Azərbaycanda 478 hərbçiyə yeni ev veriləcək

Komissiyanın sədri, maliyyə naziri Samir Şərifov bildirib ki, Ali Baş Komandanın daim xüsusi diqqət və qayğısı sayəsində hərbi qulluqçuların sosial-məişət şəratinin yaxşılaşdırılması, mənzillə təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görülməkdədir. Bu tədbirlərin həyata keçirilməsi üçün hər il dövlət büdcəsinin imkanları daxilində müvafiq məbləğdə vəsait ayrılır. Ötən müddət ərzində Silahlı Qüvvələrin yüzlərlə hərbi qulluqçu dövlətin bu mühüm sosial proqramından bəhrələnərək mənzillərlə təmin olunub.
Komissiyanın iclasında Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş siyahı əsasında hazırda mənzil növbəsində olan 478 nəfər hərbi qulluqçunun Bakı şəhərində və Naxçıvan MR-da tam təmirli mənzillərlə təmin olunması barədə qərarlar qəbul edilib. Qeyd olunub ki, onlardan 20 nəfəri şəhid olmuş hərbi qulluqçuların ailələridir.
Ümumilikdə, dövlət başçısının fərmanının icrasının həyata keçirilməsi sayəsində bu günə qədər dövlət vəsaiti hesabına 20 il və daha çox xidmət etmiş 2 min 686 nəfər hərbi qulluqçu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən isə 26 şəhid olmuş hərbi qulluqçu ailəsi mənzillərlə təmin olunub.
İclasda, həmçinin, Müdafiə Nazirliyinin təqdim etdiyi siyahı əsasında mənzil almaq hüququ qazanan növbəti 942 nəfər hərbi qulluqçu mənzil növbəsinə alınıb və beləliklə, mənzil növbəsində duran hərbi qulluqçuların ümumi sayı 2 min 302 nəfərə çatıb.
AzVision.az
Teqlər: