi Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyalar arasında bərabər bölünür.

Vəsaitin 50 faizi Azərbaycan Respublikası Milli Məclisinin say tərkibinə bölünür və bunun nəticəsində alınan məbləğ Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyalardan seçilmiş deputatların sayına vurulmaqla müəyyən edilmiş məbləğ həmin siyasi partiyalara ayrılır. Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş təkrar və əlavə seçkilər nəticəsində, həmçinin fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar, habelə digər səbəblərdən Azərbaycan Respublikasının Milli Məclisində siyasi partiyaları təmsil edən deputatların sayı artdıqda və ya azaldıqda bu vəsaitin həmin siyasi partiyalara ayrılması zamanı da bu maddənin birinci cümləsində nəzərdə tutulmuş qayda tətbiq olunur.

Bu maddənin birinci cümləsində siyasi partiyalar üçün nəzərdə tutulmuş vəsaitin müvafiq rüb üzrə istifadə olunmamış hissəsi həmin rübün sonunda Milli Məclisdə siyasi partiyaları təmsil edən deputatların sayına uyğun olaraq proporsional qaydada siyasi partiyalara ayrılır. Vəsaitin 5 faizi Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş təkrar və əlavə seçkilər nəticəsində, həmçinin fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar Milli Məclisində təmsil olunan yeni siyasi partiyalara əsasən aparılmış bölgü nəticəsində hər bir siyasi partiyanın müvafiq rüb üzrə payına düşən həcmdə ayrılır. “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin yeni redaksiyasında bu bölgü qaydası saxlanılır.

Qüvvədə olan qanuna görə, vəsaitin 5 faizi irəli sürdüyü namizədlər Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Milli Məclisdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional bölünür.

Ancaq “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinə əsasən, partiyaları seçkilərdə iştiraka təşviq etmək üçün seçkilərə qatılan bütün partiyalara dövlətin maliyyə yardımı ayırması proseduru müəyyənləşir. Başqa sözlə, siyasi partiyaya dövlət maliyyə yardımının 2,5 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş seçkilərdə etibarlı səslər qazanmış, lakin Milli Məclisdə təmsil olunmayan siyasi partiyalar arasında bərabər bölünəcək. Vəsaitin 2,5 faizi isə həmin siyasi partiyalar arasında qazanılmış səslərin sayına uyğun olaraq proporsional qaydada bölünəcək.

AzVision.az


Teqlər: Seçki   Parlament  





Xəbər lenti