"İqlim dəyişmələri sosial risklərin artmasına təkan verir"

   "İqlim dəyişmələri sosial risklərin artmasına təkan verir"
  02 Dekabr 2022    Oxunub:880
“İqlim dəyişmələrinə uyğunlaşma məsələsi diqqət mərkəzindədir. İqlim dəyişmələrinə uğurlu adaptasiya tədbirləri nəticəsində onun mənfi fəsadlarından belə faydalanmaq olar”.
AzVision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva “Ekspert saatı”nda deyib.

O qeyd edib ki, iqlim dəyişmələri Dövlət Komissiyasının Tədbirlər planına iqlim dəyişikliyi ilə bağlı risklər, təsirlərin yumşaldılması və mümkün fəsadlara hazırlıq məsələlərini nəzərdə tutan Milli Adaptasiya Planının hazırlanması daxil edilib.

Xidmət rəisi bildirib ki, iqlim dəyişmələrinə uğurlu adaptasiya tədbirləri nəticəsində onun mənfi fəsadlarından belə faydalanmaq olar:

“Çoxillik meteoroloji müşahidələrin təhlili göstərir ki, yazda orta sutkalıq temperaturun 10°C-dən yuxarı olan dövrünün davamiyyəti 20 günədək artıb və regiondan asılı olaraq 170-245 gün təşkil edir. Artım daha çox dağlıq ərazilərdə müşahidə olunur. Bu da isti qurşaqların sərhədlərinin yuxarıya doğru 150-250 m yüksəlməsinə səbəb olub.

Nəticə etibarilə respublika ərazisində isti və mülayim qurşaqların sahələrinin genişlənməsinə, soyuq qurşağın sahəsinin azalmasına səbəb olaraq, istisevən bitkilərin əkin sahəsinin artması üçün imkan yarana bilər. Yeni iqlim şəraitinə uyğunlaşma tədbirlərinin seçilməsində elmi araşdırmalara əsaslanan qərarların qəbul edilməsi vacibdir”.

“İqlim dəyişmələri fonunda təbii risklər sosial risklərin də artmasına təkan verir. Məsələn, yağıntıların azalması - bu halda kənd təsərrüfatı işləri yalnız suvarma ilə aparıla bilər. Quraqlıqlar qida təhlükəsizliyi məsələsini qabardır. Anomal hidrometeoroloji hadisələrin, o cümlədən təbii fəlakətlərin sayının artması, anomal istilər, güclü küləklər, daşqınlar, sellər və s. insan sağlamlığı üçün yarana biləcək riskləri artırır. Buna görə iqtisadiyyat üçün gələcək regional iqlim ssenarilərinin işlənilməsi və onların əsasında mümkün uyğunlaşma tədbirlərinin hazırlanması zərurəti ön plana çıxır. Bu baxımdan beynəlxalq təşkilatların metodiki dəstəyinə də ehtiyac var” - o əlavə edib.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti