Şagirdləri "küncə" qoyan müəlliməyə töhmət verildi

   Şagirdləri "küncə" qoyan müəlliməyə töhmət verildi
  14 Dekabr 2022    Oxunub:968
Bakı şəhəri 25 nömrəli tam orta məktəbdə 1-ci sinif şagirdlərinə müəllim tərəfindən zorakılıq göstərilməsinə ayınlıq gətirilib.
Məktəbdən AzVision.az -a verilən məlumata görə, sosial şəbəkələrdə məktəbin ibtidai sinif müəlliminin şagirdlərə psixoloji təzyiq göstərməsi ilə bağlı valideyn tərəfindən yayılan məlumatla əlaqədar müvafiq araşdırma aparılıb, müəllimdən izahat alınıb. Müəllim izahatında bildirib ki, uşaqlara psixoloji təzyiq göstərməyib, şagirdlərin dərsə məsuliyyət hissini artırmaq üçün onları tənbeh edib. Digər məqamlar barədə məlumatların (şagirdlərin sanitar qovşağa buraxılmaması, onlarla kobud rəftar olunması) həqiqətəuyğun olmadığını bildirib.

Məktəb rəhbərliyi tərəfindən sinifdə təhsil alan şagirdlərin valideynləri məktəbə dəvət olunub və onlar övladlarına qarşı heç bir şiddət və ya kobud rəftarın olmadığını yazılı formada təsdiqləyiblər.

Məktəb rəhbərliyi tərəfindən uşaqlara fərdi yanaşmadığına, onların yaş xüsusiyyətini nəzərə almadığına, pedaqoji və psixoloji amillərə həssaslıq göstərmədiyinə görə müəllimə intizam tənbeh tədbiri kimi töhmət verilib. Belə hallara təkrar yol verildiyi təqdirdə daha ciddi tədbirlərin görüləcəyi bildirilib.

Qeyd edək ki, 25 nömrəkli məktəbdə 1-ci sinifdə oxuyan şagirdlərdən birinin valideyni, jurnalist Pərvanə Rasim müəllimənin uşaqları cəzalandırmasını əks etdirən foto paylaşıb.

"Şəkil sinfin müəllimi Səidə Hüseynova tərəfindən çəkilib. İbrət olsun deyə, valideyn qrupuna göndərilib. Şəklin sonunda müəllimə xanım qeyd edir ki, hər dəfə yazmayanları belə üsulla "məsuliyyətli" olmağı öyrədəcək. Uşaqları qaranlıq otağa salmaqla da hədələyib. Bu körpələrin "günahı" ev tapşırığının nə olduğunu bilmədiklərinə görə yazmaması olub. Buna görə də xeyli danlandıqdan sonra 45 dəqiqə qışın bu oğlan çağında hələ də istilik olmayan sinifdə, küncdə dayanmağa məcbur edilərək, digər dərslərin izahında iştirak etməkdən məhrum ediliblər. Normalda uşaqlar təbii ehtiyaclarını ödəmək istəyəndə belə Səidə xanımın xoşuna gəlmir. Çox vaxt icazə vermir".

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti