Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, Fransa Prezidentinin Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərdə çox əlamətdar hadisədir. Bu səfər əlaqələrimizin inkişafına çox güclü təkan verəcək. Hər bir sahə üzrə konkret proqramlar var, sənədlər imzalanıb: “Bu, bizə imkan verəcəkdir ki, Fransa-Azərbaycan əlaqələri çoxşaxəli formada inkişaf etsin. Bu, həm ikitərəfli əlaqələrimiz üçün yeni imkanlar yaradır, regional əməkdaşlıq üçün yeni üfüqlər açır, eyni zamanda, Avropa-Azərbaycan əlaqələrinin inkişafı üçün də Fransa-Azərbaycan əlaqələri çox mühüm rol oynayır. Çünki Fransa Avropanın aparıcı dövlətidir və Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafında əlbəttə ki, Fransanın xüsusi yeri və rolu var.
İqtisadi sahəyə gəldikdə, mən çox şadam ki, Azərbaycan Fransanın Cənubi Qafqazdakı birinci ticarət tərəfdaşıdır. Bizim ticarət dövriyyəmiz 2 milyard dollara yaxınlaşır. Əldə edilmiş razılaşmalar və imzalanacaq müqavilələr nəticəsində bu rəqəm daha da artacaq. Təbii ki, biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Hesab edirəm ki, indiki ticarət dövriyyəsinin həcmi yaxşı bir başlanğıcdır. Bunu artırmaq üçün konkret imkanlar və müştərək siyasi iradə var”.
Prezidentin sözlərinə görə, Azərbaycanda 50-dən çox Fransa şirkəti fəaliyyət göstərir - həm investorlar, həm podratçı-kontraktorlar kimi. Biz Fransa şirkətlərini Azərbaycanda daha da böyük həcmdə iş görməyə dəvət edirik.
Fransa Prezidenti Fransua Olland bildirib ki, bu səfərə mühüm siyasi məsələləri müzakirə etmək, təxirəsalınmaz mövzular haqqında danışmaq, o cümlədən tərəfdaşlığımızın yeni istiqamətlərini müəyyən etmək üçün gəlib: “Əslində, istər Azərbaycan, istərsə də Fransanın maraqlarına gəldikdə, biz uzun perspektivli planlara malikik. Beləliklə, həmin planları məzmunlu etmək üçün strategiya üzərində, onun təfsilatları haqqında düşünürük. Bu işləri biz Azərbaycan üçün görürük və ölkədəki dəyişikliklərin şahidiyik. Onların miqyası böyükdür. Enerji sahəsinə sərmayələrin cəlb edilməsi istiqamətində gördüyünüz işlər təqdirəlayiqdir. Eyni zamanda, nəqliyyat, tikinti, infrastruktur, yeyinti məhsulları kimi sahələrdə gördüyünüz işlər, fikrimcə, region və bütövlükdə dünya üçün nümunəvidir. Siz ehtiyatlarınızdan lazımi şəkildə istifadə etməyi bacardınız. Neft və qazdan inkişaf layihələri üçün ən yaxşı şəkildə istifadə etdiniz.
Bizim də Fransada, həmçinin eyni planlarımız vardır. Nə etməliyik? Qarşıdan gələn on il ərzində hansı işləri görməliyik? Hansı üstünlüklərə malik olmalıyıq? Gələcək üçün hansı perspektivli sənaye sahələrini müəyyən etməliyik, o sahələrdə ki, Fransa liderə çevrilsin. Biz “Fransa-34” sənayeləşmə planını tərtib etmişik. Onları dost ölkələrlə birgə həyata keçirmək fikrindəyik. Bundan əlavə, Azərbaycan kimi böyük inkişafda olan ölkələrlə də uzunmüddətli tərəfdaşlıq qurmalıyıq. Bu işlə məhz bu gün məşğuluq, yəni, uzunmüddətli strategiyanı müəyyən edirik.
Siz Fransa ilə Azərbaycan arasında mübadilələri bu gün xatırlatdınız. Mən bunu sevinc hissi ilə qarşıladım. İxracımız dayanmadan artır. Son bir il ərzində bazardakı payımız iki dəfə artıb. Hazırda o, Azərbaycan bazarının 4 faizini təşkil edir. Eyni zamanda, biz ölkənizin yeddinci təchizatçısıyıq. Onda, mənə belə gəlir ki, məqsədə nail olmuşuq. Məramımız daha böyük nəticələrə nail olmaqdır.
Birinci sahə enerji sahəsidir. Azərbaycan həm iqtisadi, həm siyasi baxımdan strateji rol oynayır. Bu, Avropaya enerji təchizatı, onun enerji təhlükəsizliyi məsələsidir. Bu səbəbdən, mən illər boyu həmin sahələrdə işləyən fransız şirkətlərini sizinlə daha yaxından işləmək üçün buraya dəvət etdim. Mən xüsusən də “Total” və “GDF-Suez” şirkətlərinin iştirak etdiyi yeni “Abşeron” yatağını nəzərdə tuturam. Bilirəm ki, bu iki böyük fransız şirkəti layihələri gəlirli etmək məqsədilə sərmayə qoyuluşu baxımından daha çox işləri görmək arzusundadır”.
Olland deyib ki, kosmos sahəsində biz çox mühüm razılaşmalara nail olmuşuq: “İnanmaq istərdim ki, bu, bizim böyük tərəfdaşlığımızın başlanğıcı ola bilər. Çünki bunun nəticəsində bütöv telekommunikasiya sektoru dəyişəcək. Digər iri müəssisələrimiz – “Thales”, “Airbus Defense and Space” vardır. Bilirəm ki, bu müəssisələr artıq sizinlə işləyir”.
- Bir sözlə, bütün imkanlarımızla sizin yanınızdayıq. Məsələn, nəqliyyat məsələlərində yardım edə bilərik. Tullantılar məsələsi həll olunmaq üzrədir. “CNIM” kimi iri fransız şirkətləri buradadır. Beləliklə, çirkab suların təmizlənməsinə gəldikdə, digər şirkətlərimiz də səlahiyyətinizdədir. Eyni zamanda, sizi rəqəmsal məhsullar sahəsində müşayiət etməyə hazırdırlar. Çünki reallıqda sabahın, ümumiyyətlə, gələcəyin şəhəri elə bir məfhumdur ki, biz onu ixtira etməliyik. Yəni, yeni yaşayış tərzini formalaşdırmaq üçün bütün bu texnologiyalar bir araya gətirilməli, eyni məqsədə xidmət etməlidir. Gələn illərdə Bakı və istədiyiniz digər şəhərlər də var ki, onları inkişaf etdirmək istəyirsiniz. Bu sahədə də tələbatınıza cavab vermək üçün biz bütün imkanlarımızdan istifadə etməyə hazırıq,- deyə Olland əlavə edib.