Baş prokurorun müavini beynəlxalq tədbirdə iştirak edib

Baş prokurorun müavini beynəlxalq tədbirdə iştirak edib
  30 Noyabr 2022    Oxunub:457
Avstriyanın paytaxtı Vyana şəhərində Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) üzv dövlətlərin Assambleyasının 11-ci sessiyası keçirilib.
Bu barədə AzVision.az -a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Təşkilata üzv ölkələrin yüksək səviyyəli nümayəndələrinin iştirak etdiyi tədbirdə ölkəmizi Azərbaycan Baş prokurorunun müavini Heydər Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

11-ci sessiyasının açılışında IACA-nın dekanı və icraçı direktoru Tomas Ştelzer çıxış edərək Akademiyanın inkişafı ilə bağlı görülən işlər, əldə edilən uğurlar və gələcək planlar barədə ətraflı məlumat verib.

Tədbir çərçivəsində çıxış edən Baş prokurorun müavini Heydər Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən institusional islahatlar, qanunverici və preventiv tədbirlər barədə geniş məlumat verərək, reespublikamızda “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icra vəziyyəti, korrupsiya cinayətlərinin istintaqı zamanı vurulmuş maddi ziyanın ödənilməsi təcrübəsi haqqında, habelə aktivlərin izlənməsi və əmlakın bərpası sahəsində başlanmış Avropa İttifaqının “Tvinninq” layihəsinin implementasiyası üzrə görülmüş işlər barədə tədbir iştirakçıları məlumatlandırılıb.

Bundan əlavə sessiya zamanı Akademiyanın fəaliyyəti, 2021-2024-cü illər üzrə İş Proqramı, 2023-cü il üçün nəzərdə tutulmuş büdcə, eləcə də korrupsiyaya qarşı mübarizə və onun qarşısının alınması sahəsində yaranan problemlər və onların həlli yolları kimi mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Həmçinin Azərbaycan nümayəndə heyəti ilə Akademiyanın rəhbərliyi, habelə bir sıra ölkələrin nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirilmiş və qarşılıqlı əməkdaşlıq imkanları barədə danışıqlar aparılıb.

Tərəflərin Assambleyasının 11-ci sessiyasında Azərbaycanın Avstriyadakı səfiri və BMT-nin Vyana bölməsində Daimi Nümayəndəsi Rövşən Sadıqbəyli iştirak edib.

AzVision.az



Teqlər:





Xəbər lenti