Elçibəy niyə komandasındakı KQB agentini ifşa etməyə qoymayıb?!

 Elçibəy niyə komandasındakı  KQB agentini ifşa etməyə qoymayıb?!
  09 Dekabr 2022    Oxunub:3706
Tanınmış jurnalist Mirşahin Ağayev müəllifi və aparıcısı olduğu “Mirşahinin vaxtı” verilişində növbəti dəfə Tehranın Bakıya olan münasibətini və 90-cı illərin əvvəllərində Azərbaycanda hakimiyyətdə olmuş dağıdıcı qüvvələrin hələ də ölkəmizə təhlükə törətmələrini tənqid edib.
AzVision.az xəbər verir ki, aparıcı molla rejiminə bağlı qüvvələrin iç üzünü açıb göstərərkən “İranın yalnız İran deyil, həm də 1993-cü ildə hakimiyyətdən qovulmuş səriştəsiz və məsuliyyətsiz toplunun bugünədək çabalayan, sürünən, bir gün bir, o biri gün başqa “importnı” boşqab hüzurunda dil növbəsi gözləyən buradakı bizimkilərdir” deyib.
O İrandan asılı xain qüvvələrin Tehrana sığınmış milli satqınlarımız və iranlı ruhanilərlə paralel, planlı fəaliyyət göstərmələrinə də diqqət çəkib.


“Qaragüruh tör-töküntüsü Tale Bağırzadənin həbs olunduğu müddətdə daha çox Əli Kərimli, Rüfət Səfərov, Sevinc Osmanqızı və bu formatda başqa fiqurların xidmətindən istifadə edirdilər. Yeri gəlmişkən, “Allahı söyürdülər” kampaniyasında Tale Bağırzadə də həbsxanadan öz səviyyəsində imkanları daxilində iştirak edirdi”,- aparıcı qeyd edib.

Bundan başqa, Mirşahin Ağayev 90-cı illərdə ölkədə xaos yaradan siyasi qüvvələrlə bağlı da maraqlı və diqqət çəkən xatırlatmalar edib:
“Cəbhə-Müsavat tandemi nümayəndələrinin hakimiyyətə güc yolu ilə gələndə verdikləri bəyanatı yaxşı xatırlayıram: “Azərbaycanda inqilab olub, Xalq Cəbhəsinin hakimiyyətə gəlməsi xarici ölkələrlə də razılaşdırılıb”. Bu, Müsavatın indiki rəhbəri Arif Hacılını sözləridir. Elə buna görə də onların hakimiyyəti dövründə xarici səfirlər dövlətimizin qapısını təpiklə açırdılar. Ölkənin taleyi Azərbaycanda deyil, hansısa ölkənin Bakıdakı səfirliyində həll edilirdi. Müstəmləkə altında olmaq, kölə-kənizlik təfəkkürü bu insanlarda indi də qalmaqdadır. Kimin əlinin hansı səfirliyin qapısının cəftəsində olması, kimin kimə işləməsi bilinmirdi”.

Verilişdə 92-93-cü illərdə Elçibəy-İsa Qəmbər iqtidarında milli təhlükəsizlik nazirinin birinci müavini vəzifəsində çalışmış Sülhəddin Əkbərin sensasiya sayılacaq, amma nədənsə diqqətdən kənarda qalmış müsahibəsindən bir hissə də təqdim olunub. Sülhəddin Əkbər deyib: “Mən araşdırmalara başladım və bəlli oldu ki, yeni hakimiyyətdə, bizim bu gün də "milli" dediyimiz hakimiyyətdə milli olmayan, zamanında “KQB” ilə əməkdaşlıq etmiş xeyli sayda rəhbər vəzifələrdə çalışan şəxslər var. Həm qanunverivici, həm də icra strukturlarındakı ən yüksək şəxslər haqqındakı məlumatlar topladım. Bu barədə əlimlə (əlyazma ilə - red.) siyahı tərtib etdim ki, onun heç yerdə izi qalmasın. Çünki bu çox məxfi bir məsələ idi. Birbaşa prezidentə məruzə etdim. Prezident mənə cavab vermədi, həftələrlə, hətta aylarla gözləməli oldum. Siyahını vermişəm və heç bir irəliləyiş yoxdur. Həmin dövrdə ən yaxın İsa Qəmbərlə münasibət qururdum, onunla məsləhətləşmələr keçirirdim. O da əsəbləşirdi ki, artıq nələrsə düz getmir”.

Maraqlıdır ki, daha sonra Elçibəyin həmin KQB agentlərindən birini bərk-bərk müdafiə etməs faktı ortaya çıxır. Sülhəddin Əkbərin açıqlamasından belə anlaşılır ki, o dövlət başçısına açıq faktlar təqdim etsə də, Elçibəy onları nəinki müdafiə edib, hətta bəzilərinə bu məxfi məlumatın özünü çatdırıb: “ Nazir müavini ona KQB ilə əməkdaşlıq etmiş yüksək vəzifə tutan adamlar haqqında məlumat verir, bu adam isə müvafiq tədbir görmək əvəzinə həmin şəxslərin bir hissəsinə deyib ki, “Sülhəddin sizin barədə məlumatlar verir, siz isə onun nazir təyin olunmasını istəyirsiniz”. Günlərin birində isə məni dəvət etdi və o görüşdə yalnız ikimizin olacağını dedi. Bir neçə saatlıq uzun söhbət oldu və məndən müəyyən şərtlərlə arxivlərin açılmasına razılığın verilməsi istənildi. Bu şərtlər həmin haqqında danışdığım agentura ilə bağlı idi. Qəti şəkildə bunu edə bilməyəcəyimi və istefa verməyə hazır olduğumu dedim. Məndən istəyirdilər ki, həmin agent şəbəkəsinin adları açıqlanmasın”.

Mirşahin Ağayev bu cür anormal sistemlə idarə olunan dövlətə marginalların, agentlərin rəhbərlik etməsini boşuna xatırlatmayıb: "Bu gün də eyni mahiyyətə malik qüvvələrin Kərimli-Gültəkin-Yaqublu-Osmanqızı sektorunun hakimiyyət uğrunda mübarizəsi həmin kölə-kəniz psixologiyasına söykənir".
AzVision.az




Teqlər:





Xəbər lenti