"Üçəm qızları olan ailəyə ünvanlı yardım veriləcək" - Nazirlik

   "Üçəm qızları olan ailəyə ünvanlı yardım veriləcək" -    Nazirlik
  06 Dekabr 2022    Oxunub:341
Şəmkir rayonunda üçəm qız uşaqlarının doğulduğu və hazırda 6 qız uşağının olduğu Məmmədovlar ailəsinin sosial dəstəklə təmin olunması diqqətdə saxlanılır.
Bu barədə AzVision.az -ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlum at verilib. Bildirilib ki, nazirliyin əməkdaşları ailəni ziyarət edib, üçəmlərin doğum haqqında şəhadətnamələrinin və şəxsiyyət vəsiqələrinin alınması üçün ailəyə köməklik göstərilib.

Ailəyə üçəmlərin hər biri üçün uşağın anadan olmasına görə 300 manat olmaqla ümumilikdə 900 manat birdəfəlik müavinət hələ ötən ayın sonlarında e-sistem üzərindən proaktiv qaydada təyin edilib.

Həmçinin beşdən çox uşağı olan ailə olduğu üçün üçəmlər 1 yaşına çatdıqda hər uşağa görə 70 manat, ümumilikdə 420 manat aylıq müavinət proaktiv qaydada təyin olunacaq".

Nazirlikdən qeyd edilib ki, Məmmədovlar ailəsinin ünvanlı sosial yardım almasına köməklik edilməsi üçün də işlər aparılır. Belə ki, uşaqların atası, avtoyuma məntəqəsində qeyri-rəsmi işləyən Vüqar Məmmədovun istisna hal kimi 8 yaşadək uşağa qulluq edən şəxs kimi nəzərə alınmasına müvafiq köməklik ediləcək.

"Yeni doğulmuş üçəmlər üçün şəxsiyyət vəsiqəsi alındıqdan sonra ailənin ünvanlı dövlət sosial yardımı ilə bağlı elektron qaydada müraciətinə və maddi-məişət şəraitinin müayinəsinin tezləşdirilərək təyinat aparılmasına əməli dəstək göstəriləcək.

Həmçinin uşaqların atası Vüqar Məmmədova özünüməşğulluq proqramına cəlb edilməsi, proqramın dəstəyi ilə avtoyuma xidməti üzrə təsərrüfat sahəsini yaratması təklif edilib. O, təklifə uyğun olaraq yaxın günlərdə özünüməşğulluq proqramına cəlb edilmək üçün müraciət edəcəyini bildirib".

Nazirlikdən vurğulanıb ki, ümumiyyətlə, üçəmlər, yaxud dördəmlər doğulan ailəyə hər bir uşaq üçün uşağın anadan olmasına görə birdəfəlik müavinət verilir. Uşaqların sayı 5-dən çox olduqda hər uşağa görə aylıq müavinət təyinatı həyata keçirilir.

Belə ailələrin sosial yardımla təmin edilməsinə, onların əmək qabiliyyətli, lakin işsiz ailə üzvləri olduğu halda onların məşğulluq məsələlərinin həllinə də dəstək göstərilir.

Qeyd edək ki, Şəmkirin Dəllər Cırdaxan kəndində yaşayan Məmmədovlar ailəsinin ötən ay üçəm qızları dünyaya gəlib. Onların həmçinin 9, 7 və 4 yaşlarında 3 qız övladı var. Ümumilikdə, 6 qızları olan gənc valideynlər bütün çətinliklərə baxmayaraq, bundan sonra da övlad sahibi olmağı arzulayırlar.

Aytən Zəhra
AzVision.az

Teqlər:







Xəbər lenti