150 il əvvəl bu gün: İlk beynəlxalq futbol matçı oynanıldı

      150 il əvvəl bu gün:    İlk beynəlxalq futbol matçı oynanıldı
  30 Noyabr 2022    Oxunub:2465
Hazırda hər kəsin diqqəti Qətərdə keçirilən futbol üzrə Dünya Çempionatındadır. Dörd ildən bir baş tutan bu çempionat Olimpiya oyunları qədər nüfuzlu idman yarışı sayılır.
AzVision.az çempionatın davam etdiyi bir zamanda tarixin ilk rəsmi beynəlxalq futbol matçı haqqında yazı hazırlayıb.

Bu matç 150 il əvvəl İngiltərə və Şotlandiya arasında oynanılıb. Belə ki, 30 noyabr 1872-ci ildə Qlazqoda Şotlandiya və İngiltərə milli komandaları arasında keçirilən oyun FİFA tərəfindən ilk rəsmi beynəlxalq futbol matçı kimi tanınıb. Həmin oyun televiziya 1923-cü ildə icad edildiyi üçün o dövrdə yayımlanmamışdı. Elanlar yalnız qəzetlər vasitəsi ilə verilmişdi. Matça marağın çox olacağı və böyük izdihamın olacağı qorxusu var idi. Buna görə də girişin yalnız biletlə olması təklif edildi.1872-ci ilin 30 noyabrında tarixi matçı 4000 azarkeş izlədi. Biletlər 1 şillinqə satılmışdı.

Tarixi sikkə olan şillinq əvvəllər Birləşmiş Krallıq, Avstraliya, Yeni Zelandiyada və İrlandiyada istifadə edilən müasir pul vahididir. Adətən 12 pens və ya funtun iyirmidə birinə bərabərdir.

Təəssüf ki, İngiltərə və Şotlandiya arasında keçirilən ilk rəsmi beynəlxalq futbol matçından heç bir fotoşəkil yoxdur. Qəzetlərin oyundan sonra çəkdiyi şəkillərdə yalnız corab və toxunmuş papaq geyinmiş oyunçular görüntülənmişdi.

Əslində, 1872-ci ilin noyabrında rəsmi olaraq tanınan ilk matçdan əvvəl İngiltərə və Şotlandiya arasında beş matç oynanılmışdı. Bu ilk beş matç 1870-1872-ci illər arasında İngiltərənin London şəhərində olmuşdu. Bu görüşlərin üçündə İngiltərə qalib gəlib, digər ikisi isə heç-heçə ilə yekunlaşıb.



Bununla belə, Şotlandiya komandası demək olar ki, tamamilə Londondan olan oyunçulardan ibarət idi və İngiltərə Futbol Assosiasiyası tərəfindən seçilmişdi. Bu səbəbdən FİFA tərəfindən rəsmi oyun sayılmayıb.

Kriket meydançasında oynanılan futbol matçındakı qapı dirəkləri də müasir görkəmindən fərqli idi. Qapı çatının yerinə iki dirəyin arasında lent çəkilmişdi.

Futbolla bağlı ilk televiziya yayımı cəhdi 1937-ci ildə İngiltərənin "Arsenal" və "Everton" komandaları arasında oynanılan matçın lentlə yayımlanması zamanı edilib.

9 aprel 1938-ci ildə isə Uembli stadionunda baş tutan İngiltərə-Şotlandiya oyunu canlı yayımlanan ilk milli matç kimi tarixə düşdü. Qarşılaşma Şotlandiyanın 1:0 hesablı üstünlüyü ilə başa çatıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti