“Büdcəyə nəzarət gücləndirilməlidir” - DEPUTAT
AzVision.az-ın məlumatına görə, bu barədə maliyyə nazirinin müavini Azər Bayramov “2013-cü il dövlət büdcəsinin icrası layihəsi”nin Milli Məclisin İqtisadi-siyasət komitəsinin iclasında müzakirəsində deyib.
O bildirib ki, ötən ildə dövlət büdcəsinin gəlirləri 19 159 mln. manat proqnoza qarşı 19 496,3 mln. Manat və yaxud 101,8 faiz icra olunub:
“ Bu da 2012-ci ilin icra göstəricisinə nisbətən 2214,8 mln. Manat (12,8 faiz) çoxdur. ÜDM-də dövlət büdcəsi gəlirlərinin xüsusi çəkisi 33,8 faiz təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 2,2 faiz çoxdur. Dövlət büdəcəsi gəlirlərinin 58,2 faizi və yaxud 11350 mln. Manatı Azərbaycan Dövlət Neft Fondundan transfert, 34,2 faizi Vergilər Nazirliyinin xətti ilə daxilolmların, 7,1 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilomaların, 0,5 faizi isə digər daxilolmların payına düşüb. Dövlət büdcəsinin xərcləri isə 19 850 mln. manat proqnoza qarşı 19 143,5 mln. manat və yaxud 96,4 faiz icra edilib. Bu da 2012-ci illə müqayisədə 1727 mln. manat və yaxud 9,9 faiz çoxdur.”
Azər Bayramovun sözlərinə görə, ÜDM-də 5,8 faiz, qeyri-neft sektorunda 10 faiz artım qeydə alınıb. Adambaşına ÜDM 6 min 207 manat (7 min 913 dollar) təşkil edib. 2013-cü ildə orta aylıq əmək haqqı 6,2 faiz artraq 423 manata, əhalinin gəlirləri 6,6 faiz artaraq 4 min manata çatıb. Ölkənin strateji valyuta ehtiyatlarının həcmi 4,1 mlrd. dollar artaraq 50 mlrd. dolları ötüb.
İqtisadiyyat və sənaye nazirinin müavinin Sevinc Həsənova da çıxış edərək bildirib ki, valyuta ehtiyatları xarici dövlət borcunu 10 dəfədən çox üstələyir. Nazir müavini çıxışında Azərbaycanın işsizlik səviyyəsinə görə dünyada 37-ci yeri tutduğunu xatırladıb.
İqtisadi-siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, 2013-cü ildə bütün iqtisadi parametrlər müsbət dəyişib. 2013-cü il dövlət büdcəsinin icrası son on il ərzində iqtisadiyyatda baş verən dəyişikliklərin xarakteristikasını, iqtisadiyyatda yeni mərhələnin başlanmasını göstərir.
Deputat Vahid Əhmədov bildirib ki, dövlət büdcəsindən iri layihələrə kifayət qədər vasait ayrılır ki, bunlara nəzarət gücləndirilməlidir. O qeyd edib ki, bunun üçün “Maliyyə nəzarəti haqqında qanun” qəbul edilməlidir. Onun sözlərinə görə, bununla yeyintilərin, vəzifədə oturanların dövlət büdcəsindən xərcləmələrinin qarşısı alınmalıdır. V. Əhmədov çıxışında bildirib ki, əsas vəzifə büdcənin neftdən asılılığının azaldılması olmalıdır. Hazırda dövlət büdcəsinin gəlirlərinin 76 faizini nefdtdən gələn gəlirlər, bunun da 53 %-ni Dövlət Neft Fondundan transfertlər təşkil edir. “Qeyri-neft sektorundan gəlirlərin artırılması üçün əlavə gəlir gətirən sahələr inkişaf etdirilməlidir. 10-15 min nəfərin işləyəcəyi avtomobil və digər zavod yaradılması ilə dövlət büdcəsinə əlavə vəsait cəlb olunması arta bilər.”-deyə, o qeyd edib. O həmçinin maliyyə açılışı məsələsinə də toxunub və layihələrə maliyyə açılışının yanvardan başlanmalı olmasının vacibliyini deyib. Hazırda isə dövlət büdcəsində xərclərin 70-75 faizi noyabr-dekabr ayında xərclənir. Bunun üçün də büdcənin proqramlı idarə olunması məqsədəuyğundur.”
Sevinc İltifatqızı