Yeni ili harada qarşılamaq olar? - Populyar istiqamətlər və qiymətlər

      Yeni ili harada qarşılamaq olar?    - Populyar istiqamətlər və qiymətlər
  01 Dekabr 2022    Oxunub:1282
2023-cü ilə sayılı günlər qalıb. Tur şirkətləri, otellər, restoranlar tərəfindən Yeni il gecəsi ilə bağlı müxtəlif cəlbedici təkliflər səsləndirilir. Qiymətlər isə otellərin ulduzlarına, yerləşdikləri bölgəyə görə ən azı 1000 manatdan başlayır.
Pandemiyanın gətirdiyi iki illik qapanmalardan sonra insanlar Yeni ili harada keçirməyə daha çox üstünlük verirlər?

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (AZTAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov AzVision.az -a bildirib ki, pandemiyadan sonra turizm bazarında baş verən canlanma Yeni il təkliflərinə olan tələbdə artıq müşahidə edilməyə başlayıb. Bu istər daxili turizmdə, regionlara olacaq səfərlərdə, istərsə də istirahətini xaricdə keçirmək istəyənlərin sayındakı artımda hiss olunur.

“Turistlərimiz Yeni il bayramını qar yağan regionlarımızda, əsasən də Şahdağ və Tufandağda keçirməyə üstünlük verirlər. Xaricdə yeni ili keçirmək istəyən vətəndaşlarımızın üz tutduğu ölkələr içərisində Dubay liderliyini qoruyur. İkinci yerdə isə Avropa ölkələri gəlir”, Qəhrəmanov əlavə edib.

İki il vətəndaşlarımız Yeni ili karantində keçirib. Sərhədlər bağlı idi və az istiqamətlərdə uçuşlar var idi. Artıq karantin tədbirləri yumşalıb ə getdikcə daha da sadələşir. Bu isə bayramı xaricdə keçirmək istəyənlər üçün çoxdan gözlənilən məqamdır. Lakin Göydəniz Qəhrəmanov bayramın harada keçirilməsi ilə bağlı insanların fikirlərinin fərqli olduğunu qeyd edib.



“Elə insanlarımız var ki, xaricə üz tuturlar. Elələri də var ki, respublika üzrə regionlara gedirlər. Regionlarda otellər, istirahətl mərkəzləri ilə danışırıq, sifarişlərin çox olduğunu qeyd edirlər. Eyni zamanda aviabiletlərə də baxırıq, yetəri qədər müxtəlif istiqamətlərə biletlər alınıb”.

G.Qəhrəmanov bildirib ki, Yeni il bayramına bir ay vaxt qaldığı üçün hələ regionlarda otellərdə boş yerlər var.
“Lakin bizdə insanlar hər şeyi son vaxta saxlayırlar. Belə olanda həm qiymət baxımından baha olur, həm də yerlər məhdud olur. Sona saxlayanda isə yer tapa bilmirlər və ya daha baha qiymətlərlə rastlaşırlar. Lakin turistlər nə qədər öncədən sifariş etsələr, bir o qədər qiymət baxmından udar, həm də seçimləri çox olar”.

“Şahdağ travel” şirkətinin rəhbəri Səxavət Sadıqov bildirib ki, dekabrın əvvəli olmasına baxmayaraq, Yeni il gecəsini regionlarda qeyd etməklə bağlı istəklər çoxdur. O vurğulayıb ki, hətta bu gedişlə dekabrın 15-ə qədər bütün otellər tam dolacaq .

“Bəzi ölkələrə getmək o qədər də rahat deyil. Sərhədlər bağlıdır, yalnız təyyarə ilə harasa getmək olur. Eyni zamanda Rusiya-Ukrayna müharibəsinin yaratdığı geosiyasi vəziyyət də turistlərimizi xaricə üz tutmaqdan çəkindirir. Bizə gələn istəklərə əsasən deyə bilərik ki, bu il vətəndaşlarımız Yeni ili regionlarda keçirməyə daha çox üstünlük verirlər. Ən çox müraciət edilən məkan isə Şahdağdır. Bu da təbii ki, qarla bağlıdır. İkinci yerdə Qəbələ, Tufandağ istiqaməti gəlir. Xaricə yeni ili keçirmək istəyənlər əsasən Gürcüstan və Türkiyəyə üz tuturlar .

Yeni il bayramının qiymətləri isə otellərdən, onun ulduzlarından və 3 dəfə qidalanma təklif etməsindən asılı olaraq dəyişir. Hazırda otellər 31 dekabr və 1 yanvar tarixləri olmaqla ən azı 2 gecəlik paket təklif edirlər. . Bir nəfər üçün qiymət 250 manatdan başlayır. Amma elə otellər də var ki, orada Yeni il bayram günləri Qala gecəsi də daxil olmaqla 8 min manatdan başlayır” , tur şirkətinin rəhbəri əlavə edib.

“Travels store” tur şirkətindən bildirilib ki, yerli turistlər daha çox Türkiyə, Dubay və Misirdə Yeni ili keçirməyə üstünlük verirlər. “Ölkə daxilində otellərə maraq o qədər də yoxdur. Bu da qiymətlərin çox baha olması ilə əlaqədardır. O qiymətə xaricdə daha çox gün istirahət mümkündür. Məsələn, Yeni ili 30.12.2022-06.01.2023-cü il tarixlərində Dohada 4 ulduzlu oteldə keçirmək 1090 dollardan, 5 ulduzlu oteldə isə 1230 dollardan başlayır. Şarm Əl Şeyxdə 6 günlük Yeni il istirahəti isə 748 dollardır".

"Fan Travel" şirkətindən turmeneceri Ceyran Əlizadə bildirib ki, əvvəlki illərlə müqayisədə turların qiymətlərində artımlar var. Buna baxmayaraq Yeni ili xarici ölkədə keçirmək istəyənlərin sayı çoxdur:

"Təlabatın çoxluğu isə 2 illik qapanmalar və ölkə xaricində bayramı keçirməklə əlaqədardır. Hazırda bayramla bağlı ən çox müraciət Dubay istiqamətinədir. İkinci yerdə Avropa ölkələri gəlir. Lakin Şengen vizası ala bilməyənlər Balkan ölkələrinə və ya İstanbula üz tuturlar. Qiymətlər isə fərqlidir. Məsələn, Dubayda 3 ulduzlu oteldə 7 gecə 850 dollardan, 5 ulduzlu oteldə isə 1500 dollardan başlayır".

Aytən Zəhra
AzVision.az

Teqlər:







Xəbər lenti