"Vətən sevdalısı” kitabının təqdimatı keçirilib

"Vətən sevdalısı” kitabının təqdimatı keçirilib
  29 Noyabr 2022    Oxunub:578
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Dillər Universitetində “Vətən Müharibəsi Qəhrəmanı” şəhid polkovnik-leytenant Əfqan Abdurahmanovun xatirəsinə həsr edilən “Vətən sevdalısı” kitabının təqdimatı keçirilib.
AzVision.az xəbər verir ki, təqdimatda Universitetin professor-müəllim heyəti, ictimaiyyət nümayəndələri, yazıçılar, şəhid ailələri, qazilər, KİV nümayəndələri və tələbə gənclər iştirak edib.

Tədbir iştirakçılarını salamlayan Azərbaycan Dillər Universitetinin rektoru Akademik Kamal Abdullayev tələbələr arasında milli ideyaların, dövlətçilik ənənələrinin, qəhrəman şəhidlərimizin təbliği istiqamətində təhsil ocağında görülən işlər barədə məlumat verdi.

Kitabın müəllifi yazıçı-publisist Pünhan Əfəndiyev bildirib ki, “bu kitab Əfqan Abdurahmanovun həyatından, hərbi xidmət illərindən, 44 günlük Vətən müharibəsindəki döyüş yolundan, yaxınlarının və döyüş yoldaşlarının xatirələrindən bəhs edir. Kitab həm də onun döyüş yoldaşlarının qəhrəmanlıqlarından, Vətənə, torpağa sədaqətindən danışır”

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə bu cür əsərlərin qəhrəmanların tanıdılmasında, təbliğində rolundan danışıb, zəfəri xalqımıza bəxş edən igidlərin döyüş yolunun hər bir böyüməkdə olan gənc nəslimiz üçün nümunə olacağını qeyd edib. Əlavə olaraq bildirib ki, qəhrəman şəhidimizin Vətənə əmanət qızı Hilalə Əfqan bu ali təhsil müəssisəsində təhsilini davam etdirir.

Qarabağ Qazilər Birliyinin üzvü qazi Rey Kərimoğlu şəhid qəhrəmanın döyüş yolunun gənc nəslimizin böyüməsində, hərbi tərbiyəsində böyük rolundan danışıb. Bu cür qəhrəmanlıq salnaməsinin təhsil müəssisələrində təqdimatının əhəmiyətini vurğulayıb.
Tədbirdə Vətən müharibəsi iştirakçısı mayor İlkin Ziyadov, gizir Məhəbbət Həsənov tədbir iştirakçılarına qəhrəman şəhidimizlə birgə keçdiyi döyüş yollarından bəhs edən xatirələrindən danışıb.
Tədbirin sonunda Pünhan Əfəndiyev müəllifi olduğu kitabı oxucular üçün imzalayıb.



AzVision.az




Teqlər:





Xəbər lenti