Ermənistanın verdiyi məlumatlar minalı ərazilərin 1,25 faizində etibarlıdır

   Ermənistanın verdiyi məlumatlar minalı ərazilərin 1,25 faizində etibarlıdır
  03 Dekabr 2022    Oxunub:546
Ermənistanın minalarla bağlı təqdim etdiyi məlumatlar ərazilərin cəmi 1,25 faizində etibarlıdır.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin BMT-nin Baş katibinə məktubu və Ermənistan tərəfindən Azərbaycan ərazisində piyadalar əleyhinə yeni minalar yerləşdirilməsi barədə məruzəsində qeyd edilib.

"Ermənistan beynəlxalq təzyiq nəticəsində 2020-ci ilə qədər minalanmış sahələr barədə bəzi məlumatları təqdim edib. Həmin informasiya 390 709 ədəd tank əleyhinə və piyadalar əleyhinə yerüstü mina və digər partlayıcı qurğular barədədir", - məruzədə bildirilib.

Qeyd edilib ki, bu məlumatlar Azərbaycanın işğaldan azad edilmiş bütün rayonlarının cəmi 5 faizini və Azərbaycanda minatəmizləmə fəaliyyətinin qiymətləndirilməsi haqqında 2022-ci il dekabr ayı üçün Birləşmiş Millətlər Təşkilatının minatəmizləmə xidməti və inkişaf proqramı tərəfindən hazırlanmış hesabatda əks olunmuş yüksək təhlükəli olması təsdiqlənmiş rayonların üçdəbir hissəsindən azdır. Məruzədə deyilir ki, əslində minalanmış sahələr barədə Ermənistan tərəfindən təqdim olunmuş məlumatların yalnız 25 faizə yaxın hissəsi mötəbər olub. Buradan belə nəticə çıxır ki, işğaldan azad edilmiş ərazilərin yalnız 1,25 faizə yaxın hissəsində minalanmış sahələr barədə məlumatı etibarlı hesab etmək olar.

AzVision.az


Teqlər:





Xəbər lenti