Lavrovun bəyanatından sonra açılan yeni mənzərə - TƏHLİL

   Lavrovun bəyanatından sonra açılan yeni mənzərə -    TƏHLİL
  04 Dekabr 2022    Oxunub:7365
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun cümə axşamı keçirdiyi mətbuat konfransında dedikləri açıq şəkildə göstərir ki, Rusiya Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu birmənalı qəbul edir. Bundan sonra qaranlıq otaqda qara pişik axtaran separatçıların kürkünə birə düşüb. Çünki Lavrov Putinlə razılaşdırmadan belə bir bəyanat səsləndirməzdi.
“...Ermənistan və Azərbaycanın Praqada razılaşması ilə məsələ asanlaşdı. Əbəs yerə deyil ki, Ermənistan rəhbərliyi son vaxtlar statusdan yox, Qarabağda erməni əhalisinin hüquqlarının təmin edilməsinin zəruriliyindən danışır. Azərbaycan tərəfi bunu müzakirə etməyə, ölkənin digər vətəndaşlarının malik olduğu hüquqların bütün təminatlarını verməyə hazırdır”,- deyə Lavrov bildirmişdi.

Keçən ay Kreml Lavrovun dili ilə Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsinin zəruri olduğunu, Qarabağ məsələsinin müzakirəsinin isə sonraya saxlanılmasını təklif edirdi. Bu təklif Ermənistanı qane edirdisə, Azərbaycan hətta müzakirə etməyəcəyini dərhal bildirdi. Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə görüşündə məsələyə nöqtə qoydu.

Sərhəddə və rus kontingentin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindən Əsgərimizə atəş açılmasının intensivləşdiyi, əraziyə silah-sursat, texnika, mina və diversantların daşınmasını təmin edildiyi və növbəti eskalasiyanın demək olar ki, qaçılmaz göründüyü bir vaxtda Moskvanın mövqeyində dəyişiklik oldu.
Bu dəyişiklik ilə həm rus kontingentinin Qarabağdakı fəaliyyəti, həm də Rusiya müdafiə nazirliyinin toponimlərimizi təhrif etməsi fonunda Kremldən Lavrovun İrəvanı pis vəziyyətdə qoyacaq yeni bəyanat verməsi əslində Azərbaycanın daha əvvəl səsləndirdiyi sülh təklifləri çərçivəsinə daha yaxındır. Moskvanın son təklifini Ermənistanın “Lavrov kimi qohumun başına daş düşəydi” balladası da adlandırmaq mümkündür.

Ermənistan tərəfi hazırkı dövrdə ordusunun döyüş imkanlarını bilir, qüvvələr nisbəti arasındakı dərin uçurumu görür və buna görə də reallığı qəbul etməkdən başqa əlacı yoxdur. Moskva üçün Azərbaycan və Türkiyə ilə əməkdaşlıq istənilən variantda daha maraqlıdır. Ermənistan isə 2 ildir özünə yeni “sahib” axtarır.

Putinin Paşinyana hədsiz qəzəbli olduğu da sirr deyil. Onun İrəvanda KTMT-nin yekun bəyannaməsini imzalamaqdan imtina etməsi Moskvanın üzünə söymək kimi bir şey idi. Amma Ermənistan cəmiyyəti baş nazirin bu təhlükəli mövqeyini dəstəkləyib. Putini İrəvanda aşkar təhqir edənlər də çox oldu. Mütəşəkkil təhqiretmə aksiyaları Nikolun yaxınları tərəfindən təşkil edilmişdi.

Ermənistan KTMT-yə üzv dövlətlərin başçıları İrəvana gəldikdən sonra da tələb edirdi ki, onlar sentyabr əməliyyatlarına siyasi qiymət versinlər. KTMT üzvləri isə nəinki hadisələrə siyasi qiymət vermədilər, hətta Paşinyanın çıxışına qulaq asmadılar. Beləliklə, Nikolu öz evində rəsmən tapdaladılar. Bu isə bir daha onu göstərir ki, nə Ermənistan, nə onun sərhədləri, nə də Paşinyan və onun təhqir olunmuş nüfuzu KTMT-ni qətiyyən maraqlandırmır. Səbəbi isə sadədir: İrəvan KTMT üzvlərinin Azərbaycanla münasibətlərini uğursuz bir şəkildə korlamağa çalışır. Halbuki KTMT üzvləri Ermənistanın Azərbaycanın 8 kəndinin indiyə qədər işğalda saxlamasına da siyasi qiymət verə bilər. Bu kəndlərin hələ də qaytarılmaması Ermənistana növbəti “Dəmir Yumruq” zərbəsi ehtimalını maksimuma çatdırır.

Əslində müharibədə məğlub olan, diz çöküb sülh dilənən Ermənistanın hələ də Azərbaycana aid əraziləri işğal altında saxlaması, kapitulyasiya aktı ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, Azərbaycan torpaqlarından qoşunlarını tam həcmdə çıxarmaması, yenidən intensiv şəkildə silahlanması heç bir halda fərari orduya malik işğalçı ölkənin daşıya biləcəyi yük deyil. Bu faktların hər biri Ermənistanın birgə Bəyanatın şərtlərini yerinə yetirmədiyini göstərir. O halda Azərbaycan Əsgəri növbəti dəfə Ermənistanın kövrək çiyinlərini daşıya bilmədiyi yükdən azad etməli olacaq.

Paşinyanın getdikcə daha çox Qərbə doğru istiqamət alması və Ermənistan ərazisində Aİ missiyasına razılıq verməsi də Moskvanın xoşuna gəlmir, çünki ruslar buradakı mövqelərini itirmək niyyətində deyillər. Ermənistanın pulsuz olanda silahı Rusiyadan, vəsait tapılanda isə Hindistandan alması, Paris və Vaşinqtonla kommunikasiya amplitudasını artırması kimi faktlar da Kremli qane etmir və hətta qıcıqlandırır.

Amma Ermənistan ərazisində rusların hərbi bazası olduğunu, sərhədlərini və beynəlxalq hava limanlarını rus sərhədçilərinin qoruduğunu və xarici siyasət vektorunun Qərbə, daxili siyasət vektorunun İrana istiqmətlənməsini nəzərə alsaq, yaxın perspektivdə ABŞ səfiri Treysinin dediyi kimi, “daha parlaq gələcəyə doğru irəlləmək” əvəzinə “hibrid poliqona” çevriləcəyini ehtimal edə bilərik.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az



Teqlər: Rusiya   Ermənistan  





Xəbər lenti