Zəncirlənən Züleyxa: Fransa bu baxışları unutmamaldır

      Zəncirlənən Züleyxa:    Fransa    bu baxışları    unutmamaldır
  01 Dekabr 2022    Oxunub:5984
Bu şəkil 1957-ci il, oktyabrın 15-də Əlcəzairdə çəkilib. Hərbi maşına bağlanan qadın Əlcəzairin azadlıq mücahidlərindən biri olan Züleyxa əş-Şüeybdir. Fransız işğalçı qüvvələri başqalarına görk olsun deyə, Züleyxanı meydanın ortasında dara çəkərək, səsgücləndiricilərlə ətrafa bəyan edirdilər ki, onlara qarşı çıxan hər kəsin aqibəti bax, belə olacaq…
Daha sonra hərbi maşın yerindən tərpənir və zəncirlənmiş Züleyxanı küçələrdə sürüməyə başlayır. O, nəinki qışqırmır, aman istəmir, heç cınqırını da çıxarmır.

İnformasiya almaq məqsədilə ona on gün işgəncə verilsə də, mərd-mərdanə dözür, tərəfdaşlarından heç kimi ələ vermir. On gün sürən zülmdən sonra fransızlar onu hərbi vertolyotdan yerə tullayaq öldürürlər.

Züleyxa əş-Şüeyb 1911-ci il, mayın 7-də anadan olmuşdu. Cəsarəti və ağlı ilə yaşıdlarından seçilən qız gənc yaşlarından Vətəninin azadlığı uğrunda vuruşan mücahidlərə qoşulmuşdu. Əvəlcə o, müqavimətçilərə silah-sursat, ərzaq, dərman daşıyırdı. Tezliklə dogma Şerşel şəhərində fransızlara qarşı döyüşən müqavimət dəstəsinin rəhbəri olur.


Züleyxanın rəhbərlik etdiyi əməliyyatlar fransız ordusunu ağır itkilərə məruz qoyurdu. Buna görə də onu ələ keçirmək üçün xüsusi plan hazırlanır. 1957-ci ildə güclü hücumdan sonra fransızlar Züleyxanı tuta bilirlər. Onun yeganə fotosu da məhz o vaxt çəkilib: Qolları fransız hərbi maşınına qandallandığı halda, gözlərindən saçılan qəzəb, yadelli işğalçılara qarşı nifrət və qətiyyətlə obyektivə baxır…

1954-cü ildə başlamış müharibə bu cəsur qadının edamından 5 il sonra – 1962-ci ildə başa çatır; iyulun 5-də Fransa Əlcəzairin müstəqilliyini tanımağa məcbur olur. Buna qədər milyondan çox əlcəzairli fransız qəddarlığının qurbanı olmuşdu.

Züleyxanın qalıqları 27 il sonra tapılır. Məlum olur ki, bir əkinçi yerdə naməlum qadın cəsədi görərək, torpağa basdırıbmış… Adsız məzarda cırılmış paltar hissələri ilə yanaşı yatan qadın sümükləri Fransanın öz müstəmləkələrində törətdiyi alçaqlıqların sübutu kimi tarixə yazılır.

Züleyxanın dəhşətli əhvalatı təəssüf ki, minlərlə belə vəhşilikdən sadəcə, biridir. Fransız əsgərləri müsəlman cəmiyyətində qadın namusuna hansı dəyərin verildiyini bildikləri üçün qəsdən yerli qadınları-qızları zorlayır, soyundurub şəkillərini çəkirdilər. O şəkillərin də bəziləri “sivil” avropalıların müsəlman Afrika ölkəsinə gətirdikləri mədəniyyətin və humanizmin şahidi kimi tarixdə qalıblar.





Tariyel Həsənov
AzVision.az




Teqlər: Fransa  





Xəbər lenti