XİN: "Azərbaycanın 8 kəndi hələ də işğaldadır"

  XİN:  "Azərbaycanın 8 kəndi hələ də işğaldadır"
  29 Noyabr 2022    Oxunub:483
"Delimitasiya prosesi bütün hüquqi əhəmiyyəti olan sənədlərin təhlili əsasında həyata keçirilməlidir".
AzVision.az xəbər verir ki, bunu Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın səsləndirdiyi fikirlərə cavab olaraq bildirib.

Delimitasiya prosesinin hansı əsasda aparılması barədə razılığa gəldikdə A.Hacızadə qeyd edib ki, Ermənistan xarici işlər nazirinin iddiasının əksinə, həm Praqa, həm də Soçi görüşü üzrə bəyanatlarda delimitasiyanın BMT nizamnaməsində və Alma-Ata bəyannaməsində qeyd edildiyi kimi ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı tanınması əsasında həyata keçirilməsi nəzərdə tutulub:

"Ümumiyyətlə, BMT nizamnaməsinə və Alma-Ata bəyannaməsinə istinad qeyd edilən prinsiplər kontekstində verilib və bu görüşlərdə delimitasiyanın hansı xəritə əsasında həyata keçirilməsi barədə hər hansı bir müddəa olmadığı Ermənistan tərəfinə yaxşı məlumdur. Delimitasiya prosesi isə bütün hüquqi əhəmiyyəti olan sənədlərin təhlili əsasında həyata keçirilməlidir".

Nazirlik nümayəndəsi bildirib ki, cari ilin sentyabr ayında delimitasiya olunmamış sərhəddə Ermənistan tərəfinin mina basdırması və hərbi mövqelərimizə qarşı təxribat törətməsi nəticəsində baş vermiş toqquşma nəticəsində Azərbaycanın guya Ermənistan ərazilərini işğal etməsi iddiasının heç bir əsası yoxdur:

"30 ilə yaxın bir dövrdə Azərbaycan ərazilərini işğal altında saxlayan, Azərbaycanın 8 kəndini hələ də işğal edən, qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmayan, hərbi təxribatlarını və mina təhdidlərini davam etdirən Ermənistanın Azərbaycanı delimitasiya edilməmiş sərhəddə hər hansı mövqe tutmaqda və bununla komissiyanın işinə maneçilik törətməkdə təqsirləndirməsi heç bir məntiqə sığmır. 2020-ci il Vətən müharibəsindən sonra ölkəmizin Ermənistanla sərhədlərin delimitasiya olunması təklifinə uzun müddət heç bir cavab verməyən tərəfin məhz Ermənistan olduğu da unudulmamalıdır".

AzVision.az



Teqlər:





Xəbər lenti