Xocalıda sülhməramlılarla danışıqlar başa çatıb - YENİLƏNİB-3 - VİDEO

 Xocalıda sülhməramlılarla danışıqlar başa çatıb -  YENİLƏNİB-3 - VİDEO
  07 Dekabr 2022    Oxunub:6102
Azərbaycan nümayəndələri ekoloji monitorinq aparmaqla bağlı Xocalıda danışıqlar aparıb, görüş konstruktiv ruhda keçib.
Bu barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə məlumatında bildirilib. Qeyd edilib ki, 2022-ci il dekabrın 3-də keçirilmiş müzakirələrin davamı olaraq, dekabrın 7-də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı Xocalıda Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə görüş keçirib:

"Görüş zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri müzakirə edilib. Görüş konstruktiv ruhda keçmişdir. Aidiyyəti üzrə təmaslar davam etdiriləcək. İctimaiyyətə əlavə məlumat veriləcək".

***

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarından ibarət təbii ehtiyatların qanunsuz istismarını araşdıracaq monitorinq qrupunun Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə müzakirələri başa çatıb.

Monitorinq qrupunun Rusiya sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkovla danışıqları sülhməramlıların Xocalıdakı qərargahında baş tutub. Monitorinq qrupunun üzvləri danışıqlardan sonra Şuşaya qayıdıb.

Qeyd edək ki, dekabrın 3-də Xocalıda, Rusiya sülhməramlı qüvvələrinin qərargahında keçirilmiş müzakirələrin nəticəsi olaraq qeyd olunan fəaliyyət istiqamətləri üzrə ərazidə işlərin aparılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti qurumların iştirakı ilə yol xəritəsinin hazırlanmasına başlanılıb.

***

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət qrup Qarabağda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərdə ekoloji monitorinqlərinin aparılması üzrə danışıqların ikinci mərhələsinin keçirilməsini planlaşdırır. Bununla bağlı nümayəndə heyəti Xocalı rayonundadır.

AzVision.az xəbər verir ki, bu barədə İctimai Televiziya (İTV) məlumat yayıb.

Bir neçə gün bundan əvvəl danışıqların birinci mərhələsi baş tutmuşdu. Danışıqlar əvvəl Xankəndi-Laçın yolunda Rusiya sülhməramlı kontingenti ilə müəyyən müzakirələr başlasa da, daha sonra Xocalı şəhərində Rusiya sülhməramlı kontingentinin baş qərargahında danışıqlar davam edmişdi. Rusiya sülhməramlı kontingenti Azərbaycan tərəfinin təkiliflər paketini qəbul edib və monitorinqlərin aparılması razılaşdırılı . Hazırda nümayəndə heyəti Xocalıda əlavə danışıqların aparılmasını planlaşdırır. Monitorinqlərin ən yaxın zamanlarda baş tutması nəzərdə tutulur.



***
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları dekabrın 3-də keçirilmiş görüşün davamı olaraq bu gün Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə müzakirələri davam etdirəcəklər.

Nümayəndələrin Rusiya sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkovla danışıqları sülhməramlıların Xocalıdakı qərargahında baş tutacaq.

Danışıqlarda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində aparılan qeyri-leqal iqtisadi fəaliyyətlər çərçivəsində faydalı qazıntıların qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı yataqlarda və müvafiq digər məntəqələrdə monitorinq, əmlakın inventarizasiyası və ekoloji araşdırma işlərinin aparılmasının vacibliyi diqqətə çatdırılacaq.

Qeyd edək ki, dekabrın 3-də Xocalıda, Rusiya sülhməramlı qüvvələrinin qərargahında keçirilmiş müzakirələrin nəticəsi olaraq qeyd olunan fəaliyyət istiqamətləri üzrə ərazidə işlərin aparılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti qurumların iştirakı ilə yol xəritəsinin hazırlanmasına başlanılıb.(APA)



AzVision.az


Teqlər:





Xəbər lenti