Erkin Qədirlinin iki səhvi

Erkin Qədirlinin iki səhvi
  13 May 2014    Oxunub:1587
Vüsal Məmmədov

Mən Erkin Qədirlini çoxdan – 1998-ci ildən tanıyıram və o zamandan bugünə kimi həmişə onun erudisiyasına, intellektinə hörmətlə yanaşmışam. Eyni zamanda, həmişə də bir üzgünlük içində oluşam ki, niyə bu qədər intellektli bir insan öz yerini hər dəfə səhv seçir?
Erkin müəllimə yalnız bircə şey - öz yerini düzgün seçmək lazım idi ki, onun savadı özünə də, cəmiyyətə də xeyir gətirsin. Amma o, hər dəfə yanılır və yanlış ünvanlara üz tuturdu.

Müxtəlif beynəlxalq layihələri, QHT-ləri yenə də haradasa anlamaq olar, amma onun siyasətə qoşulmasını və müxalifətə meyillənməsini heç cür anlamaq mümkün deyildi. Çünki həmin düşərgədə intellektə və intellektual insanlara nə yer var, nə də ehtiyac; ora intriqalar, qalmaqallar, pərdəarxası oyunlar düşərgəsidir. Erkin Qədirli isə bunları bacaracaq bir adam deyil. O, ziyalıdır; buna görə də yeri meydan, küçə, siyasi kluarlar yox, kabinetdir.

Doğrudanmı, özü bunu başa düşmürdü? Yəqin ki, düşürdü, necə ki, ötən il bir mitinqdə çıxışından sonra bu işin ona görə olmadığını etiraf etmişdi. Təəssüf ki, o zaman bu etirafını məntiqi sonluğuna qədər inkişaf etdirə bilmədi.

Erkin müəllimi Azərbaycanda müxalifətdə olan heç bir siyasətçi ilə birgə təsəvvür etmək mümkün deyil. Nə hiyləgər Qəmbərin, nə psevdointellektual Namazovun, nə populist Kərimlinin... Yeni yetişməkdə olan gənc qaragüruhçular dəstəsini isə heç yada salmaq da istəmirəm. Bütün hallarda o, Ostap Benderin yanındakı Kisa təsirini bağışlayacaqdı, halbuki, bu rol ona görə deyil. Erkin Qədirli ciddi, vicdanlı, samballı, ölkə üçün həqiqətən nəsə etmək istəyən bir qüvvənin yanında olmalı idi. Belə mərkəzin harada olmadığı isə birmənalı şəkildə aydındır: ora müxalifət düşərgəsində deyil.

Bəli, Erkin müəllimin iki səhvi var: 1) naturaca siyasətçi olmadığı halda siyasətçi olmağa çalışmağı və 2) hər dəfə öz yerini səhv seçməyi.
Birincini səhvini son zamanlar başa düşmüşdü. İkinciyə gəlincə, əgər müxalifətdəki ən savadlı, ən mədəni mərkəz REAL sayılırdısa və buna baxmayaraq, hətta orada da daxilli çəkişmələr, intriqalar varsa, buradan bir məna çıxır: müxalifətdə intellektual insanlara yer yoxdur. İntellektli insanlar bunu zamanında anlamalı və özlərini reallaşdırmaq üçün əvvəlcədən ayrı müstəvi axtarmalıdırlar.

Azərbaycan müxalifətini illərdir müşahidə edən jurnalist kimi bilirəm ki, orada hansı prinsiplər işləyir. Orada çərçivələr xeyli dardır və o çərçivələrə sığışa bilməyən adam gec-tez düşərgəni tərk etməlidir. O mənada, əslində Erkin Qədirlinin indiyə qədər müxaliflərlə bir yerdə qala bilməsi təəccüb doğurur. O, niyə buna getmişdi ki? Axı yəqin ki, ona samballı və ciddi təkliflər də olub, sadəcə, vaxtında düzgün dəyərləndirə bilməyib.

İndən sonra bütün savadlı insanlara ancaq bunu arzulamaq qalır ki, Erkin müəllimin səhvini təkrarlamasınlar. Onun özünə isə bu dəfə ciddi və məsuliyyətlə seçim etməyi, doğru yer seçməyi diləmək. Elə bir yer ki, orada onun savadı və qabiliyyəti ölkəyə real fayda gətirə bilsin.


Teqlər:  





Xəbər lenti